17 İyun 2017 00:16
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasirliyi ilə göz oxşayan Bakubus, içində təsadüfi bir bayağı mahnı – “Ya nəsib, ya qismət, daray, daray, daray, ray”. Diksindim. Çox eybəcər situasiyadır. Sonra yenə təsadüfən “ara aşıqları”nın Aqşin Yeniseyin şeirinə yazdığı mahnı – “Sənə məktub yazıram, yazıram ki, bağışla”. Bu dəfə lap dik atıldım. Düşmək lazımdır.

Saat 17:00

Yenə Gənc tamaşaçılar teatrı. Qismətin Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr” kitabının təqdimatı. Qismətimin arxasınca tələsik addımlarla gedirəm. Seyrəklikdir. Elə ilk andaca Qisməti görürəm. Təmkinli, yarı gülüş, yarı ciddiyyət saçan siması, sərbəst geyimi, qarşısında ATV televiziyasının kamerası və ona uzanan mikrofon. Bilmirəm, deyəsən, ədəbiyyat adamlarının televiziya aclığından idi ki, çəkilişə düşmək üçün Qismətin arxasından bir o yana gedirdilər, bir bu yana.

Ədəbiyyatdan çox film materialı olan Seyfəddin Hüseynli isə o qəribə səsiylə tanıdığı adamları salamlayıb keçir Səlim Babullaoğlunun yanına. Hər sahədən baş qaldıran, boylanan Səlim bəy də Seyfəddinə nəsə pıçıldayır. Məncə, hərdən Səlim bəylə İlqar Fəhmi bir-birinə çox bənzəyir, hər sahədən baş qaldırmaq istəyilə. Sonra Cavanşir Yusifli də bu pıçıltıya qoşulur. Burada bir iş, üç əməl. Niyə o boyda səs-küydə üç adam bir-birinə pıçıldasın ki?

Kitab Nabokovdur ha, adı kimi özü də sanballıdır. Qismətin tərcüməsinin bəhrəsidir. Ədəbiyyat sevgisi ilə yaşayanlar üçün əla material, adi adamlar üçünsə qapının arasına, stolun ayağının altına qoyulası bir kitab.

Elə bil, Qismət də bizi Nabokov kimi “Qətlə dəvət” etmişdi. Kimi, ya da nəyi öldürməliydik?!

Kiçik bir imza masası var, amma boşdur. Qismət Ömər Xəyyamla söhbət edir. Ömər də döyüşə hazırlaşanları xatırladan geyimiylə, əlini uzun saqqalına sürtüb gülümsəyir. Qəfil tünlükdən səs gəlir, kimdirsə, Qismətlə yaxşı zarafatı var.

- Qismət, al bu kitabı imzala da, başın yaman qarışıb e...

Qismət də Cem Yılmaz hazırcavablığı ilə: “Müəllim, mən Nabokovun yerinə necə imza atım?” – deyib, əvvəlcə ətrafındakıları güldürür, sonra ayaqüstü kitaba imza atır.

Aha, Kənan Hacı da gəldi. Gözlərini gizlədən xamilyon eynəyinin altında qəribə sevinc işartıları görürəm. Həmişə Kənan Hacıyla Feysbukda söhbət etməyimizə baxmayaraq, məni görəndə heç vaxt tanımır. Heç özüm də səbəbini bilmirəm.

Tədbirə gələnlər, qaynaşır, yer dəyişirlər. Elə bu qaynaşmanın içindən ortaya Hz. Musa kimi qəfil bir adam çıxır və adamları özünə tərəf səsləyir – “Ey insanlar, yaxın gəlin, bir az vaxtınızı alacağam”. O adam Səlim Babullaoğludur. Bayaqkı pıçıldayan üç adamdan biri. Hə, deməli, üç nəfərlik pıçıltı yavaş-yavaş çözülür.

Elə bil ki, Qismət də bizi Nabokov kimi “Qətlə dəvə” etmişdi. Kimi ya da nəyi öldürməliydik?!

Səlim bəy sözə başlayır.

“... bilirsiniz də, Qismətin...

... hamınıza məlumdur ki, Nabokov...

Kəramət Böyükçöl, sən də yaxın dur.

... yazıçı... olmalıdır... və bilin ki, ironiya və etiraz yeni nələrinsə yaranmasına...

...Qismət...

...Nabokov...

Bilirsiniz, biz bilirdik ki, bu kitabın oxucu kütləsi bir o qədər də çox olmayacaq...”

(Kəramət hələ də bilmirdi ki, niyə yaxın durdu)

Qismət arada dodağını tərpədib başını Səlim bəyə razılıq əlaməti kimi yelləyir.

Sonra Səlim bəy qəfil gediş edərək Cavanşir Yusiflini çağırır. Cavanşir bəy həmişəki kimi qəliz söhbətlər edirdi deyə, səsi adamların səsindən az çıxırdı. Kəramət bir sağa, bir sola baxır və aralaşır.

“Nə var məndən qaçmağa,

Mən ki qəfəs deyiləm...”

Kəramət bir də Seyfəddin Hüseynli dəvət olunanda qayıdır. Seyfəddin bəy deyir ki, gələndə möcüzəylə rastlaşdıq. Bir cavan oğlan Qismətə yaxınlaşıb “Gələcəyin tarixi” kitabını oxuduğunu, bəyəndiyini, hətta heyranlığını bildirdi. Axx, Seyfəddin bəy, axx... Möcüzə, möcüzə, möcüzə! Səlim bəy davam edir.

- ... Nabokov, Bite, Miloş... ədəbiyyat uğrunda... Qismətin tərcümələri... artıq sınaqdan çıxmış kadr... İstəyirəm, kitabın redaktoru Tahir Kazımlını dəvət edim.

Tahir bəy də “mən nə deyə bilərəm ki?” - deyə-deyə yaxınlaşır, “Qisməti təbrik edirəm, dedilər, redaktəyə sən bax, mən də baxdım”, - deyib yerinə qayıdır. Səlim bəy dözməyib zarafatı tutuzdurdu: “Görün ha, redaktorluğu burdan bilinir, təbrik çıxışını da redaktə edib deyir, qısa, lakonik”.

“Dostlar, adətən çıxışlar qurtaranda səbəbkar imza vaxtına keçid alır, sizi Qismətlə baş-başa buraxıram, Qisməti də, sizi də təbrik edirəm. Bircə alqışımız çatmırdı, çatmadı da”.

Elə bil, Qismət də bizi Nabokov kimi “Qətlə dəvə” etmişdi. Kimi ya da nəyi öldürməliydik?!

Zəhrimara qalmış bu səs, bu fikir məni üçüncü dəfədir narahat edir.

Qismət masaya yaxınlaşır, tək-tük imzalar atır, şəkil çəkdirir. Özü də öz şeirinin havasıyla, təxminən belə:

Darıxanlar ordusu səni başçı seçibsə....

İçini yandırırsa kimsəsizlik duyğusu….

Gözlərin sulanırsa təkliyin zülmətində…

Bir ağız da mən hürüm, darıxmasın o köpək...


Müəllif: Emin Akif