Bakının Xəzər rayonunda qadın odlu silahla ailə üzvlərini hədələyib.
Teleqraf.com xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsi, H.Aslanov küçəsi, Bağlar sahəsində qeydə alınıb.
1972-ci il təvəllüdlü Aybəniz Quliyeva “Vinçester” markalı ov tüfəngi ilə ailə üzvlərini hədələyib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Aybəniz Quliyevadan silahı alıb.
Bundan sonra Aybəniz Quliyeva Daxili İşlər Nazirliyinin 102 xidməti ilə əlaqə saxlayaraq polisin ondan götürdüyü silahı qaytarmadığı halda intihar edəcəyini bildirib.
Daha sonra Aybəniz Quliyeva Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə gətirilib. Orada qadının sərxoş olması üzə çıxıb. Həmin vaxt Aybəniz Quliyeva polisin qanuni tələblərinə məhəl qoymayaraq polis bölməsində səs-küy salıb, bölmənin iş rejimini 20 dəqiqə pozub.
Bu səbəbdən Aybəniz Quliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə protokol tərtib edilib.
Hacı Zeynalov