16 May 2016 08:34
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə terrorçular yenidən fəallaşıb. Ölkənin cənub-şərqində hökumət qüvvələri ilə PKK terrorçuları arasında ağır savaş gedir. Eyni zamanda Suriya sərhəd ərazilərində İŞİD terrorçuları vaxtaşırı Türkiyə ərazisini artilleriya atəşinə tutmaqla dinc əhaliyə tələfat verdirir, sərhəd bölgələrində panika yayılmasına səbəb olurlar.

Ötən gün Şırnak vilayətində PKK terrorçuları bir neçə ünvana eyni zamanda hücum təşkil edib. Vilayətdə bir neçə polis və jandarma postu hücuma məruz qalıb. Toqquşmalarda 7 nəfər Türkiyə ordusu hərbçisi şəhid olub, 6 nəfər yaralanıb. Ümumi olaraq son iki gündə davam edən antiterror əməliyyatları zamanı 17 terrorçu öldürülüb.

Ümumilikdə isə bu həftə PKK silahlıları cənub-şərq vilayətlərində fəallaşıb. Cümə günü Sur rayonunda, ardınca isə Diyarbəkrin Yenişehir rayonu Tanış kəndində PKK terrorçularının bomba partlatması nəticəsində yerli sakinlər və PKK terrorçuları ölüb.

Bölgədə hüquq-mühafizə orqanları ilə PKK terrorçuları arasında toqquşmalar yenidən intensivləşib. PKK terrorçuları fəallıq göstərir, hökumət qüvvələrinə hücumların sayını artırırlar. Ekspertlərə görə, bu fəallığın arxasında bir sıra məqsədlər yatır. Birincisi, ənənəvi olaraq yaz fəallığıdır. PKK hər il olduğu kimi yazın gəlişi ilə fəallaşır, hücumlarının sayını və miqyasını genişləndirir. Təbiət şərtləri terrorçular üçün əlverişli olur.

PKK-nın fəallığının ikinci əsas səbəbi Türkiyədəki siyasi vəziyyətdir. Bir qayda olaraq bu cür siyasi gərginliklər parlament respublikalarında ənənəvi hal olan mərkəzi idarəetmənin və nəzarətin zəifləməsinə səbəb olur. Parlamentdə, siyasi qruplar arasında münasibətlər gərginləşir, mərkəzi hakimiyyətin başı daha çox paytaxtdakı siyasi mübarizəyə qarışır və nəticədə digər sahələrə diqqət azalır. Bu isə PKK kimi qruplara sərf edir. Onlar bu cür siyasi qarışıqlıqdan maksimum dərəcədə faydalanmağa çalışırlar. İndi də həm hakim partiya daxilində yeni qurultay hazırlıqları, baş nazirin istefaya getməsi terrorçuların yenidən fəallaşması üçün zəmin yaradıb.

Üçüncü səbəb isə hərbi-stratejidir. Məlum olduğu kimi, ötən ilin payızından başlayaraq hökumət son 3 ildə faktiki olaraq PKK-nın nəzarəti altında olan şəhərlərdə təmizləmə əməliyyatları başladıb. Və ötən aylarda hökumət qüvvələri – polis və ordu birlikləri PKK terrorçularına ağır zərbə vuraraq şəhərlərin bir çoxunu təmizləyiblər. Hazırda yalnız bir neçə rayonda PKK hələ də müqavimət göstərir, ancaq aydındır ki, bu müqavimət uzun sürməyəcək. Çox tezliklə PKK təmizlənəcək. Məhz bu səbəbdən də PKK indi gücünü dağlara çəkməyə çalışır. Çünki şəhərlərdən fərqli olaraq dağlarda PKK daha fəaldır, daha yaxşı gizlənə bilir və ərazi daha böyükdür. Ən mühümü isə, PKK silahlıları dağlara daha yaxşı bələddirlər. Bu səbəbdən də dağlar PKK üçün daha cəlbedici savaş məkandır. Buna görə də savaş meydanını şəhərlərə deyil, dağlara çəkmək istəyirlər.

Məsələ ondadır ki, daha əvvəl şəhərlərdə və qəsəbələrdə möhkəmlənən PKK burda bir alt sistem qurmağa çalışırdı. Hökumətin ilk dəfə antiterror əməliyyatlarına başlaması PKK rəhbərliyi üçün qəfil hücum olsa da, şəhərdə aparılan savaşın bölgə xalqının hökumətə qarşı ciddi ayaqlanmasına səbəb olacağını planlaşdırmışdılar. O səbəbdən də PKK uzun müddət şəhərlərdə müqavimət göstərməyə çalışdı. Lakin gözlədiklərinin əksinə olaraq yerli kürd xalqı Türkiyə hökumətinə qarşı kütləvi etirazlara başlamadı. PKK-nın planladığı kütləvi etiraz dalğası olmadı, nəticədə şəhərlərdə marginallaşan kiçik PKK silahlı qrupları polis və ordu xüsusi təyinatlıları tərəfindən məhv edildi. Nəticədə PKK qış boyunca ağır itkilər verərək bir çox şəhərlərdən təmizləndi.

İndi isə həm siyasi vəziyyətin qarışıq olması, həm də təbiətin verdiyi imkanlar PKK-nın döyüş cəbhəsində qismi də olsa fəallaşmasına və savaşı dağlara çəkməsinə şans yaradır. Daha bir diqqətçəkən məqam PKK-nın son aylarda xarici dəstəyinin artmasıdır. Türkiyə ordusu tərəfindən ağır zərbələr almasına baxmayaraq PKK son aylarda müasir silahlar alıb. Bu da onu göstərir ki, xarici qüvvələr PKK-nın sıradan çıxmasını istəmirlər. Çünki bu, ən azından Türkiyənin başının iç məsələyə qarışmasını təmin edir.

musavat.com


Müəllif:

Oxşar xəbərlər