23 Fevral 2016 11:59
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Barak Obama fevralın 27-dən etibarən Suriyada atəşin dayandırılması haqda razılığa gəliblər.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Vladimir Putin şəxsən məlumat verib. Onun sözlərinə görə, məsələ ilə əlaqədar rusiyalı və amerikalı ekspertlər intensiv fəaliyyət göstərəcək:

"Əminəm ki, Amerika tərəfi ilə razılaşma Suriya böhranının həllində mühüm addım olacaq. Nəyahət, çoxillik qırğına və zorakılığa son qoymaq üçün şans yaranıb".

İŞİD-ə qarşı hava zərbələri davam etdiriləcək

Putin qeyd edib ki, İŞİD və "Nusra Cəbhəsi" mövqelərinə aviazərbələr davam etdiriləcək:

"Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada birgə əməliyyat həyata keçirəcək. Əməliyyatda əsas hədəf terrorçular və onlara yardım edənlər olacaq".

ABŞ Dövlət Departamentindən verilən məlumata görə, yaxın günlərdə atəşkəsin əldə edilməsi üçün xüsusi monitorinq qrupu yaradılacaq.

Rusiya Yaxın Şərq dövlətlərinin dəstəyinə ümid edir

Putin bildirib ki, Rusiya region ölkələrinin Moskva və Vaşinqtonun Suriya məsələsi üzrə birgə fəaliyyətini dəstəkləyəcəyinə ümid edir:

"İnanmaq istərdim ki, həm Suriya hökuməti, həm də regiondakı tərəfdaşlarımız fəaliyyət alqoritmimizi dəstəkləyəcək. Fikrimcə, BMT-nin təşkilatçılığı ilə Cenevrədə Suriya sülh danışıqlarının bərpası çox vacibdir. Rusiya Dəməşq hökuməti ilə lazımi danışıqlar aparacaq. Əminəm ki, ABŞ tərəfi də Suriya böhranı məsələsində onun dəstəklədiyi qruplar və tərəfdaşları ilə oxşar addımlar atacaq. Əldə etdiyimiz razılaşmalar nəticəsində bölgəyə humanitar yardımların çatdırılması asanlaşacaq".

Rusiya və ABŞ arasındakı razılaşma terrorçuluqla mübarizədə nümunə ola bilər

Rusiya prezidenti deyib ki, atəşkəs haqqında əldə edilmiş razılıq Suriyada qan tökülməsinə son qoymaq üçün şans yaradıb:

"Düşünürəm ki, Moskva və Vaşinqton arasındakı razlaşma terrorçuluqla mübarizədə nümunə ola bilər. Biz bu mübarizədə amerikalı həmkarlarımıza lazımi dəstək verəcəyik".

Samir


Müəllif:

Oxşar xəbərlər