26 Aprel 2017 11:03
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

1920-ci ildən sonra Türkiyəyə mühacirət edən azərbaycanlı siyasətçilərin, yazıçıların, şairlərin ən önəmli fəaliyyətlərindən biri də bu ölkənin mətbuat həyatında iştirak etmələridir.

Məhəmmədəmin Rəsulzadənin, Əhməd Cəfəroğlunun, Məhəmmədsadıq Axundzadənin, Mirzəbala Məhəmmədzadənin, Çingiz Göygölün və digərlərinin timsalında bu ölkədə mühacir Azərbaycan mətbuatı yaradıldı. Bu mühacirlərin özləri də Türkiyədə nəşr edilən bir çox dərgilərlə, qəzetlərlə əməkdaşlıq etdilər. Bu dərgilərdən biri II Dünya Savaşı dönəmində Türkiyədə türkçü fikir və sənət dərgilərindən olan “Çınaraltı” jurnalıdır.

Bu jurnal o zamanın tanınmış ədəbiyyatçıları və fikir adamları Orhan Seyfi Orhon və Yusuf Ziya Ortaç tərəfindən çap edilib.

İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarı ilə yayımlanan bu jurnalın qısa fasilələrlə 9 avqust 1941-9 iyun 1948 tarixləri arasında 161 sayı nəşr edilib.

Bəzi qaynaqlarda jurnala maliyyə dəstəyinin Ənvər Paşanın qardaşı, Bakının xilaskarı, o zamanlar Türkiyədə silah sənayesinin önəmli şəxslərindən Nuru paşanın verdiyi bildirilir. Yazar heyətində təqaüdə çıxmış general, Nuru paşanın dostu Hüseyn Hüsnü Emir Erkilet də vardı.

İstanbulda Bəyazid kitabxanasında bu jurnalın bütün saylarına baxmaq və araşdırmaq imkanımız oldu. Bu jurnalda ən çox əsəri yayımlanan azərbaycanlı mühacirlər Türkiyədə Sadık Aran və Senan Azer imzası ilə tanınan Məhəmmədsadıq Axundzadə və şair Almas İldırımdır.

Almas İldırımın şeirləri

Mühacir şair Almas İldırımın bu jurnaldakı ilk şeiri 27 sentyabr 1941-ci il tarixli 8-ci sayda yayımlanan “O qərib vətən üçün” şeiridir. Almas İldırımın “Çınaraltı”nda yayımlanan digər şeirləri bunlardır:

“Bir gün” – 13-cü say, 1941.
“Həsrət” – 17-ci say, 1941.
“İstanbul” – 18-ci say, 1941. (Bu şeir haqqında ayrıca yazı təqdim edəcəyik)
“Gölcüklə dərdləşmə” – 20-ci say, 1941.
“A dağlar” – 26-cı say, 1942.
“Bir səs gəlir uzaqdan” – 27-ci say, 1942.
“Orda bir ölkə var” – 29-cu say, 1942.
“Mən kiməm” – 37-ci say, 1942.
“Qoşma” – 38-ci say, 1942.
“Lənət şairliyimə” – 40-cı say, 1942.
“Birləşən iki nəhir” – 42-ci say, 1942.
“Bilmə içimdəkini” – 44-cü say, 1942.
“Sevin könül, sevin” – 50-ci say, 1942.
“Hanı” – 54-cü say, 1942.
“O, mənimdir əzəldən” – 58-ci say, 1942.
“Qurbanın olduğum” – 62-ci say, 1942.
“Bir quş olsaydım” – 80-ci say, 1943.
“Allahım” – 90-cı say, 1943.

Əhməd Cəfəroğlunun yazıları

Mühacir, Türkiyənin tanınmış dilşünası, professor Əhməd Cəfəroğlunun “Çınaraltı”nda yayımlanan məqalələri bunlardır:

“Anadolu səyahət qeydlərində Qars vilayəti” – 15-ci say, 1941.
““Yeni dünya” məcmuəsinə xatırlatma” – 33-cü say, 1942.
“Əfşar əşirəti” – 36-cı say, 1942.

Ə.Cəfəroğlunun ““Yeni dünya” məcmuəsinə xatırlatma” adlı məqaləsi bu jurnalda “Azəricə xəbərlər” başlığındakı “azəricə” sözünə qarşı yazılıb. Məqalədən sitat: ““Azəricə” adlı bir dil yoxdur... 1918-ci ildə istiqlalını elan edən Azərbaycan Cümhuriyyəti rəsmi dövlət və ədəbiyyat dili olaraq yalnız İstanbul şivəsini qəbul etmişdir və bu gün Berlin radiosunun “azəricə” adlandırdığı türkcə tamamən İstanbul şivəsinin eynisidir”.

Bu məqalə olduqca maraqlı olduğu üçün tezliklə tam şəkildə dərc edəcəyik.

Məhəmmədsadıq Axundzadənin yazıları

Azərbaycan Cümhuriyyətinin Zəngəzurdan millət vəkili, bir müddət Finlandiyada yaşayan, daha sonra yenidən Türkiyəyə köçən, “Türk yolu” dərgisinin sahibi, “İran türkləri”, “Ergenekon yolları” kitablarının müəllifi Məhəmmədsadıq Axundzadənin (Sadıq Aran, Senan Azer) “Çınaraltı”nda bir çox yazıları çıxıb.
Onun “Çınaraltı”ndakı yazıları bunlardır:

“İranda Türk şairləri” – 16-cı say, 1941.
“İran türkləri” – 25-ci say, 1942.
“Saib Təbrizi” – 27-ci say, 1942.
“Qıpçaq türkləri” – 29-30-cu saylar, 1942.
“Qövsi” – 33-cü say, 1942.
“İran türkləri” – 40-cı say, 1942. (Nihal Atsıza cavab)

Dərginin 36-cı sayında tanınmış türkçü Nihal Atsızın Sadıq Aranın “İran türkləri” kitabı haqqında məqaləsi yayımlanıb, müəllifə bəzi suallar ünvanlanıb. Sadıq Aran da 40-cı sayda bu sualları cavablandırıb. Ümumiyyətlə, Sadıq Aranla Nihal Atsızın dostluğu olub, Atsız onun ölümü ilə bağlı məqalə də yazıb.

Azərbaycanla bağlı maraqlı yazılar

“Çınaraltı”nın 1942-ci ildə yayımlanan 22-ci sayında Mirzə Ələkbər Sabirin “Amalımız nədir” adlı şeiri yayımlanıb. Bu saydakı əsas yazılar Namık Kemalın xatirəsinə həsr olunub. Buna görə də Sabirin Namık Kemala yazdığı “Amalımız nədir” nəzirəsi çap edilib. Sabirin kimliyi belə təqdim edilib: “Son əsrdə yetişən ən böyük türk şairlərindən, bir “Türk Şahnaməsi” sayıla biləcək məşhur “Hophopnamə”nin müəllifi Sabirin (Tahirzadə Ələkbər Sabir) Azərbaycan və bütün Qafqaz türklərini ayıltmaq üçün Namık Kemalın məşhur bir əsərinə yazdığı nəzirəsini Namık Kemalın Türkiyə xaricindəki türklər arasındakı təsirini göstərən yaxşı bir nümunə olduğu üçün yayımlayırıq”.

23-cü sayda (1942) isə F.Saltkan imzası ilə “Göyçəli Ələsgər” adlı məqalə nəşr edilib. Məqalədə Aşıq Ələsgərin həyatı və şeirləri haqqında geniş məlumatlar verilib.

28-ci sayda (1942) Əli bəy Hüseynzadə haqqında Dündar Akünal imzası ilə üç səhifəlik yazı yayımlanıb. “Hüseynzadə Əli bəy. Qafqazda türkçülük hərəkatına bir baxış” adlı məqalənin müəllifi olan Dündar bəy bir zamanlar Əli bəylə “Füyuzat” jurnalında çalışan türk şair, yazar, naşir Ahmet Kemal Akünalın oğludur.
27 Mart 1943-cü ildə çap olunan 79-cu sayda mühacir Əziz Alpoudun “Bozqurd bayramı” adlı yazısı yayımlanıb. Yazıda müəllif Azərbaycandakı Novruz bayramının necə keçirilməsi ilə bağlı bilgilər təqdim edir.

“Çınaraltı” dərgisində azərbaycanlı mühacir Bəhram Kürün xanımı, hazırda türk ədəbiyyatının tanınmış imzalarından Pınar Kürün anası İsmət Kürün də bir çox şeirləri yayımlanıb.

“Çınaraltı”nda mühacirlərimizin yayımladığı maraqlı yazıları qısa zamanda Sizlərə təqdim edəcəyik.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər