28 Mart 2016 12:55
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

“FlyDubai şirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Rostovda qəzaya uğramasına səbəb pilotlar arasında mübahisə yaranması ola bilər".

Teleqraf.com xəbər verir ki, bu iddianı Rusiyanın "Kommersant" qəzeti irəli sürüb. Qəzetin bildirdiyinə görə, təyyarənin "qara qutu"sunun oxunuşu zamanı pilotların səhvə yol verdiyi məlum olub:

"Pilotlar uğursuz eniş cəhdlərindən sonra təyyarəni yenidən havaya qaldırmaq istəyib. Pilotlardan biri təyyarənin burnunu həddən çox yuxarı qaldırıb. Bu təyyarənin sürətinin azalmasına və pilotlar arasında mübahisəyə səbəb olub. Pilotlardan biri digərinə "Hara uçursan? Dayan!" deyə qışqırıb. Ancaq bu mübahisə vəziyyəti daha da ağırlaşdırıb".

Ekspertlərin sözlərinə görə, pilotlar yorğunluqdan və ya təcrübəsizliyə görə laynerin öz-özünə etdiyi manevrin səbəbini anlamayıblar: "Sürət azaldıqda isə pilot kabinəsində mübahisə başlayıb. Pilotlardan biri təyyarənin burnunu aşağı endirməyi, digəri isə sürəti artırmaq üçün təyyarəni daha da yüksəyə qaldırmağı təklif edib. Onlar eyni anda öz istəklərini yerinə yetirməyə çalışdığına görə idarəetməni itiriblər. Bu hadisə təyyarənin bort kompüterinin sıradan çıxması ilə nəticələnib".

Bundan başqa bildirilib ki, mütəxəssislər hələ ki hansı pilotun səhvə yol verdiyini aydınlaşdırmaqda çətinlik çəkirlər.

Qeyd edək ki, məlum hadisə zamanı təyyarədə olan 62 nəfər həyatını itirib.

Samir


Müəllif:

Oxşar xəbərlər