ABŞ və NATO-nun birgə hərbi təlimləri çərçivəsində Birləşmiş Ştatların hərbi texnikası artıq Batumi limanına gətirilib. Teleqraf.com xəbər verir ki, bir neçə gün öncə Avropadakı silahlı qüvvələrinin komandanı, general-leytenant Frederick Ben Hodges-in rəhbərlik etdiyi heyət Batumi limanının buraxılış qabiliyyətini və infrastruktur imkanlarını araşdırıb.
Yaxınlaşan Gürcüstan-NATO hərbi təlimlərində iştirak etmək üçün Amerikanın hərbi texnikaları məhz bu liman vasitəsilə ölkəyə gətirilib.
«Layiqli Tərəfdaş» adlı irimiqyaslı təlimlər bu ay keçiriləcək. Gürcüstanın NATO ilə hər il keçirdiyi bu təlimlər Vaziani poliqonundakı NATO Təlim Mərkəzinin ərazisində təşkil olunur. Doğrudur, ABŞ-ın hərbi texnikası əvvəlki təlimlərə də cəlb edilmişdi. Ancaq bu dəfə Amerika arsenalının tərkibini daha da genişləndirmək qərara alınıb. İlk dəfə olaraq birgə təlimlərdə Amerikanın «Abrams» tankları da iştirak edəcək.
Ekspertlər hesab edirləri ki, NATO-nun Qara dənizdə güclənməsinin bir yolu Gürcüstan və Ukraynanın iştirakı ilə birgə donanma yaratmaqdır. Artıq Rumıniya belə bir təkliflə çıxış edib.