Son günlər Ukraynada baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. Bir tərəfdən Ukraynanın əsas siyasi partiyalarından biri hakim koalisiyadan ayrılıb, digər tərəfdən isə Rusiya Ukraynanı 3 milyard avro borcuna görə məhkəməyə verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sabiq baş nazir Yuliya Timoşenko Vətən partiyasının Ukraynada hakim koalisiyadan ayrıldığını elan edib. O, bu koalisiyanın ölkədə islahatların aparılmasına maneəçilik törətdiyini deyib.
Koalisiyanın dörd fraksiyasından ən kiçiyinə başçılıq edən Timoşenko digər deputatları parlamentdəki yerlərini qorumaq məqsədilə əlbir hərəkət etməkdə günahlandırıb.
Timoşenkonun partiyası koalisiyadan ayrılsa da, prezident Petro Poroşenko və çərşənbə axşamı etimadsızlıq səsverməsindən qalib çıxan baş nazir Arseniy Yatsenyuk hələ də parlamentin 450 yerindən 217-nə nəzarət edərək, kolisiyadakı ən böyük fraksiyanı təmsil edirlər.
Xatırladaq ki, fevralın 16-da etimadsızlıq səsverməsindən əvvəl prezident Poroşenko Yatsenyukun istefaya getməsini istəyib. Buna səbəb rəy sorğularının ictimaiyyət arasında Yatsenyuk hökumətindən geniş narazılığın olmasını göstərməsi olub. Sorğular ukraynalıların 70 faizinin Yatsenyukun istefasını dəstəklədiyini üzə çıxarıb. Onun "Xalq cəbhəsi" parlament blokuna yalnız bir faiz dəstək verilib.
Bundan başqa, Rusiya Ukraynanı yaranmış 3 milyard avro borcuna görə London Ali Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, Moskva 2013-cü ilin dekabr ayında Rusiyanın dəstəklədiyi o vaxtkı Ukrayna prezidenti Viktor Yanukoviç devrilməzdən az öncə Kiyevə 3 milyard dollar dəyərində borc verib. Ukrayna Moskvanın bu məbləğin 2013-cü ilin noyabrında Kiyevin Avropa İttifaqı ilə imzaladığı azad ticarət sazişini ləğv etmək qərarına görə Yanukoviçə rüşvət olaraq ödəndiyini iddia edib. Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçıları dətəkləməyə başlamasından bəri Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir. 2014-cü ilin aprel ayından bəri hökümət qüvvələri ilə Donbasdakı rusiyapərəst separatçılar arasında gedən döyüş 9 min insanın ölümünə səbəb olmaqla yanaşı, Ukraynanın sənaye mərkəzini məhv edib.