Bu gün Vladimir Putinin 3-cü müddətə prezident seçilməsinin 4-cü ildönümüdür.
Vlaidmir Putin 2012-ci il mayın 7-də Kremldə inaqurasiya mərasimində növbəti 6 illik müddətə prezident andı içib.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl Vladimir Putin sələfi Boris Yeltsinin varisi kimi hər biri 4 il olmaqla iki müddət (2000-2008) Rusiya prezidenti postunda əyləşib. Daha sonra ali post Dmitri Medvedevə təhvil verilib, keçmiş prezident isə ölkənin ikinci adamı - baş nazir olmağa razılaşıb.
Dünya mediasında, siyasi kuluarlarda Putin-Medvedev qarşıdurması haqda müxtəlif kompromantlar, fikir və rəylər səsləndirilsə də yekunda Vladimir Putin rəqibi üzərində qələbəsini qeyd etməli olub.
24 sentyabr 2011-ci ildə "Vahid Rusiya" partiyası Vladimir Putinin prezidentliyə namizədliyini irəli sürüb, eyni zamanda Putin qalib gələcəyi təqdirdə Dmitri Medvedevin baş nazir postu tutacağını elan edib.
2008-ci ildə Rusiya konstitusiyası dəyişidrilərək prezidentlik müddəti 4 ildən 6 ilə qaldırılıb, beləliklə, Putin daha uzun dövr üçün yüksək postda qalmaq imkanı əldə edib.
1952-ci ildə Sankt Peterburqda doğulmuş Vladimir Putin xüsusi xidmət orqanlarında çalışıb. Prezidentliyi dövründə çeçen müharibəsinə son qoymaqla, federal sübyektlərin mərkəzə daha sərt tabe etdirməklə, MDB ölkələrinə nəzarəti gücləndirməklə yanaşı bir sıra hərbi-siyasi qərarlara da (Gürcüstanla müharibə, Krımın ilhaqı, Suriya savaşına müdaxilə) imza atıb.
Vladimir Putinin üçüncü prezidentliyi dövründə Rusiyanın Qərblə, eləcə də onun hərbi təsisatı olan NATO ilə münasibətləri kəskinləşib.
Rusiya rəhbəri ölkəsinin Qərblə bərabərhüquqlu tərəfdaşlığa hazır olduğunu bəyan edir.
Teleqraf.com