ABŞ NATO-Rusiya sərhədi yaxınlığında hərbi texnika yerləşdirir.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, döyüş tankları və artilleriya Norveç mağaralarında yerləşdirilir.
NATO ilə Rusiya arasında münasibətlərin yenidən gərginləşdiyi vaxtda "Soyuq müharibə" dövründən qalan bu mağaralar yenidən yada düşüb.
Uzunluğu təqribən 196 kilometr olan Rusiya-Norveç sərhədi "Soyuq müharibə" dövründə hərbiləşdirilmiş ərazi olub. Elə bu gün də Rusiyanın Şimal donanması sərhəddən cəmi 160 kilometr məsafədə, Murmanskda yerləşir.
Dəniz Piyadalarının 2-ci Ekspedisiya Briqadasının əməliyyat zabiti, polkovnik Vilyam Bentley deyib ki, əvvəlcədən yerləşdirilmiş hərbi texnika həm xərclərə, həm də hər hansı böhran baş verərsə, vaxta qənaət etməyə imkan verir.
Sözügedən mağaraların içindəki temperatur nəzarətdə saxlanılır. ABŞ dəniz piyadalarının verdiyi məlumata görə, bu mağaralarda Amerika texnikasının saxlanmasına ilk dəfə “Soyuq müharibə” zamanı, 1981-ci ildə başlanılıb.
"Soyuq müharibə"nin başa çatmasından sonra ABŞ bu mağara kompleksinin saxlanmasının nə dərəcədə məntiqli olduğunu sorğulamağa başlayıb.