Türkiyənin Osmanlı İmperiyasını bərpa etməyə çalışdığını bildirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Ankara "Osmanlının sonunu da unutmamalıdır".
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Mariya Zaharova bu barədə İzvestiya qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Türkiyə Suriya, qaçqınlar, terrorla mübarizə və Krıma dair “aqressiv” siyasət aparır.
"Türkiyə mövzusunda mümkün dərəcədə təmkinli davrandıq, ancaq Türkiyə hökumətinin həyata keçirdiyi siyasətin cinayət təşkil etdiyini və Suriyadakı sülh prosesinə son qoyduğunu həmişə bilmişik”.
Mariya Zaharova deyib ki, ölkələr arasındakı problemləri aradan qaldırmaq üçün səylər yalnız Moskva tərəfindən göstərilib. Bu arada rusiyalı rəsmi Tükiyənin destruktiv siyasət apardığını deyib.
“Təəssüflə deməliyəm - Krım, Suriya, qaçqınlar, terrorçuluq və milli məsələ kimi hər hansı istiqamətə nəzər yetirsək - hər yerdə Türkiyə rəhbərliyinin destruktiv roluna rast gəlirik”, Mariya Zaxarova deyib.
"Belə bir təəssürat yaranır ki, Türkiyə Osmanlı İmperiyasının keçmişdəki qüdrətini bərpa etməyə çalışır. Osmanlı İmperiyasının necə sona çatmasını hamımız bilirik”.
Ötən il Suriya ilə sərhəd üzərində Rusiya təyyarəsinin vurulmasından sonra Ankara ilə Moskva arasında əlaqələr kəskin şəkildə pisləşib.