ABŞ seçiciləri prezident postuna namizəd Donald Trampa dəstək verməkdən əvvəl yaxşı götür-qoy etməlidirlər.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdə çıxış edərkən deyib.
“Dövlət başçısının üzərinə böyük məsuliyyət düşür. Prezident vəzifəsi əyləncə, realiti-şou deyil”, deyə B.Obama vurğulayıb. O, həmçinin ABŞ xalqının seçkilərdə ən layiqli namizədə səs verəcəyinə ümid etdiyini ifadə edib.
Mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Trampın son rəqibi Con Keysik seçki kampaniyasını dayandırıb. Beləliklə, Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.