23 Dekabr 2015 01:10
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Baş naziri Matteo Renzinin Livana səfəri başlayıb. Səfər çərçivəsində M.Renzi Livanın dövlət və hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirib. O, eyni zamanda, BMT-nin Livandakı sülhməramlı missiyasında (UNIFIL) iştirak edən italiyalı hərbçilərlə görüşüb.

Livanın baş naziri Tammam Salam ilə keçirdiyi görüşdən sonra M.Renzi Livanın olduqca önəmli və maraqlı bir regionda yerləşdiyini deyib və Avropanın bu bölgəyə daha çox diqqət ayırmasının vacibliyini vurğulayıb. T.Salam isə öz növbəsində Livanın Suriyadan axın edən qaçqınlarla bağlı çətinliklərin öhdəsindən gəlmək üçün Avropanın köməyinə ehtiyac duyduğunu qeyd edib.

İtaliyalı əsgərlərlə görüşündə M.Renzi sülhməramlı qüvvələrin tərkibində cəsarətlə xidmət edən hərbçilərlə İtaliyanın qürur duyduğunu bildirib və onlara bu çətin, lakin bəşəriyyət üçün mühüm önəm kəsb edən işdə uğurlar diləyib.

İtaliya hökumətinin başçısı səfər çərçivəsində Livandakı qaçqınlar düşərgəsinə baş çəkəcək, UNICEF-in qaçqınlar üçün yaratdığı məktəbi və Beyrut Milli Muzeyini ziyarət edəcək./Report.az/


Müəllif: