11 İyun 2014 11:24
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Bloomberg” jurnalı Krımın Rusiyaya birləşdiriliməsi ilə bağı yeni yazı dərc edib. Ukraynanın Krımın anneksiyasına görə məhkəmə yolu ilə Rusiyadan təzminat tələb edəcəyi xəbəri dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Rusiya prezidenti Vladimir Putin Qərb liderlərinə kələk gəlib. Ukraynanın şərqində baş verənlər Avropanı o qədər çaşdırıb ki, Krım məsələsi ikinci plana çəkilərək, diqqətdən kənarda qalıb. Bazar ertəsi, Ukraynanın müvəqqəti ədliyyə naziri Pavel Petrenko isə bir addımla anneksiya məsələsini yenidən gündəmə gətirdi. Belə ki, nazir Krımın işğalına görə rəsmi Moskvaya hesab təqdim edib. Hesab 17 cilddən ibarətdir. Bu hesaba ərazi və Krımın Mərkəzi bankında yerləşdirilən 300 kiloqram qızıl və digər bu kimi qiymətli əşyalar daxildir. Onların dəyərinin 1,08 trilyon qrivena, yəni 89,6 milyard ABŞ dollarına bərabər olduğu bildirilir.

Müvəqqəti baş nazir Arseniy Yatsenyuk bəyan edib ki, yeni hökumət Rusiyanı beynəlxalq məhkəməyə vermək niyyətindədir. Nəzərdə tutulur ki, Ukraynanın itirdiklərinin dəyərində, ölkə ərazisində yerləşən Rusiya əmlakına həbs qoyulacaq. Eyni zamanda Ukrayna təzminatın tam ödənilməsi üçün Rusiyanın xaricdə olan əmlakına da həbs qoyulmasını tələb edir. Təbii ki, bu addımın atılması üçün məhkəmənin qərarı zəruridir. Yastenyukun sözlərinə görə, artıq ilk addım atılıb: “Avropanın insan haqları üzrə məhkəməsinə müraciət göndərilib. Lazım olsa, Rusiyanın da məhkəmələrinə müraciət edəcəyik”.

Ukraynalılar anlayır ki, onların qalib gəlmək şansları olduqca azdır. Beynəlxalq arbitraj məhkəməsi nadir hallarda ərazi bütövlüyü məsələlərinə qarışır. Bunun üçün xüsusi tribunallar qurulmalıdır. Ən əsası isə hər iki tərəfin heç olmasa cüzi miqdarda barışığa getmək istəyi olmalıdır.

Krım məsələsinə gəlincə, Rusiya bu ərazini mübahisə obyekti olaraq görmür. Cari ilin mart ayının 16-da referendum keçirilib. Yarımadanın əhalisi Ukraynadan ayrılaraq Rusiyaya birləşmək üçün səs verib.
Əslində Ukraynanın maliyyə iddialarına heç bir məhkəmə baxa bilməz.

Rusiya tərəfi isə konkret məbləğin söylənildiyini görüb və Ukraynanın sadəcə bazarlıq etmək istədiyini düşünür. “Əgər Ukrayna Krımı satmaq niyyətindədirsə, açıq şəkildə bunu desin”. Bu barədə Rusiya dumasının üzvü Yevgeniy Tarlo jurnalistlərə açıqlamasında deyib.

Lakin göründüyü kimi, Kiyev üçün əsas pul deyil. Böyük məbləğlər barədə danışdıqca, iddialar irəli sürdükcə, hətta işə baxmağa hazır olan bütün məhkəmələrə müraciət etdikcə, Kiyev Krım məsələsinin arxa plana çəkilməməsi üçün əsas yaradır.

Yeni seçilən prezident Pyotr Poroşenko isə krımlılara Ukraynanın onları unutmadığını və qaytarmaq istədiyini xatırladır.

Lakin Krımı qaytarmaq artıq çox gecdir. Qərb baş düşüb ki, yarımadanın anneksiyası Rusiyaya qarşı ciddi sanksiyaların qəbul olunması üçün yetərincə önəmli səbəb deyil. Bu mənada Putinin hiyləgər planı reallaşıb. Lakin Ukrayna aqressiya qurbanı olaraq gəlir əldə edə bilər. Poroşenko isə bu şansı əldən vermək niyyətində deyil.

"Le Monde" Putini analiz edir

“Ukraynanın şərqində Rusiyanın hərbi qüvvələri, rusiyalı təlimatçılar yoxdur. Yoxdur, ola da bilməz”. Bu bəyanatdan daha qətiyyətli bəyanat düşünmək çətindir. Eyni zamanda Rusiya deyir: “ABŞ-ın bizim bəyanata zidd dəlilləri varsa, təqdim etsin”. Hətta Vaşinqton doğurdan da sübut təqdim etsə, “onlara inanmaq olarmı?”. “Biz artıq görmüşük ki, ABŞ dövlət katibi BMT Təhlükəsizlik Şurasının tədbirində yuyucu tozun olduğu şüşəni nümayiş etdirərək, İraqda kütləvi qırğın silahının olduğunu iddia edib...”

Vladimir Putin iyunun 4-də TF1 və Europe 1 kanallarına müsahibə verərkən, mükəmməl görünürdü. O, Rusiyanın Ukraynanın daxili işlərinə qarışması məsələsinə münasibətini olduqca sərt şəkildə bildirdi. Lakin sualın bir hissəsinə elə də cavab vermədi. “ABŞ və Ağ Ev iddia edir ki, Rusiya Ukraynanın şərqinə müdaxilə edir: hərbiçilər göndərir, separatçıları silahlandırır və sairə. Hətta buna dair sübutlar var. Siz buna inanırsınız?” sualına cavab verərkən, Putin əraziyə silah göndərilməsi məsələsinin üstündən keçdi. Hərbiçilərə gəlincə, deyəsən, Putin haqlıdır: mətbuata bu günə qədər Rusiya silahlı qüvvələrinin Donbassda olması barədə heç bir sübut təqdim edilməyib. Buna rəğmən, jurnalistlər Donbassda rus və çeçen əsgərlərini gördüklərini iddia edirlər.

Bir sözlə, Vladimir Putin seçdiyi kursa qətiyyətlə davam edir: Rusiya heç bir münaqişəyə müdaxilə etmir. Eyni zamanda, “Rusiya hərbiçiləri Krımı anneksiya etməyiblər”. Təbii ki, yox. Onlar sadəcə “Krım əhalisinə referendum keçirməyə və Ukraynadan ayrılaraq, Rusiyaya birləşməyə yardım ediblər”. İncə məqamdır.

Söz ustası

Ukraynada böhran zamanı informasiya silahı və piar məsələlərində Kreml Kiyevdən bir addım irəlidə idi. Kiyev, diletant olduğu üçün bir sıra səhvlərə yol verirdi. Vladimir Putin əsl söz ustasıdır. O, həmsöhbətinə öz fikrini yetərincə konkret bildirir. Putinin çıxışını analiz etdikcə, dərk edirsən ki, onun dediklərində yalan da var, həqiqət də.

Müsahibə zamanı Putinin ustalıqla işlətdiyi fikirlər:

- “SSRİ dağıldıqdan sonra, 25 milyon rus özləri də bilmədən xaricdə olduqlarını anlayıblar”. Düzdür, söhbət İttifaqın tərkibində olan digər 14 respublikada yaşayan ruslardan gedir. “Və bu əsl humanitar faciə idi”. Yalandır, nə rusların kütləvi axını, nə də qaçqınların Rusiyaya gəlişi olmayıb.

- Ukrayna haqqında: “Yeni hökümət gördüyü ilk iş - milli azlıqların öz dilindən istifadə hüququndan məhrum etmək olub”. Qismən həqiqətdir. Yeni hökümətin istəyi bütün dilləri, o cümlədən rus dilini dövlət dili statusundan çıxarmaq idi. Lakin bu qanun elə də qüvvəyə minmədi. Müvəqqəti prezident qanuna imza atmaqdan imtina etdi.

- “Bizim avropalı və ABŞ-lı dostlarımız, konstitusiyaya zidd olan, hökumətin silahlı devrilməsini dəstəkləyib”. Yalandır. Kütləvi iğtişaşlara baxmayaraq, Avropa Yanukoviçlə danışıqlar aparırdı. Lakin fevralın 22-də o kürsünü tərk etmək qərarına gəlib. Dövlət çevrilişi haqqında söhbət belə gedə bilməz.

- “Ukrayna və hərbi bloklar məsələsinə qarşı biz laqeyd yanaşa bilmərik. Məsələn, Ukrayna NATO-ya birləşmək qərarını versə, hərbi infrastruktur bilavasitə Rusiya sərhədlərinə yaxınlaşacaq. Bu da bizi narahat etməyə bilməz”. Qismən həqiqətdir. Birincisi, 2008-ci ildən etibarən Ukraynanın NATO daxil olması məsələsi müzakirə olunmur. Ikincisi, NATO Rusiya ilə həmsərhəd bölgələrində artıq öz infrastrukturunu qurur: Baltikyanı dövlətlər və Polşada.

- “Orada hər yerdə vəhşilik baş verir. Son deyil, ilk növbədə bu vəhşilik ekstremist qruplaşmalar tərəfindən törədilir. Ukraynada bu qruplaşmaların sayı artıq Suriyadakıların sayına yaxınlaşır”.

Danışdıqlarının birinci hissəsi doğru olsa da, ikinci hissəsi mümkünsüzdür. Putin demir ki, Suriyada baş verən dəhşətlər, milli müqaviməti boğmaq üçün, prezident Əsədin istəyi ilə törədilib.

- “İnternetdə məhdudiyyətimiz varmı? Düşünürəm ki, yoxdur”. Yalandır. Rusiyada internetə nəzarət edən xüsusi struktur - Roskomnadzor - var. Strukturun əsas işi internetə nəzarət etmək, intizam yaratmaqdır. Krım hadisələri zamanı bir neçə internet resurs bloka salınmışdı. Müxalifətçi Aleksey Navalnıy ev dustaqlığına göndərilib və bu müddət ərzində internetdən istifadə etməsi qadağan olunmuşdu. “VKontakte” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov isə şirkətin səhmlərini Kremlə yaxın bir vətəndaşa satmaq məcburiyyətində olub.

- “Sağ sektor silahlı qarşıdurmalarda iştirak edir. Bu, qeyri-rəsmi silahlı formalaşmadır. Onlar öz əsgərlərini əraziyə gətirir, dinc əhaliyə atəş açmaqdan imtina edənləri isə məhkəməsiz, araşdırmasız güllələyir”. Bu şayiə doğurdan da internetin rusdilli seqmentində yayılıb. Lakin, bununla belə, hətta Putin özü də heç bir sübut təqdim edə bilmir.

- Kreml Ukraynanın yeni hakimiyyətini “nasist” və “faşist” adlandırmaqdan vaz keçsə də, Ukrayna hökuməti rusiyameyilli separatçıları “terrorçu” adlandırmaqda davam edir. Putin isə onları sadəcə “federallaşmanın tərəfdarı” hesab edir.

- Hillari Klintonla olan mübahisəsinə gəlincə: “Qadınlarla mübahisə etməyə dəyməz. Lakin xanım Klinton öncələr də dan ışığında xüsusi nəciblik nümayiş etdirib. Bütün münaqişələrə baxmayaraq, biz onunla dəfələrlə beynəlxalq tədbirlərdə görüşüb, xoş söhbətlər etmişik. Hesab edirəm ki, ümumi dil tapmaq olardı. Münaqişə zamanı müəyyən hədləri keçmək güc deyil, zəiflik əlamətidir. Ancaq qadın üçün zəiflik yolveriləndir”. Bu fikrin haqlı olub-olmadığını isə, oxucular müəyyən etməlidir.

