Filippində hakimiyyət dövrü başa çatan Beniqno Akinonu əvəz edəcək yeni prezidentin seçilməsi üçün səsvermə başa çatıb. Seçkilərdə yeni dövlət başçısı ilə yanaşı, seçicilər vitse-prezidenti, Nümayəndələr Palatasının üzvlərini, Senatın yarısını və həmçinin yerli hakimiyyət orqanlarının 18 min rəhbərini seçiblər.
Ölkənin ən yüksək vəzifəsi uğrunda beş namizəd mübarizə aparıb. Seçkiöncəsi kampaniyada Davao şəhərinin 71 yaşlı meri Rodriqe Duterte əsas namizəd kimi öndə olub. İxtisasca hüquqşünas olan R.Duterte cinayətkarlığa, korrupsiyaya və yoxsulluğa qarşı mübariz kimi tanınıb. O, Filippin Demokratik Partiyası - Labanı təmsil edir.
R.Dutertenin əsas rəqibi 58 yaşlı Manuel Roxas hesab olunur. M.Roxas hazırkı Prezident B.Akinonun yaxın tərəfdaşıdır və seçkiöncəsi kampaniya zamanı onun tərəfindən başlamış korrupsiya ilə mübarizə, xarici investisiyaların cəlb olunması və infrastrukturun inkişafı kimi islahatları davam etdirəcəyini vəd edib.
Seçkilər zamanı 54 milyon seçici qeydiyyatdan keçib.
Səsvermə yüksək təhlükəsizlik tədbirləri şəraitində keçirilsə də, səhər saatlarında Kavite əyalətində naməlum yaraqlıların nəqliyyat vasitələrinə hücumu nəticəsində yeddi nəfər həlak olub, bir nəfər yaralanıb.
Səsvermənin ilkin nəticələrinin mayın 10-da axşam saatlarında məlum olacağı gözlənilir.
/Azertac/