15 Fevral 2016 15:56
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Fransa Türkiyəni Suriyada atəşi dayandırmağa çağırıb. Suriyanın şimalında vəziyyətin gözlənilmədən gərginləşməsi antiterror koalisiyasını parçalaya və pis nəticələrə səbəb ola bilər”.

Teleqraf.com xəbər verir ki, bu sözlər Rusiyanın “gazeta.ru” saytında dərc olunan təhlildə yer alıb.

Yazıda iki rusiyalı ekspertlə Türkiyənin Suriyadakı əməliyyatları qiymətləndirilib:

Saytın yazdığına görə, fevralın 14-də ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə əlaqə saxlayıb: “O, Türkiyə tərəfindən Suriya ərazisinə zərbələr endirməyi dayandırmağı xahiş edib. Bayden Davudoğlunu əmin edib ki, ABŞ onus da kürdlərin irəliləməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çalışır”.

Saytın yazdığına görə, bundan əvvəl Ankaraya oxşar xahişlə Fransa Xarici İşlər Nazirliyi müraciət edib: “Türkiyənin Hələb istiqamətində artilleriya zərbələri Suriyada onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, kürdlərdən fərqli olaraq, Türkiyənin atdığı addımlar Suriyadakı vəziyyəti daha da gərginləşdirmir.

Moskvanın "Karnegi" mərkəzinin eksperti Aleksey Malaşenkonun fikrincə, Ərdoğan üçün kürdlərin Suriyanın şimalına doğru hərəkət etməsi “arxadan vurulan zərbə” kimidir: “Görünür, Türkiyə sadəcə, qorxdu. Türkiyə və Suriyada uzun müddətdir muxtariyyət tələb edən kürdlər üçün gözlənilmədən şans yaranıb. Kürd muxtariyyəti Türkiyə hakimiyyətinə olduğu kimi Ərdoğana da çox güclü zərbədir”.

Ekspertin sözlərinə görə, rəsmi Ankara onilliklər boyunca Türkiyə kürdlərinin muxtariyyət tələblərini boğmağa çalışır. Türkiyə kürdləri Suriyada yaşayanlarla çox sıx əlaqələr saxlayır: “Kürdlər Suriyada daha çox torpaqları ələ keşirdkicə isə Ankaranın narahatlığı artmağa başlayıb. Türkiyənin YPG mövqelərinə zərbələri isə kürdlərin Minnex aerodromunu ələ keçirməsindən sonra başladı. Minnex Hələb şəhərinin şimalında strateji mövqedə yerləşir və bu, kürdlərə Türkiyə sərhədlərində öz təsirini genişləndirməyə imkan verir.

Bir müddət öncə Əhməd Davudoğlu Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlara münasibət bildirib. O deyib ki, Türkiyə Hələb şəhərini qorumağı özünə “tarixi borc” bilir. Rusiya Müdafiə Nazirliyi Türkiyə qoşunlarının Suriya sərhədində şübhəli hərəkətlərinin müşahidə olunduğunu bildirib. Nazirlik bunu genişmiqyaslı hərbi əməliyyatların başlanğıcı kimi qiymətləndirib”.

MDB ölkələri institutunun eksperti Vladimir Yeseyev hesab edir ki, Türkiyə kürdlərin birləşməsinə imkan verməyəcək: "Hazırda Ankara buna çalışır. Türkiyə Suriyada kürdlərin birləşməməsi üçün onları bombalayır. Ancaq Türkiyənin genişmiqyaslı hərbi əməliyyatları inandırıcı deyil. Əgər Türkiyə qoşunlarını Suriyaya yeritmək istəsə, bu, birmənalı şəkildə avantüra olacaq. Türkiyə bu əməliyyatlara hava vasitəsilə dəstək verə bilməyəcək. Çünki Suriyada Rusiyanın hava hücumundan müdafiə sistemləri, o cümlədən S-400 raketləri var. Heç kim Türkiyə təyyarələrinin Suriyada uçuşuna icazə verməyəcək. Əgər Türkiyə Hələbdə yerləşən suriyalı döyüşçülərə kömək məqsədi ilə xüsusi dəhliz yaratmağa çalışsa, bunu dağıtmaq asan olacaq".

“Ərdoğan destruktivdir”

Hələb tək Ankara və kürdlərin qarşıdurması baxımından vacib deyil. Burada həmçinin, Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr döyüşür. Əgər şəhərin böyük hissəsi Əsədin nəzarətinə keçsə, Suriya-Türkiyə sərhədlərinin böyük qisminə Suriya hökumət qüvvələri nəzarət edəcək. Bu, Türkiyə tərəfinin Cenevrədə dəstəklədiyi müxaliflərin Suriyadakı mövqeyini zəiflədəcək. Müxalifət nümayəndələri rəsmi Dəməşqlə dialoqa girməkdən və ölkədə atəşin dayandırılması üçün milli birlik hökumətinin yaradılmasından imtina edir. Cenevrə danışıqlarında ABŞ və Səudiyyə Ərəbistanı da müxalifləri dəstəklədi. Ancaq onların mövqeləri biri-birinə uyğun gəlmir.

Yeseyevin fikrincə, ABŞ Səudiyyə və Türkiyənin Suriyadakı əməliyyatlarına göz yummağa hazırdır: "Vaşinqton bu məsələyə bir şətrlə razı olub: Suriyadakı vəziyyət gərginləşməyəcək".

Maşenko qeyd edib ki, Ərdoğanın hər hansı ani hərəkəti Rusiyanın əlində diplomatik əsas ola bilər: "Moskva birmənalı şəkildə Ankaranı Suriyadakı sülh prosesinə destruktiv yanaşmaqda ittiham edir. Hərbi əməliyyatlara başlamaqla Ərdoğan bunu təsdiq etdi".

Xatırladaq ki, fevralın 12-də aralarında ABŞ və Rusiyanın da olduğu ölkələr Münhendə baş tutan konfrasda Suriyada 1 həftə müddətində atəşin dayandırılması ilə bağlı razılığa gəliblər. Razılaşma 3 bənddən ibarət olub. Bunlar Suriyada atəşin tamamilə dayandırılması, humanitar yardımın çatdırılması və sülh danışıqlarının bərpa edilməsidir. Vaxtın bitməsinə 3 gün qalıb.

Samir


Müəllif:

Oxşar xəbərlər