Yəməndə gedən vətəndaş müharibəsi və kənardan endirilən hava zərbələri nəticəsində 990 uşaq dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-in Uşaqlara Yardım Fondu (UNICEF) məlumat yayıb. Məlumatda qeyd olunur ki, müharibə 990 uşağın həyatına son qoyub və 350 uşaq yaralanıb.
Yəməndə hər gün orta hesabla 6 uşaq dünyasını dəyişir. 320 min uşaq qida çatışmazlığı və xəstəlikdən əziyyət çəkir. Hər 50 min uşaq 5 yaşına çatmadan ölür.
Ümumilikdə Yəməndə vətəndaş müharibəsinin davam etdiyi bir il ərzində təxminən 9 min nəfər həlak olub. Onlar arasında 3 218 nəfər mülki şəxs olub. Daha 5 778 nəfər yaralanıb. Bu rəqəmlər 2015-ci il martın 26-dan bu il martın 17-nə qədər olan müddəti əhatə edir.
BMT bəyan edir ki, ölüm hallarına görə əsas məsuliyyəti Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya daşıyır.
Qeyd edək ki, Yəməndə şiə məzhəbli husi qiyamçıları, sünni tayfaları, Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri, İran, habelə İslam Dövləti təşkilatı arasındakı qarşıdurma mövcuddur.
Ayxan