13 İyun 2014 12:20
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya baş nazirinin müavini, hərbi-sənaye kompleksini və Kremlin Avrasiya İttifaqı ideyasını kurasiya edən Dmitri Roqozinin 12 iyun - Rusiya günü ilə bağlı yazdığı maraqlı tvit bu ölkənin planları haqqında aydın təsəvvür qurmağa kömək edir.

“24 il əvvəl sovet qayası ilk çatlarını verdi. Sonra daş uçqunu başladı. O zaman kim bilirdi ki, bu daşlar əsrin dörddə biri ərzində səpələnməkdə davam edəcək?! Ancaq daşları yığmağın vaxtıdır”, - deyən Roqozinun bu fikirləri son vaxtlar beyinlərdə hakim olan "SSRİ qayıdır" anlayışını daha da gücləndirir.

Putinin hakimiyyəti illərində Kremlin təşəbbüsü ilə yaradılan ittifaqlar, birliklərin arxasındakı gizli planlar getdikcə daha da aydınlaşır, gizlinlər gün işığı altında görünməyə başlayır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ardınca meydana gələn Gömrük İttifaqı, Avrasiya İqtisadi İttifaqı kimi böyük layihələr getdikcə real gücə çevrilməkdədir. Rusiyanın sabit müttəfiqləri bu birliklərə qeyd-şərtsiz qoşulsa da, avrointeqrasiya yolunda olan dövlətlərin razılığını almaq heç də asan olmur. Xüsusilə də, Ukrayna, Gürcüstan və xarici kursunda balans yaratmaq istəyən Azərbaycanın Rusiyanın layihələrində iştirakı çətin görünür.

Müşahidələr göstərir ki, Rusiya indiki məqamda Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün daha çox Azərbaycana maraq göstərir.

Rusiya rəsmilərinin bu ayın sonunda Azərbaycana planlaşdırılan səfərləri, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının Qəbələdə keçiriləcək iclaslarının nüvəsində rəsmi Bakının könlünü almaq durur.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, uçmuş qayanı bərpa etmək mümkün deyil: "Siz indiyənə qədər uçmuş qayanın bərpa olunduğunu görmüsüzmü? O daşlar qayaya zorla bərkidilmişdi və demokratiya küləyi onu asanlıqla dağıtdı. Qayanın özəyini təşkil edən Rusiya belə hələ də özünə gələ bilmir. Mən düşünmürəm ki, Azərbaycan asanlıqla Rusiyanın ittifaqına qoşulsun. Çünki ortada Dağlıq Qarabağ kimi ciddi münaqişə var. Münaqişənin yaranmasına səbəb olan ölkələrdən biri kimi Rusiya problemi həll etmədən ölkəmizin razılığını ala bilməyəcək. Ümumiyyətlə, keçmiş sovet ölkələrinin hər birində Rusiyanın yaratdığı ərazi münaqişələri qalmaqdadır və hər bir dövlət separatizmdən hələ də əziyyət çəkməkdədir. Bu mənada incik post-sovet ölkələrinin Rusiya ilə səmimi dostluq münasibətləri qurması mümkün deyil".

Ruslan


Müəllif: