ABŞ-ın Kolumbiya Universitetinin mütəxəssisləri “Wi-Fi” şəbəkəsinin sürətini bir antenanın köməyi ilə iki dəfə artırmağa imkan verən texnologiya hazırlamaqla irəliləyişə nail olublar.
Professor Heriş Krişnesvamın rəhbərlik etdiyi tədqiqat telekommunikasiya sahəsində inqilaba səbəb ola bilər. Sürət nanoölçülü silisium çipə dönməz sirkulyator və ikiqat radioqəbuledicinin tətbiq edilməsi sayəsində artırılıb.
Bildirilir ki, əldə olunan konstruksiya sistemin ümumi ölçülərini kiçiltməyə imkan verəcək. Kolumbiya Universitetinin işi sirkulyatorun silisium mikrosxemə tətbiq edildiyi ilk hadisə kimi qiymətləndirilir. H. Krişnesvamın sözlərinə görə, həll məhsuldarlığı xeyli artırır.
“Bir tezlikdə qəbuledicinin və ötürücünün eyni anda işləməsi ilə xarakterizə olunan dupleks rabitə aparılan tədqiqatların vacib sahəsinə çevrilib. Biz göstərdik ki, “Wi-Fi”-ın gücünü cəmi bir antena ilə iki dəfə artırmaq olar. Bu nəticələr smartfon və planşetlər kimi qurğular üçün çoxlu imkanlar açır”, - professor qeyd edib.
H.Krişnesvamın rəhbərlik etdiyi alimlər qrupu bu məsələ ilə bir neçə il məşğul olub. Tədqiqat prosesində alimlər dupleks rabitənin imkanını təmin edən sirkulyatorun rolu ilə maraqlanıblar. Bunun üçün qurğu Lorens qarşılığını - elektromaqnit dalğaların hər iki istiqamətdə eyni hərəkət etməsini tələb edən əksər elektron strukturların əsas fiziki xarakteristikasını aradan qaldırmalı olur. Adətən bu problemin həlli üçün ferritlər kimi maqnit materiallardan ibarət radiotezlik sirkulyatorlarından istifadə edilir. Nəticədə element bahalığı və yekəliyi ilə seçilir. Tədqiqatçılar, həmçinin kondensatorlar arasında siqnalı ötürmək üçün elektrik açarlardan istifadə edən miniatür sirkulyator yaradıblar. Nəticə ferrit qurğularda müşahidə olunan proseslə üst-üstə düşüb. Alimlər sirkulyator və əks-səda kompensasiya qəbuledicisinin daxil olduğu dupleks sistemin prototipini də ərsəyə gətirə biliblər.