24 Dekabr 2015 00:38
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Əgər buna nail olsaq, onda neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, indiki vəziyyətdə hökumət qarşısında əsas vəzifə qoyulub ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun: “Bu ilin yekunlarına görə inflyasiya 4 faizdən azdır. Gələn il də biz çalışmalıyıq ki, bunu ən aşağı səviyyədə saxlayaq. Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Buna görə də Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri sabit qalmalıdır. Tikinti materialları da həmçinin. Tikinti sektorunda da heç bir bahalaşmaya yol vermək olmaz. Azərbaycan özünü yanacaqla təmin edir. Ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz”.

Prezident İlham Əliyev vurğulayıb ki, rüşvətxorluq, korrupsiya, inhisarçılığa qarşı daha ciddi mübarizə aparılacaq: “Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır”.

Dövlət başçısı ictimai nəzarətin vacibliyini qeyd edib: “İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Əgər buna nail olsaq, onda neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Mən bir dəfə demişəm, biz elə iqtisadi sistem və idarəetmə sistemi yaratmalıyıq ki, neftin qiymətindən asılı olmayaq. Əgər biz asılı olsaq, hər zaman bax, bu xoşagəlməz vəziyyətlə üzləşə bilərik”.

“Əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır. Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar – bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedəcək”, deyə prezident İ.Əliyev vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər