Rusiya prezidenti Nazarbayev və Lukaşenkodan bərk inciyib
Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenkodan inciyib. Səbəb hər iki ölkə prezidentlərinin mayın 9-da nəinki Moskvada keçiriləcək hərbi paradda iştirak etməməsi, hətta öz ölkələrində bu günü qeyd etməmələridir.
Qazaxıstan Müdafiə Nazirliyi açıqlamasında qeyd edib ki, parad sentyabr ayında müstəqilliyin 25 illiyi ilə əlaqədar keçiriləcək. Belarusda isə 9 mayda sadəcə atəşfəçanlıq olacaq. Qazaxıstan və Belarus hər ikisi 9 mayı ötən il faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar keçirmişdilər.
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın hakim dairələrində həm də ondan narahatdırlar ki, keçmiş SSRİ respublikaları tədricən 9 mayı unudurlar: "Halbuki, faşizm üzərində qələbədə hamının payı var və bütün xalqlar öz övladlarının xatirəsini həmin gün anırlar. Sadəcə, son illər Rusiya 9 maydan siyasi məqsədləri - rəqiblərini təxribata çəkmək üçün yararlanır, bu tədbirdən Ukrayna və Baltikyanı ölkələrə qarşı istifadə edir, guya bu ölkələrdə faşizm ayaq tutub yeriyir. Deməli, Kreml 2 mayda Odessanı qarışdıra bilmədi (iki il öncə bu şəhərdə ukraynalı millətçilərlə ruspərəstlərin toqquşması nəticəsində 50 nəfər həlak olmuşdu), indi də istəyir ki, 9 mayda eyni şəhərdə veteranlarla gənc nəsli toqquşdursun. Belə əməllərinə görə də Rusiyanın sözdə müttəfiqləri olan Qazaxıstan və Belarus belə Kremlin bu siyasətindən məsafə saxlayır".
Ayxan