“Türkiyə quru əməliyyatlarına qatıla bilməz”
"Türkiyə hakimiyyəti real dünyada öz istiqamətini tamamilə itirib".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Moskva komsomolu" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyənin adekvat olmayan davranışı Su-24 hadisəsindən əvvəl nəzərə çarpırdı: "Biz bu davranışlara göz yumurduq. Düşünürdük ki, Türkiyə tərəfi bizim qonşuluğumuzu anlayacaq və bizə qarşı heç bir addım atmayacaq. Ancaq bizim düşündüyümüz kimi olmadı. Türkiyə noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısını vurdu. Mənə elə gəlir ki, Türkiyədə çoxları Rusiyaya məxsus Su-24 qırıcısının vurulması əmrinin qəbuledilməz olduğunu başa düşür".
Lavrov bildirib ki, Türkiyənin Suriyada quru əməliyyatlarında iştirakı doğru addım deyil: "Bir müddət öncə Ər-Riyadın Suriyada quru əməliyyatlarına Türkiyə ilə birgə qatılacağı xəbəri yayılıb. Moskva fikirləşir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Türkiyənin Suriyada quru əməliyyatlarına qatılmasına icazə verməyəcək".
Rusiya XİN rəhbəri Ukraynanın Minsk öhdəliklərinə əməl etmədiyini də deyib: "Ukraynanı məcbur etməsən, Kiyev hökuməti Minsk öhdəliklərini yerinə yetirməyəcək. Bunu da ancaq ABŞ edə bilər. Sanksiyalarla bağlı situasiya onun nəticəsidir ki, Avropa Suriya böhranında olduğu kimi burada da xarici siyasətində öz müstəqilliyini itirir. Bu ən azı hazırki mərhələdə belədir. Ukrayna böhranında bu vəziyyət özünü daha aydın göstərir. Hamıya bir fakt aydındır ki, amerikalılar avropalıları anti-rusiya sanksiyalarına getməyə vadar etdiklərini gizlətmirlər və deyirlər ki, bu qadağalar Minsk öhdəliklərinin yerinə yetirilməsindən sonra ləğv edilə bilər. Bir çox dövlətlər anlayır ki, bu tələdir. Çünki Ukrayna Minsk öhdəliklərinə əməl etməkdən boyun qaçırır. Mənə elə gəlir ki, artıq həqiqət anı çatıb. Ən azı bu il Avropa Birliyinin apardığı xarici siyasətin AB-nin imicinə necə təsir etdiyi aydın olacaq və onlar başa düşəcəklər ki, Minsk öhdəliklərinə tək Rusiya deyil, Ukrayna da əməl etməlidir".
Bu arada, Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bu həftə Münhendə keçirilən təhlükəsizlik konfrası çərçivəsində görüşməyi planlaşdırır. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib: "Orada Minsk fomatında görüş nəzərdə tutulub. Rusiya XİN rəhbəri həmkarları ilə təkbətək görüş də keçirəcək".
Samir