17 İyun 2017 09:04
3 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən ayrıldıqdan sonra Zeynəbi cəmisi bircə dəfə görmüşəm. O da çox kədərli bir hadisənin içində...”

Teleqraf.com tanınmış şair Murad Köhnəqala ilə müsahibəni təqdim edir.

– Murad bəy, hər şey niyə belə oldu?

– Belə də olmalı idi. Biz heç yerdə səhv buraxmamışıq, elədiklərimizin hamısı düzdü. Səhv hesab elədiyimiz yaşantılarımız da əslində doğrudu, yaşanılmış heç nədə yanlışlıq yoxdu. Əyrilər, düzlər, ağrılar, sevinclər – bunların hamısı insan ömrünün bəzəyidi. Bu düşüncədə olan insan həmişə rahat yaşaya biləcək. Ən yaxşısı mənasız nigarançılıqdan azad olmaqdı.

– Sizcə, insan niyə dözür? Yoxsa özünü Yer kürəsinəmi oxşatmaq istəyir?

– İstənilən canlıda, eləcə də insanda yaşama, mövcud olma, müqavimət göstərmə instinkti gizlənib. O instinktlər bəzən biz bihuş, özümüzdən xəbərsiz olanda da işləyir. İnsan yaşadıqca yaşamaq istəyir. Heç kim ölümə inanmır. İntihar eləyənlər də ölümə inanmır.

Yer kürəsi böyük bir molekuldu, canlılar, eləcə də insanlar onun atomları, protonları, neytronları, elektronlarıdı. Kənardan müşahidə eləsən görəcəksən, hərə bir tərəfə qaçır, eynən maddələrin tərkibindəki hissəciklər kimi.

– Görəsən, insanlar həyatı özlərimi çətinləşdirir? Yoxsa bu şeyləri başımıza gətirən qəzavü-qədərdir?

– Sualın ikinci hissəsinin çoxlu fəlsəfi cavabı var. Bəziləri deyir, təsadüfi heç nə olmur, yəni bizə təsadüfən görünən istənilən hadisənin özülünü ya özümüz, ya da ətrafımızdakılar qoyur. Fatalist düşüncəlilər deyir, alın yazısı var, qəzavü-qədəri qabaqlaya bilmərik. Mən bunların arasındakı ortaq fikri qəbul edənlərdənəm.

Yəni insan öz həyatını, taleyini dəyişmək gücündədi, lakin ondan asılı olmayan şeylər də var. Ona görə mən çalışıb-vuruşmağın, optimist olmağın, hər xırda uğura sevinməyin tərəfdarıyam. Xırda uğursuzluğa görə əllərini dizinə çırpıb ruhdan düşənlərdən deyiləm.

– Deyirlər ki, vətən qədrini qürbətdə bilərlər. Beş aylıq qürbət həyatınızda sizin üçün vətən anlayışının mənası dəyişdimi?

– Əslində, vətən doğmalar, dostlar, tanışlar, doğma dil deməkdi. Mən Avropada oldum, orda hər şey gözəldi, hətta bəzi mütərəqqi işlər ideal vəziyyətdədi. Ancaq bütün bunlar mənim üçün deyildi. Çünki mən özümü gözəl bir filmə baxan tamaşaçı kimi hiss edirdim.

Böyük ekranda hər şey gözəl idi, bütün mənzərələr maraqlı idi, lakin mən o filmdə iştirak eləmirdim. Mən iştirakçı yox, tamaşaçı idim. Deyim ki, mən qürbətə öyrəncəli adamam, ancaq heç vaxt budəfəki kimi Azərbaycan üçün darıxmamışdım. Özü də burdan elə bir qəzəblə çıxmışdım, insanlardan elə bir şəkildə küsmüşdüm, geri qayıtmağı yuxuda belə arzulamırdım. Ancaq sonda bayaq dediyim o qəzavü-qədərlə öz qərarım birləşib taleyimi yenidən dəyişdi.

– Qızınız Zeynəbdən ötrü darıxırsınızmı? Tez-tez görüşürsünüzmü?

– Mən ayrıldıqdan sonra Zeynəbi cəmisi bircə dəfə görmüşəm. O da çox kədərli bir hadisənin içində. Köhnə evimdən bəzi əşyalarımı və sənədləri götürməyə getmişdim. Zeynəb tələbədi, sessiyaya buraxıldığından o da evdə idi. Çox gərgin bir fonda hərəkət edirdik.

Mən dinməz-söyləməz əşyalarımı yığışdırırdım, Zeynəb də otağın bir küncündə durub gözaltı mənim hərəkətlərimi izləyirdi. Psixoloji ağırlığı beyinpartladan bir mənzərə idi. Ötəri baxdım ki, Zeynəbin gözündə eynək var. Təxminən iki ilə yaxın idi, o evdə olmurdum, mən olanda qızım eynəksiz idi. Onun eynək taxmağı mənə çox pis təsir eləmişdi.

Zeynəbi soruşursunuzsa, əvvəllər çox darıxırdım onunçün, indi darıxmıram. Çünki ali təhsil almaq arzusuna çatıb, tələbədi, bilirəm ki, hər şey ürəyincədi, ondan narahatlığım yoxdu. Ancaq telefon zənglərimə cavab vermir, görünür, hələ də anasının təsiri altındadı, məni bağışlamır. Ancaq oğlum Mustafa ilə dostluğumuz davam eləyir, tez-tez görüşürük.

– Murad bəy, bəlkə də sualım kobud səslənə bilər, əvvəlcədən üzr istəyirəm. Oğlunuz Amurun bir, sizin isə altmışa yaxın yaşınız var. Heç düşünürsünüzmü ki, onun tələbəlik illərini, toyunu görməyə ömrünüz çatmaz?

