Avstraliyalı alimlərin apardığı tədqiqatın nəticələrinə əsasən, yaşı 40-dan yuxarı olanların işdə daha yaxşı nəticələr nümayiş etdirmələri üçün həftədə 3 gündən çox işləməməyi məsləhətdir.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, elmi tədqiqatda yaşı 40-dan yuxarı olan 3000 kişi və 3500 qadın iştirak ediblər.
Melburn tətbiqi iqtisadiyyat və sosial araşdırmalar institutunun alimləri müəyyən ediblər ki, natamam iş həftəsi şəraitində, tədqiqat iştirakçılatrı yorğunluq və stress olmadan həftədə 25 saat işləyərək daha məhsuldar iş nümayiş etdiriblər.
Araşdırmanın nəticələrinə əsasən, həftədə 60 saat işləyənlərin dərketmə qabiliyyəti işsiz həmyaşıdlarının idrakından daha aşağı olub.
"İşləməyin nəticəsi iki cür ola bilər. Bir tərəfdən, iş beyin fəaliyyətini stimullaşdırır. Lakin eyni zamanda müəyyən tapşırıqlar yorğunluq və stressə səbəb ola bilər, bu isə öz növbəsində, dərketmə qabiliyyətini zəiflədə bilər", araşdırmada deyilir.
Keio universitetinin professoru Colin McKenzie-nin sözlərinə görə, uzun iş saatları beyin fəaliyyəti üçün heç işləməməkdən daha zərərlidir. Tədqiqatın müəllifləri qeyd edirlər ki, bir sıra ölkələrdə təqaüd yaşı həddinin qaldırılması barədə qərarlar qəbul olunduğu dövrdə əldə edilmiş elmi nəticələr mühüm əhəmiyyət kəsb etməkdədir.
Lancaster universitetinin iqtisadiyyat professoru Geraint Jones vurğulayıb ki, tədqiqatın nəticələri yalnız yaşı 40-dan yuxarı olanlara şamil olunmalıdır.