"Amerikanın səsi": Avropa “Cənub axını” vasitəsilə Rusiyanı cəzalandırmaq istəyir

Rusiya rəsmiləri bəyan edirlər ki, Bolqarıstanda “Cənub axını” qaz kəmərinin tikintisinin dayandırılması faktiki olaraq Moskvaya qarşı iqtisadi sanksiyaların yeridilməsi deməkdir.

Bazar günü məlum olub ki, Bolqarıstan baş naziri Plamen Oreşarskinin sərəncamı ilə, “Cənub axını” kəmərinin tikintisi üzrə işlər Avropa Komissiyasının qeydləri aradan qaldırılanadək dayandırılıb.
Rusiyanın Avropa İttifaqında daimi nümayəndəsi Vladimir Çijov bolqar tərəfinin kənardan ciddi siyasi təsir nəticəsində belə qərar qəbul etməyə məcbur olduğunu bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa hakimiyyətinin mövqeyini qeyri-konstruktiv adlandırıb.

“Aİ bu yaxınlarda bəyan edib ki, danışıqlar (”Cənub axını" üzrə), Rusiya tərəfindən Kiyevdəki hakimiyyət tanınmayınca, dayandırılacaq. Siz bunu konstruktivmi hesab edirsiniz?" - bazar ertəsi günü Lavrov deyib.

“Bizdən nə istədikləri aydın deyil”, - Rusiya naziri əlavə edib. Onun sözlərinə görə, Rusiya tərəfi hər vəchlə Ukraynada böhranın aradan qaldırılmasına çalışır.

Bolqar baş nazirinin bəyanatı senator John McCainin başçılıq etdiyi Amerika nümayəndə heyətinin Sofiyaya səfərindən sonraya təsadüf edib. Layihənin gerçəkləşdirilməsinin dayandırılması üzrə Bolqarıstanın qərarına təsir edən həlledici amil məhz ABŞ senatorları ilə görüş olub, Çijov hesab edir.
Onun fikrincə, bu halda söhbət Ukrayna böhranı ilə bağlı “sırf siyasi qərardan” gedir.

Çijov energetika üzrə avrokomissar Günther Oettingerin son müsahibələrindən birində “Cənub axını” kəmərinin tikintisini birbaşa Ukraynadakı durumla əlaqələndirdiyini xatırladıb. Onun sözlərinə görə, buna dəlalət edən faktlardan biri də odur ki, “Cənub axını” kəmərin tikintisi üzrə tenderin qalibi “Stroytranqaz” Avropa İttifaqının sanksiyalar siyahısına daxil deyil, lakin ABŞ-ın “qara siyahılarına” düşüb.

Reuters agentliyinin yazdığına görə, Vaşinqton Sofiyanı xəbərdar edib ki, “Stroyqaztrans”la əməkdaşlıq edən bolqar şirkətlərinin özləri sanksiyalar altına düşə bilərlər.

Rusiya “Cənub axını”nın məqsədi tranzit ölkə olan Ukraynadan asılılığını azaltmaq olduğunu heç vaxt gizlətməyib. “Cənub axını” çərçivəsində qaz kəmərinin tikintisi haqqında saziş “Qazprom” və “Bolqar energetik holdinq” arasında 2009-cu ildə imzalanıb. Layihəyə əsasən, Bolqarıstanda iki boru kəməri tikmək planlaşdırılır (Yunanıstana və Serbiyaya). Onların vasitəsilə Rusiya qazının Mərkəzi və Cənubi Avropaya illik qaz tədarükünün həcmi 63 milyard kub metrə qədər artar. Bir halda ki, qaz Avropa istehlakçılarına Ukraynadan yan keçən marşrutla ötürülməli idi.

