Türkiyə baş naziri Əhməd Davudoğlu rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanında Rusiyanı hədələyib.
ANS PRESS-in məlumatına görə, rəsmi görüşlərdən sonra paytaxt Ər-Riyadda açıqlamalar verən Əhməd Davudoğlu Rusiyanın Su-34 döyüş təyyarəsinin yanvarın 29-da Türkiyə sərhədini pozmasından danışıb.
“Rusiya törətdiyi sərhəd pozuntusunun üstünü örtə bilməz. Türkiyə Rusiya ilə gərginliyi artırmağın tərəfdarı deyil. Rusiyanın Suriya məsələsində xoş niyyətli olmadığını görürük”,- deyə Türkiyənin baş naziri bildirib.
Əhməd Davudoğlu Yaxın Şərq siyasətində Səudiyyə Ərəbistanı ilə Türkiyənin həmfikir olduğunu vurğulayıb: “Suriya, İraq və bölgə barədə siyasətimiz eynidir. Səudiyyə Ərəbistanı ilə birlikdə mülayim müxalifətə dəstək verəcəyik”.
Qeyd edək ki, Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) dünən yayıb. XİN bildirib ki, hadisə 2016-cı il yanvarın 29-da baş verib - Rusiya hava qüvvələrinə aid bir ədəd Su-34 döyüş təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.