– Həyatı övladın sünnət toyuna, yaxud elçiliyinə hesablamaq, ailəlikcən maşından xonça düşürmək mənimçün gülməlidi. Ömür nə qədər vəfa edər, o qədər yaşayarıq. Mental dəyərlərlə yaşayan adam deyiləm. Bir ton arxaik, çoxdan kəsilib atılası adət-ənənəmiz var ki, eşidib görəndə əsəbiləşirəm. Həm də mən statistik adamlar kateqoriyasına daxil deyiləm. Ona görə də oğlumdan əlli səkkiz yaş böyük olmağım həyatımın ən mənalı hissəsidi.

İkincisi, Amurun toyunu görmək deyirsiz. Amur 22 yaşında evlənsə, mənim səksən yaşım olacaq. Heç səksən yaşlı kişi görməmisiniz? Ağlınız fast-fud cavanlarına getməsin, mən möhkəm adamam.

– Şeirlərinizdə, yazılarınızda işıq sözünə çox rast gəlirəm. Bu sözə Əkrəm Əylislinin əsərlərində də sıx-sıx rast gəlinir. Sizin işığınızla Əkrəm Əylislinin işığının fərqi mənə maraqlıdır...

– Hər ikimiz kənd uşağıyıq. Özümüzlə gətirdiyimiz, yazdıqlarımıza dağıtdığımız o işığı kəndimizdən, insanların üzündən, kəndin təmiz səmasından, aylı gecələrindən, ağaclarının çiçəklərindən dərib gətirmişik.

Əkrəm o işığı bir zaman öz yazdıqlarında bəsləyir, sönməyə qoymurdu. Ancaq sonunda nədənsə üfürüb söndürdü o işığı, elə bildi o işığı söndürməklə hər yanı zülmətə döndərə biləcək, ancaq söndürdüyü işığın zülmətində yalnız özü qaldı.

– Əkrəm müəllimə qarşı niyə aqressivsiniz? Doğrudanmı bu hirs “Daş yuxular” romanına görədir? Bəlkə ayrı səbəb də var...

– “Daş yuxular”ı oxumamışam, sadəcə, “Yeni Müsavat” qəzetində əsərdən parçalar çap olunmuşdu, onu oxumuşdum. Satqın adamın yazısıdı. Baxdım ki, əsərin özü bir yana, elə orda çap olunan cümlələrin tək bircəciyinə görə adama satqın demək olar. Bu əsəri dövriyyəyə buraxılanda ona nifrət eləyirdim, indi yazığım gəlir.

Ölkəmizdə bir yazıçı üçün hansı imtiyazlar varsa, Əkrəm onların hamısından yararlanıb və sonunda nankorcasına bizi ermənilərin ayağına verdi. Təbii, Əkrəm erməninin tərəzisinin gözünə minsə də, bizə bir təsiri ola bilməz, ancaq könlümüzü bulandıra bildi. Bu satqın əsərindən sonra Əkrəmlə şəkil çəkdirməyi özlərinə fəxr hesab edənlərə bir sözüm var: erməni heç vaxt özünə sərf eləməyən əsəri - özü də düşmən millətin nümayəndəsinin əsərini - təcili tərcümə eləyib kitab halında çap eləməzdi.

– Başqa bir sual. Sizə də elə gəlirmi ki, xoşbəxtliyə qafiyə axtarmaq artıq bayağılaşdı, öz kədərli şirinliyini itirib zəhlətökən bir ifadəyə çevrilməyə başladı? Hər şey niyə sürətlə köhnəlir?

– Hər şey köhnəlir və köhnəlməlidi də. Mən zamanı ilahi varlıq bilirəm. Və o böyük zaman hər şeyin üstündən keçir. Təkcə üstündən yox, içindən və hər yerindən. Ona görə hər şey, hər kəs köhnəlməli, dağılmalı, deşilməli, məhv olmalı, çürüməli, qocalmalı, ölməlidi. Odur ki, yaşamışkən şən yaşamağa çalışmalı, optimist olmalı, kədərə meyillənməməlisən.

– Yaşaya-yaşaya çürümə?..

– Bəli... Çürüməyə vaxtın olacaq, narahat olma. Fikrimcə, köhnəliyin tərəfdarı olan, köhnə əşyaları ilə vidalaşmaq istəməyən adama heç vaxt yeni ideya gələ bilməz.

– Siz Yazıçılar Birliyinə üzv olandan sonra Prezident təqaüdünə layiq görüldünüz. Sizcə, bu təqaüd öz haqqınızdı, yoxsa buna görə Anar müəllimə borclusunuz?

– Təvazökarlıqdan bir az kənar olsa da, deməliyəm ki, mən özümü daha böyük və uzunmüddətli təqaüdlərə layiq bilirəm, ancaq onu mənə verən kimdi? Qaldı indikinə, bir illik təqaüd üçün Anar müəllimə burdan minnətdarlıq eləsəm, hər ikimiz yüngül görünərik.

Yenə deyirəm, mən AYB-yə təqaüd üçün qayıtmamışam, adım siyahıya təmənnasız salınıb. Ümumiyyətlə, o təqaüdü almaqda Anar müəllim hər bir istedadlı adama yardımçı olur.

– Sonda... Günhkar kimdir?

– Günahkar yenə Gerasimdi. O, Mumunu çuxasının ətəyinə büküb özünü də, küçüyü də sahibəsindən xilas edə bilərdi.


Müəllif: Çinarə Böyükçöl