“Cənub axını”nın tikintisi üzrə tenderin nəticələri bu il may ayının sonunda elan edilib. Müsabiqədə “Stroytransqaz konsorsiumu” qalib gəlib. “Stroytransqaz” Rusiya şirkəti və bolqar Gasproekt Jug AD bu konsorsiumun tərkibinə daxil olurlar.

Avrokomissiyanın başlıca iddiası da məhz bundadır: Brüsseldə hesab edirlər ki, sövdələşmə əsnasında Aİ normaları pozulmuş ola bilər, çünki tikinti işlərin podratçısı yerli və Rusiya şirkətləri olub.

Cari ayın əvvəlində Avrokomissiya tenderin Avropa qanunlarına uyğunluğu yoxlananadək layihə üzrə işləri dayandırmaq xahişi ilə Sofiyaya məktub göndərib.

“Hal hazırda (Avrokomissiya) yalnız tenderin şərtləri rəqabət üzrə Avropa normalarına uyğunluğunda şübhələndiyini bəyan edib. Mən sazişin təfərrüatlarına və tenderin şərtlərinə bələd deyiləm, lakin mən şübhələnirəm ki, bolqar hüquqşünasları özlərini belə bir vəziyyətə qoya bilərdilər”, - İTAR-TASS Çijovu iqtibas edir.

Müstəqil ekspert Aleksey Makuşkinin fikrincə, Bolqarıstanın “Cənub axını”nın tikintisini dayandırmaq qərarının həqiqətən siyasi astarı var, çünki bu layihə Rusiyadan asılılıq dərəcəsini müəyyən edir.

“Məncə, hər şey o qədər də aydın deyil. Hər şey Avrokomissiyanın mövqeyindən asılıdır. Son qərar biznes-lobbinin nə dərəcədə borunun mövcudluğunda maraqlı olduğu ilə müəyyən ediləcək, - Makuşkin hesab edir. - Fikrimcə, Brüssel üzərinə təzyiq resursu tükənməyib”.

Bolqarıstan imtina etmir

Bolqarıstan energetika naziri Draqomir Stoynev bazar ertəsi bəyan edib ki, Sofiya “Cənub axını”ndan imtina etməyi planlaşdırmır və Brüssel bütün suallara cavab aldıqdan sonra tikinti işləri davam etirəcəyinə ümid edir.

“Vəziyyətə strateji nöqteyi-nəzərindən və emosiyasız baxsaq, ”Cənub axını" həm Avropa, həm də Bolqarıstan üçün dönməz və zəruri layihə təsiri bağışlayır", - deyə Stoynev problemin həllində əmin olduğunu bildirib.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Sabine Berger bolqar energetika nazirinin bəyanatını şərh etməkdən imtina edib və yalnız Sofiyanın layihəni dondurmaq qərarını alqışlayıb.

“Beynəlxalq enerqosiyasət” mərkəzinin rəhbəri Yuri Solozobov hesab edir ki, hər necə olsa da, “Cənub axını” ətrafında münaqişə həll olunacaq və layihə gerçəkləşdiriləcək.

“Mən elə bilirəm ki, Rusiya bolqar hökumətinə təsir etmək üçün kifayət qədər arqumentlərə malikdir. Bolqarların özləri də bu layihənin onlara lazım olduğunu anlayırlar. Elə bilirəm ki, Bolqarıstan hökuməti ilə Avrokomissiya arasında ortaya gəlmiş bu məsələlər nizamlanar”, - o deyir.

Reuters-in qeyd etdiyi kimi, Bolqarıstan az qala tamamilə Rusiya qazından asılı olan Avropa İttifaqının ən yoxsul ölkəsidir.

Ülviyyə Axundova


Müəllif: