"Nə ABŞ, nə də Rusiya silah plutoniumunun utilizasiyası razılaşmasının yerinə yetirilməsinə başlamayıb".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Prezident Administrasiyasının nümayəndəsi məlumat verib:
"Biz Rusiya ilə məlum razılaşmanın yerinə yetirilməsi ilə bağlı daim əlaqə saxlayırıq. Ancaq hələ ki bununla bağlı heç bir tərəf addım atmayıb".
Onun sözlərinə görə, ABŞ plutoniumun utilizasiyası üçün yeni yanaşmanı reallaşdırmaq niyyətindədir və məsələ fevral ayının büdcə sorğusuna daxil edilib: "Biz bu qərarla bağlı Rusiyanı məlumatlandırmışıq".
Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən regional və yerli KİV-lərin iştirak etdiyi üçüncü mediaforumda çıxışı zamanı ABŞ-ı silah plutoniumunun utilizasiyası razılığını yerinə yetirməməkdə ittiham edib. O bildirib ki, müvafiq saziş imzalanıb və tərəflər bu materialın sənaye üsulu ilə məhv edilməsi ilə bağlı razılığa gəliblər: "Bunun üçün xüsusi müəssisələr tikilməlidir. Biz öz vəzifəmizi yerinə yetirdik, amerikalılar isə yox".
Samir