Suriya hökumət qüvvələri qədim Palmira şəhərini özünü "İslam Dövləti" (İD) adlanan qruplaşmadan geri alıb, dövlət mediası və monitorinq qrupu bildirib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, prezident Bəşər Əsəd bunu "terrorla mübarizədə əhəmiyyətli nailiyyət" adlandırıb.
Ordu nümayəndəsi Suriyanın dövlət KİV-nə deyib ki, Palmira şəhərinin geri alınması "İD-in dağılmasının başlanğıcıdır".
Ordu bir neçə gündür Rusiyanın hava hücumlarının dəstəyi ilə bir neçə istiqamətdən qədim Palmira şəhərinə daxil olub, müşahidə qrupu bildirib.
Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidəçi qrupu bildirib ki, ordu şəhəri İslam Dövləti (İD) adlanan qruplaşmadan almaq üçün gərgin döyüşlər həyata keçirib.
İD, UNESCO Mədəni İrsinə aid ərazini və ona bitişik müasir şəhəri keçən ilin may ayında ələ keçirmişdi.
Qruplaşma arxeoloji abidələri dağıtmaqla bütün dünyada narahatlığa səbəb olub.
2 min yaşı olan məbədlər, tağ və bir neçə bürc məhv edilib.