ABŞ Türkiyə ilə bağlı öz vətəndaşlarına yenidən “təhlükəsizlik xəbərdarlığı” edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ-ın Ankara səfirliyinin yaydığı ilk açıqlamada deyilir: “Təhlükəsizliyiniz üçün Türkiyənin cənub-şərqinə və Suriya sərhədinə getməyin. Turizm məkanları da daxil olmaqla tünlük yerlərdən uzaq durun”.
Xatırladaq ki, martın 13-də Ankarada baş vermiş terrordan 2 gün öncə də ABŞ səfirliyi mümkün hadisə ilə bağlı vətəndaşlarına xəbərdarlıq ünvanlamışdı. Bu dəfə 21 mart Novruz bayramından əvvəl analoji addım atılıb.
Səfirlik ABŞ vətəndaşlarını Novruz mərasimləri ilə əlaqədar təhlükəsizlik baxımdan ayıq-sayıq olmağa çağırıb: “17-21 mart arası Novruz mərasimlərinin böyük hissəsini yerli hakimiyyət orqanları yasaqladı. Yalnız Ankara, İstanbul, İzmir və Adanada martın 20-də bayram tədbirləri gözlənilir. Diyarbəkrdə isə oxşar bayram mərasimləri martın 21-nə planlaşdırılır. ABŞ öz vətəndaşlarına etirazlardan, nümayişlərdən uzaq durmağı tövsiyə edir”.
Səfirliyin ikinci açıqlamasında Türkiyəyə səyahət məsləhət görülmür: “Türkiyənin tanınmış turizm məkanlarına, ABŞ-ın dövlət binalarına, polis və yerli hakimiyyət orqanlarına terror hücumları baş verir. Ölkənin cənub-şərqində adam qaçırma halları hələ ciddi təhdid olaraq qalır. Təhlükəsizliyiniz üçün cənub-şərq və Suriya sərhəd ərazilərinə getməyin”.
Açıqlamada səfərə çıxılması məsləhət görülməyən 17 bölgələrin adı sadalanır.