Kambocada turistləri daşıyan filin ölümündən sonra minlərlə insan fillə gəzintiyə qarşı petisiyanı imzalayıblar.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi məlumata görə, fil təxminən 40C istilikdə işləməli olub. Tur operatoru temperatur düşənədək fillərin iş saatını azaltmağı vəd edib.
Petisiyanı imzalayanlar Angkor regionunun rəsmilərindən fil üzərində gəzintini qadağan etməyi tələb edirlər. Qəddarlıq tez-tez “gözdən yayınır”, - müraciətdə deyilir - və heyvanlara “ömürlük əzab” verir. Filin ölümü “həyəcan siqnalı” olmalıdır.
Heyvan haqları qrupları uzun vaxtdır ki, fillərlə zorakı təlimlərdən narahatlığını bildirirlər. Dünya Heyvan Müdafiəsi xeyriyyə təşkilatı fil üzərində gəzintini ən qəddar turist fəalliyyəti siyahısına daxil edib.
Bir çox turist şirkətləri artıq bu növ fəaliyyətin təbliğini dayandırıb. Asiya filləri, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı tərəfindən nəsli kəsilməkdə olan növ kimi qeydə alıb. Kambocada təxminən 70 əhliləşdirilmiş fil var.