18 Yanvar 2016 16:53
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İrana qarşı sanksiyaları aradan qaldırdı. Qərblə İranın yaxınlaşması güney türklərinin taleyinə necə təsir edəcək, dünyaya neft ixrac edən İran dünyadan demokratiya idxal edə biləcəkmi?

Teleqraf.com bu mövzuyla bağlı tanınmış tarixçilərə üz tutub. Səslənən fikirləri təqdim edirik:

Dilavər Əzimli: “Mən hesab edirəm ki, bu məsələ daha çox ABŞ və Qərb maraqlarına xidmət eləyir. İranda iqtisadi vəziyyət nisbətən yaxşılaşa bilər. İran nə qədər təcrid olunmuşdusa, özünəməxsus siyasət yürüdürdü. Daha doğrusu, yaxşı şiəlikdən istifadə edərək çox güclü bir ideoloji sistem yaratmışdı. Bununla da içəridə nəyə desən nail olurdu. Artıq İran cəmiyyəti bir az açıq cəmiyyətə çevriləcək və İranın əvvəlki gücü zəifləyəcək. Bunu ABŞ gözəl hesabladı. Amma İran heç zaman demokratiya yayıcısı ola bilməz. Mən hesab eləmirəm ki, teokratik bir rejimdə demokratik təsisatlar inkişaf eləyəcək. Mən bunu gözləmirəm. Əksinə, onun əli-qolu açılacaq. Azərbaycan kimi ölkələrdə geniş fəaliyyətə başlayacaq. Amma burda bir məqam da var. Qərb bir məsələdə də qabağa düşdü. Artıq Rusiya-İran müttəfiqliyi, demək olar ki, başa çatacaq. Bu mənada Qərbin və ABŞ-ın maraqlarına uyğun olaraq Rusiyanı təcrid edib çökdürmə planı işləyəcək. Ancaq İran elə-belə dövlət deyil. Ola bilsin, İran bu pulları Suriyaya sərf edəcək. İrandan hər hansı bir demokratiyanın idxal edilməsi sadəlövhlükdür.

Güneyin taleyi isə daha çox güneydən asılıdır. Yəni orda gedən proseslərdən. Hesab edirəm ki, biz də burada bu işlər üzrə sistemli şəkildə konkret tədbirlər həyata keçirməliyik. Güney məsələsini də hesab edirəm ki, siyasi yanaşma kimi ortaya qoymalıyıq. Bu mənada biz Qərb və İran yaxınlaşmasında bu məsələləri qaldırmaqla onlara kömək edə bilərik. Yəni İran demokratik təsisatların inkişafına imkan yaratsın. Kürdlərə öz haqlarını verirsə, Azərbaycan türklərinin də haqlarını versin. Güman edirəm ki, cənubla bağlı təşkilatlar öz işlərinə yenidən baxmalıdır. Mənim də təmsil olunduğum Bütöv Azərbaycan Ocaqları bu barədə ciddi planlar həyata keçirmək istəyir. Biz yəqin ki, bu məsələni müzakirə edəcəyik. Biz bu məsələdə ola bilsin ki, Qərb, ABŞ demokratik institutlarına müraciətlər ünvanladıq ki, bəs siz bu məsələni elədinizsə, bu prosesdə də ona təziqləri artırmalısınız. Çünki onların əllərində rıçaqlar var. Onları hələ saxlayıblar. İran öz öhdəliklərinə əməl eləməsə, bu məsələ yenidən gündəmə gələ bilər.

İran artıq Qərbin qoruduğu bir şəbəkəyə girmək üzrədir”.

Paşa Oğuz: “İrandan saksiyaların qaldırılması müsbət haldır. Bunu Güney baxımından da yüksək qiymətləndirirəm. Birincisi, aydındır ki, bizim Güneydəki soydaşlarımızın bir xeyli hissəsinin iqtisadi vəziyyətinə müsbət yönlü təsir edəcək. Bu məsələnin sırf insani tərəfi. İkincisi, İran qapalı rejim halından çıxacaq. İran dünyaya açılacaq. Heç şübhəsiz ki, tədricən də olsa, demokratik təsisatlar da İrana daxil olmağa başlayacaq. Əhalinin qərb ölkələri ilə, xüsusilə Türkiyə ilə və şimalla əlaqələri siyasi əlaqələri, siyasi şərtləşmələri get-gedə dərinləşəcək. Belə bilirəm ki, İran cəmiyyətində siyasi və ideoloji baxımdan bir yumşalma başlayacaq.

İqtisadi proseslər həmişə siyasi proseslərə təsir edir. Və o təsiri yaxın gələcəkdə yəqin ki, görəcəyik. İrandan sanksiyaların ləğvi həm Şimali Azərbaycan cümhuriyyəti baxımından, onun taleyi baxımından, həm Qarabağ məsələsi baxımından, həm də güneydəki soydaşlarımızın taleyi baxımından çox əhəmiyyətli məsələdir.

İranın demokratik dünyadan təcrid olunması onun istər-istəməz Rusiya ilə daha sıx birləşməsinin, eyni platformaya oturuşmasına gətirib çıxardırdı . Bu məsələdə isə Rusiyanın iqtisadi və siyasi maraqlarından xəbər vermədiyindən, yəni İran neftinin dünyaya çıxması neft qiymətlərinin aşağı saldığına görə və bu da Rusiyanın iqtisadi vəziyyətinə bilavasitə çox böyük bir zərbə olduğuna görə təbii ki, Rusiya ilə İranı bir platformadan çıxardacaq, uzaqlaşdıracaq. Bizim də Qarabağ məsələsində Şimali Azərbaycana təzyiqlərdə də aydın məsələdir ki, birinci yerdə Rusiya gedir. Bu məsələdə elə bilirəm ki, çox böyük şans var. Belə ki İranla Rusiya müttəfiqlikdən çıxacaqlar. Ən azı əvvəlki o sıx münasibəti mövcud olmayacaq. Bu da Azərbaycan cümhuriyyətinin, eləcə də güneylilərin xeyrinədir. İran hətta Türkiyəylə yaxınlaşacaq”.

Firudin Cəlilov: “Mən güman edirəm ki, İran üzərindən sanksiyaların ləğvinin mənfi nəticələrindən çox müsbət nəticələri olacaq”.

Sərvər Şirin


Müəllif: