“NATO-Rusiya münasibətlərinin son 3-4 ilinin dinamikasına baxdıqda görərik ki, Krımın ilhaqından sonra bu münasibətlərdəki gərginlik yüksələn xətt üzrə gedir. Son bir-iki ayı nəzərdən keçirsək, müəyyən səngimə müşahidə olunur. Amma ümumi mənzərəyə baxdıqda bu, prosesin davamıdır. Sadəcə, intensivlik bir qədər azalıb”.
Bunu Teleqraf.com-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Ərəstun Oruclu deyib.
Onun sözlərinə görə, bu, Rusiyanın müqavimət imkanlarının tükənməsidir: “Digər tərəfdən NATO prinsip etibarilə Rusiya ətrafında qurduğu bütün müdafiə istehkamlarının hamısını faktiki olaraq reallaşdırıb. Bircə Şərqi Avropada raket hücumundan müdafiə sistemlərinin reallaşdırılması qalıb. Artıq Türkiyədə, Uzaq Şərqdə bunu həyata keçiriblər. Bu da təsadüfi deyil. Çünki Rusiyanın 5500-dən yuxarı nüvə başlığı var ki, bu, dünyanı az qala 2 dəfə dağıtmağa bəs edər. Belə bir dövlətin rəsmiləri birdən nüvə hədəsi səsləndirəndə, şübhəsiz ki, digər tərəf, əks düşərgə, yəni NATO-Qərb buna qarşı müəyyən addımlar atmağa məcburdur. Bu addımlar da əsasən Rusiya ətrafında raket hücumundan müdafiə sisteminin qurulmasıdır ki, o proses davam edir. Hələlik bu məsələdə geri çəkilmə müşahidə olunmur və Rusiyanın etiraz etdiyi əsas məsələ də budur. Ukrayna, Gürcüstan, Qarabağ məsələsi həmin o prosesin tərkib hissəsidir. Yəni təsir dairəsinin genişləndirilməsi uğrunda geosiyasi mübarizə gedir. Əvvəl də Qərb ölkələri Rusiyanın yaxın xaric dediyi postsovet məkanına və Şərqi Avropaya müstəsna hüququnu heç bir vaxt qəbul etməyib. Ukrayna, Gürcüstan proseslərindən sonra o mövqe bir qədər də qətiləşib. Ona görə də mübarizə davam edir. Sadəcə olaraq son bir-iki ayda səngimə müşahidə edilir. Təbii ki, bu da Rusiyanın geri çəkilməsi səbəbindəndir. Çünki sanksiyalar artıq Rusiyanı üzüb və yay aylarında sanksiyaların bir qismini ləğvi nəzərdə tutulub”.
Qeyd edək ki, Şərqi Avropa NATO-Rusiya münasibətlərindəki gərginliyin episentri, kəsişmə nöqtəsi və maraqların toqquşduğu əsas məkandır. Həmin ərazi hazırda daha çox narahatlıq doğurur. Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond da NATO-nun Şərqi Avropada 3500-dək hərbçi yerləşdirə biləcəyini vurğulayıb.
Ə.Oruclu qeyd edib ki, Şərqi Avropanın gərginliyin episentri olması fikri ilə tamamilə razıdır: “Şübhəsiz ki, o xətt üzrə də gərginlik var. Ona görə var ki, ABŞ-a ilk növbədə Avropadakı tərəfdaşlarını inandırmaq lazımdır ki, Rusiya təhlükəsi sovuşmayıb. Deyək ki, Şərqi Avropanın raket əleyhinə müdafiə sistemləri yerləşdirilməsi nəzərdə tutulan ölkələrlə bağlı Rusiyadan nüvə təhlükəsinin səsləndirilməsi həmin məsələni bir qədər də aktuallaşdırıb. Məsələn, mən oxuduqlarımdan belə anlayıram ki, ABŞ-ın özünün raket hücumundan müdafiə təhlükəsizliyi son dərəcə etibarlı və müasirdir. İndi həmin sistemin Avropaya tətbiqi həyata keçirilir və düşünürəm ki, bu proses dayanmayacaq. Bu baxımdan Britaniyanın xarici işlər nazirinin vermiş olduğu açıqlama nəzərdə tutulan planın çox cüzi bir hissəsidir. Şərqi Avropada NATO-nun iştirakı bir qədər də genişləndiriləcək və NATO mövqelərinin gücləndirilməsi həyata keçiriləcək. Bilirsiniz ki, ABŞ ora F-22 təyyarələri gətirdi. Bu da təsadüfi deyil ki, həmin təyyarələr demək olar ki, radarların heç bir halda tutmadığı az qala yeganə təyyarələrdir. Demək, proses davam edir və davam edəcək”.
Qeyd edək ki, NATO-Rusiya münasibətlərinin pisləşməsindən söz düşəndə yeni “soyuq müharibə”nin başlaya biləcəyi fikri önə sürülür. Bugünlərdə Polşanın TVN telekanalına müsahibəsində alyansın baş katibi Yens Stoltenberq yeni “soyuq müharibə istəmədiklərini vurğulayıb: “Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində deyil, biz “soyuq müharibə”dən sonra bu cür münasibət qurmaq yaratmaq istəyirdik. Eyni zamanda bu münasibətlər konfrontasiya da sayıla bilməz, biz yeni “soyuq müharibə” istəmirik”.
Ə.Oruclu da bunun ehtimal edilmədiyini vurğulayıb: “İndiki gərginliyi bəzən keçmiş “soyuq müharibə” ilə eyniləşdirirlər. Biz “soyuq müharibə” dövrünə baxsaq görərik ki, əvvəla həmin vaxt SSRİ, ondan əlavə də sosialist dövlətlərinin Varşava Müqaviləsi Təşkilatı adlı hərbi bloku var idi. Bundan başqa Çinin mövqeyi məlum idi. Çinlə Qərbin müəyyən qarşıdurması mövcud idi və digər amillər var idi. Bu gün bu amillərin heç biri yoxdur. Rusiya təkbaşına demək olar ki, bütün dünyaya, dünyanın güc mərkəzinə və ya mərkəzlərinə müqavimət göstərmək iqtidarında deyil. Sadəcə olaraq müəyyən müqavimət vasitəsilə özünə, öz milli maraqlarına uyğun anlaşmaya can atır. Düşünürəm ki, bu anlaşma da əldə olunandan sonra bu gərginlik aradan qalxacaq”.
Səxavət HƏMİD