16 Yanvar 2016 11:47
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çinin paytaxtı Pekində Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) açılış mərasimi keçirilib.

"Report" RBK-ya istinadən xəbər verir ki, açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Tszinpin də iştirak edib. Bankın açılışı bazar ertəsinə qədər davam edəcək. Bu gün həm də bankın idarəçilərinin iclası keçiriləcək ki, burada maliyyə təşkilatına prezident və Direktorlar Şurası seçiləcək.

Açılış mərasimində çıxış edən Si Tszinpin qeyd edib ki, AIIB-nin yaradılması Asiyada infrastrukturun inkişafı üçün imkanları artıracaq və regional iqtisadi inteqrasiyaya səbəb olacaq.

Qeyd edək ki, daha əvvəl "Financial Times" AIIB-nin Vaşinqtonda yerləşən Dünya Bankına potensial rəqib olduğunu yazmışdı.

Xatırladaq ki, onun yaradılması təşəbbüsü ilə 2013-cü ildə elə Çinin rəhbəri Si Tszinpin çıxış edib. 2014-ci ilin oktyabrında isə 21 ölkənin (Çindən savayı, Hindistan, Sinqapur, Vyetnam, Filippin, Monqolustan, Banqladeş, Bruney, Kamboca, Qazaxıstan, Küveyt, Laos, Malayziya, Myanma, Nepal, Oman, Pakistan, Qatar, Şri-Lanka, Tayland və Özbəkistanın) nümayəndələri yeni beynəlxalq maliyyə institutunun yaradılması haqqında saziş imzalayıb.

Hazırda isə bankın təşkilatçıları siyahısında 57 ölkənin adı var. Bura Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi Avropa ölkələri də daxildir ki, bu məqam rəsmi Vaşinqtonu əsəbləşdirmişdi.

Çin əvvəlcə bankın ilkin kapitalı kimi 50 milyard dolları özünün yatıracağını söyləmişdi. Amma sonradan bu məbləğ 100 milyarda qədər artırıldı və bölgü aparıldı: regional səhmdarlar (37 ölkə) bankın kapitalının 75 faizinə, qeyri-regional səhmdarlar (Braziliya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və başqaları) isə 25 faizinə sahib olacaq.

Bankın mənzil-qərargahı Pekində yerləşəcək.


Müəllif: