12 Fevral 2016 10:59
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyaya beynəlxalq dəstək qrupu Münhen danışıqlarında yekun bəyanatın mətnini razılaşdırıblar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 4 saat davam edən danışıqlarda 17 ölkənin nümayəndəsi iştirak edib.

Razılaşmaya əsasən, Suriyada bir həftə ərzində atəş tamamilə dayandırılmalıdır. Bununla bağlı Almaniyanın xarici işlər naziri Frank-Valter Ştainmaer məlumat verib.

Onun sözlərinə görə, bir həftə ərzində Suriyaya humanitar yardımların çatdırılmasına səy göstəriləcək: "Bu gün Suriyada atəşin dərhal dayandırılması ilə bağlı razılığa gəldik. Bu uğurun davamını gözləyirik. Bir həftə ərzində havadan və qurudan humanitar yardımlar Suriya xalqına çatdırılacaq. Kobani şəhərinə havadan, Foah, Kafraya, Madaya, Muadimiyeh və Kafr Batna şəhərlərinə isə qurudan yardım ediləcək. Bu yardımların tam və maneəsiz çatdırılması üçün ilk addım olacaq. Razılaşma 3 maddadən ibarətdir. Bunlar humanitar yardımın çatdırılması, hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının bərpa edilməsidir".

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə yüksək təmsilçisi Federika Mogerini isə bildirib ki, hazırda əldə edilmiş razılıq ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara əsaslanır. Suriyalı müxaliflərin təmsil olunduğu komitənin sözçüsü Salim əl-Muslet verdiyi açıqlamada onlara dəstək verən ölkələrin göstərdiyi səylərdən məmnun olduqlarını deyib: "Biz Suriya xalqı üçün hərəkət gözləyirik. Burada danışılanlar həyata keçirilməlidir".

ABŞ dövlət katibi Con Kerri Rusiya ilə birgə xüsusi qrupun yaradılacağını qeyd edib: "BMT-nin himayəsi altında, ABŞ və Rusiyanın rəhbərlik etdiyi xüsusi qrup yaradılacaq. Gələn həftə bu qrup atəşkəsə tam nail olunması üzərində çalışacaq".

Kerri Suriya prezidenti Bəşər Əsədin gələcəyi ilə bağlı sualları da cavablandırıb: "Bu məsələdə mövqeyimiz dəyişməzdir. Əsədin prezident olduğu dövrdə Suriyada sülh olmayacaq".

Rusiya xarici işlər naziri Sergey Lavrov isə ölkəsinin Suriyada əməliyyatları davam etdirəcəyini deyib: "Razılaşma BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanınan İŞİD və Əl-Nusranı əhatə etməyəcək. Buna görə də hava qüvvələrimiz bu təşkilatlara qarşı fəaliyyətlərini davam etdirəcək".

Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond "Forun-ofis" saytına verdiyi müsahibədə deyib ki, Rusiya Bəşər Əsəd rejiminin əleyhdarlarını bombalamağı dayandırmalıdır: "Əgər Dəməşq və onun tərəfdarları mövqeyini dəyişsə, Suriyaya beynəlxalq dəstək qrupunun fəaliyyəti ölkə əhalisini əzablardan qorumaq üçün vacib addım ata biləcək".

Fransa prezidenti Fransua Olland "TF1" telekanalına müsahibəsi zamanı Münhen danışıqlarını şərh edib: "Rusiya Suriyadakı fəaliyyətini dayandırmalıdır. Çünki hava hücumları ilə əlaqədar minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Suriya prezidenti Bəşər Əsəd Rusiyanın köməyi ilə qətliam həyata keçirir. Əsəd rejimi idarəçilikdən əl çəkməlidir".

Samir


Müəllif:

Oxşar xəbərlər