Polşa Prezidenti Ancey Duda Praqaya rəsmi səfərə gəlib. Çexiya Prezidenti Miloş Zeman günün birinci yarısında Praqa Qradında onu böyük ehtiramla qarşılayıb.
Dövlət başçıları miqrasiya böhranına və Vışeqrad dördlüyü (V4) ölkələrinin əməkdaşlığına dair məsələləri müzakirə ediblər. Onlar iqtisadi aspektlərə, məsələn, nəqliyyat dəhlizlərinin tikintisinə toxunublar.
Çexiya Prezidenti Miloş Zeman Polşa Prezidenti Ancey Duda ilə görüşündən sonra bildirib ki, Polşa hökuməti Avropa İttifaqı tərəfindən tənqidə məruz qalmamalıdır.
Xatırladaq ki, guya mühafizəkarlar hökumətinin etdiyi qeyri-demokratik dəyişikliklərə görə Polşa müəyyən müddətdir ki, Aİ-nin və bəzi digər ölkələrin tənqid hədəfinə tuş gəlib.
Dövlət başçılarının təkbətək görüşündən sonra nümayəndə heyətləri danışıqlar aparıblar.
Çexiya və Polşa prezidentləri rəsmi nahardan sonra bir-birinə dövlət mükafatları təqdim ediblər. A.Dudaya “Ağ şir” ordeni təqdim edilib, M.Zeman isə “Ağ qartal” ordeni ilə mükafatlandırılıb.
Polşa Prezidenti günün ikinci yarısında Çexiyanın Baş naziri Boquslav Sobotka ilə görüşüb. Görüşdə Avropa siyasətinin aktual məsələləri, Vışeqrad dördlüyü ölkələrinin əməkdaşlığı, sərhədlərarası nəqliyyat və energetika infrastrukturunun inkişafı məsələləri müzakirə edilib. Bu ölkələrin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı, habelə NATO-nun bu ilin iyulunda Varşavada nəzərdə tutulan sammitinə hazırlıq məsələlərinə də toxunulub.