10 Aprel 2016 23:25
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada keçirilən son parlament seçkilərindən sonra keçən bir neçə ayda sular hələ də durulmayıb. PSOE, “Podemos” və “Ciudadanos” partiyalarının koalisiyası bu dəfə də Pablo İglesiasın (Podemos) şərtləri səbəbindən alınmayıb. Onun irəli sürdüyü 20 təklifin heç biri digər iki liderin xoşuna gəlməyib.

Solların arasındakı bu anlaşılmazlıq İspaniyanı yeni seçkilər qarşısında qoyur. Ölkənin bütün aparıcı media qurumları və politoloqları bunun yeganə günahkarı kimi Pablo İglesiası görür. O isə öz növbəsində, xalqın rifahı naminə irəli sürdüyü təkliflərin digər liderlər tərəfindən bəyənilməməsini pisləyib.

İspaniya üçün yeni seçkilər əlavə maliyyə itkiləri deməkdir. Ötən seçkilər büdcəyə 160 milyon avroya başa gəlmişdi. Həmçinin yeni seçkilər ölkəni yenidən üç aylıq qeyri-müəyyənliyə gətirib çıxaracaq. Müvəqqəti hakimiyyət isə yerli konstitusiyaya görə qanunverici səlahiyyətə malik deyil. Bu da xarici səhmdarların İspaniyaya marağının azalmasına səbəb olur.

Bütün olanlar isə əvvəlki iqtidarın - Xalq Partiyasının tərəfdarlarını sevindirir. Onlar hesab edirlər ki, Pedro Sançes və Albert Rivera heç vaxt çoxluqla koalisiya qura bilməyəcəklər. Həmçinin “Podemos”un liderini xalqı yeni seçkilərə sürüklədiyi üçün rahat tənqid edirlər. Ən əsası isə son hadisələr keçmiş iqtidarı yenidən qalibiyyətə aparır.

Təkrar seçkilərdən qaçmaq üçün son şans qalır. Bu da Xalq Partiyasının lideri Mariano Raxoyun PSOE lideri Pedro Sançes ilə görüşünün nəticələrindən asılı olacaq.


Müəllif: