25 Yanvar 2016 16:31
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi, general İqor Serqun bu il yanvarın 1-də Livanda öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu iddianı "Stratfor" analitik-kəşfiyyat şirkəti iddia irəli sürüb. Şirkət bir müddət əvvəl Serqunla bağlı yayılan xəbərlərin yalan olduğunu aşkar edib: "Rəsmi mənbələr Serqunun yanvarın 3-də Moskvada həyatını itirdiyini yazmışdılar. Lakin bu, doğru deyil, o, Livanda öldürülüb. Və buradan belə bir sual meydana gəlir: Serqun bu ölkəyə hansı məqsədlə getmişdi və niyə görə rəsmi mənbələr bu məsələni gizlədirlər?"

"Stratfor" generalın ölümünü güc strukturları arasında nüfuz uğrunda mübarizənin nəticəsi kimi qiymətləndirib: "Güc strukturlarının qarşıdurması - Putinin və onun administrasiyasının ölkədəki parlament seçkiləri ərəfəsində ən yaralı yeridir".

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Serqunun Livanda öldürülməsini inkar edib: "Bu yalan məlumatdır". Rusiyanın Silahlı Qüvvələrinin Qərargahı da faktı təkzib edib: "İqor Serqunun ölümünü bəziləri siyasiləşdirməyə çalışır, çoxlu spekulyasiya olacaq".

Rusiyalı politoloq Andrey Piontkovski isə bu məsələyə fərqli mövqedən yanaşıb: "Krımın ilhaq edilməsində məsuliyyət daşıyan şəxsin ölümü diqqəti özünə cəlb edir. Ancaq bizdə vəziyyəti dəyərləndirmək üçün heç bir dəqiq məlumat yoxdur. Rusiya müdafiə naziri Sergey Şoyqu rusiyalı generalın həlak olması ilə bağlı başsağlığı verib. "Həlak olmaq" sözü hərbi mənada "döyüşlərdə həlak olmaq" anlamına gəlir".

Qeyd edək ki, Serqun 2014-cü ilin fevral-martında Krımın Rusiyaya birləşdirilməsində, ötən ilin yay aylarından isə Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının hazırlanmasında yaxından iştirak edib. Bəzi mənbələr generalın Rusiya rəhbərliyinin sifarişi ilə öldürüldüyünü iddia edib. Ancaq fakt təsdiqini tapmayıb.

Samir


Müəllif: