İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin keçmiş həyat yoldaşı Sadja əd-Duleymi İsveçin Expressen TV kanalına müsahibə verib.
Teleqraf.com-un məlumatına görə, 28 yaşlı qadın qızları ilə birlikdə Avropa ölkələrindən birinə köçmək istədiyini bildirib: "Mən ərəb ölkələrində yox, Avropada yaşamaq istəyirəm. Qızlarımın sağlam yaşaması və təhsil almasını arzulayıram. Nə olsun ki, onların atası terrorçudur. Bu, onların günahı deyil".
Sadja əd-Duleymi onun hər yerdə Bağdadinin arvadı kimi qələmə verilməsindən narahat olduğunu deyib: "Biz 2008-də ailə qurmuşuq və cəmi 3 ay evli olmuşuq. Sonra mən ondan boşanmışam. Mənim onunla heç bir əlaqəm yoxdur".
Dünyanın 1 nömrəli terrorçusunun keçmiş arvadı Əbu-Bəkr Əl-Bağdadinin keçmişi haqqında da danışıb. Onun sözlərinə görə, həyat yoldaşı çox ailəcanlı adam olub: "O ailəsinə bağlı insan olub, Sonradan Əbubəkrin dünyanın ən təhlükəli terrorçularından biri olacağı ağlıma da gəlməzdi".
Sadja əd-Duleymi Əbubəkr əl-Bağdadi ilə cəmi 3 ay evli olsa da, onun ən tanınmış arvadlarından biri olub. "İslam dövləti"ndəki təsirinə görə ona "Xalifessa" ləqəbi verilib. O, üzünü hicabla örtməyərək açıq-aşkar bütün dünya qadınlarını "İslam dövləti"nə qatılmağa dəvət edib və onlara etibarlı ərlər vəd edirdi.
2014-cü ilin dekabrında Livan sərhədini qanunsuz keçərkən həbs olunan Sadja əd-Duleymi 1 il sonra İŞİD-çilərlə Livan hərbçilərinin dəyişdirilməsi zamanı azadlığa buraxılıb.
Yusif