29 İyul 2017 12:35
3 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərdən düşünürdüm ki, Pərviz Cəbrayıl niyə şeirlərində bu qədər təəccüblənir? Sən demə, Pərvizin şeirləri Pərvizin içi kimi dağınıqmış. Bir dəfə söhbət əsnasında özü dedi ki: “İçim səpələnib”.

Elə bil, yoldan keçən adamların tozu var şeirlərində. Elə bil, Pərvizin şeirləri Pərvizdən başqa hamıdan, hər şeydən narahatdır. Bir də, boğmaq, hər şeyi darmadağın etmək, reallıqla barışmamaq, ağ qarğa olmaq istəyi şeirin özülündən yola çıxır. Yəni Pərvizin şeirlərinin dodaqları və döşləri, eləcə də burnu və gözünün kənarları, üzünün dərisi estetik əməliyyata girməyib, əksinə, çox qəribə bir əməliyyatdan keçib, deyək ki, "6 nömrəli palata"dakı baş həkimin əməliyyatından. Deyək ki, Pərvizin şeirləri "Qara rahibdi". Və ya bu şeirlər "Dünyanın ən gözəl ölüsü"dür…

Pərvizin şeirlərində daha çox “oldu, bitdi!” var. Olacaqlar heç maraqlı deyil sanki.

Bu misralarda deyir ki:

“...fəqət

düz Dəfnə ağacının üstünə düşəcəyəm, deyə,

qalmışam belə -

çar-naçar,

aşağı atılırsan Dəfnədi,

yuxarı – Tanrı.”

Vassa! – Yəni bir hindli rahibin dili ilə desək, “oldu, bitdi”. Pərviz nə tanrıya yaxındır, nə də dəfnə ağacına. Pərviz susqunluğunun yanındadır. Necə susur? İndi deyəcəm dəniz kimi, deyəcəksiniz - bunu deyiblər. Bəs yaxşı, sizə dənizin “dubinka” ilə döyülməyindən kimsə danışıb? Kimdənsə eşitmisiniz belə bir şey?

İndi oxuyacağınız şeirləri də heç vaxt eşitməmişdiniz, eşidin...

Hörmətlə: Elçin Aslangil

Teleqraf.com Pərviz Cəbrayılın yeni şeirlərini təqdim edir:

Ölüm ürküdən uyuq

Bədənimizin ağrıları

Xəstəxana xələtləri kimi

Heç vaxt öz ölçümüzdə olmaz

Böyük gələr əynimizə

Yetim uşaqlar

Ölmüş atalarının iri pencəyini geyinər

Savaş zamanlarında

Yerə qonub

həyatları dənləməsin deyə

Bombaları ürkütmək istəyən

Uyuğa bənzərlər...

Bizə də

Mal-mülk qalmadı atalardan

İri, nimdaş ağrılar qaldı miras

Gey ki geyəsən,

Ye ki yeyəsən

Bitməz...

Ama ölüm də qona bilməz yatağımıza...

***

Adı başdaşı yazısı kimi

Zaman keçdikcə,

Ağzı qara açıldıqca sabahların

Telefon dəftərçəmizdə

Adı başdaşı yazısı kimi görünər

Dostların

Və çoxalar adı həkimlərin,

Cərrahların...

***

Mən gedərkən gəldin

Gəldin:

Viranəmi abad eylədin;

Gəldin:

Ölüm sükutumu bərbad eylədin;

Gəldin:

Qollarımı qulac-qulac açdım,

böyük qucaq olsun,

birdəfəyə yüz kərə dolansın boynuna;

Gəldin:

Ciyərimin baş köşəsinə oturtdum,

son nəfəs kimi gəldin.

Gəldin,

Heç getməni istəmədim;

Gəldin,

Heyf ki, mən gedərkən gəldin...

***

Ölmə, Qəzənfər əmi

Ayrılıqlar

Üzüsoyuq ölümün dirisidi

Ayrıldımı,

adam soyuyur yavaş-yavaş

Ölmə, Qəzənfər əmi, ölmə,

Heç kim ölməsin...

Daha gücüm yox yaşamağa...

***

Çexov, Nazlıcan və mən

Bir an gəlir,

Nə intihar vurar ağlına,

Nə azadlıq istərsən

qurtuluş üçün.

Nə it hürən tərəfə getmək istərsən,

nə işıq gələn.

Bir an gəlir,

Ağa evində

azyaşlı dayəsi olarsan

gecələr yuxubilməz,

çığırqan körpə Ömrün

kipriklərin dayanmaz

Yerin cazibə qüvvəsinə,

sadəcə, başını torpağa atıb

gözünün acısını, canının ağrısını

tökmək,

Bir çimir yuxu almaq istərsən.

Ancaq

bir tərəfdən it hürər üstünə,

bir yandan

işıq düşər gözünə

ta ki sabaha,

sübh üzünəcən

Və Nazlıcan demiş,

nə müsibət ki, daha

işıq da it hürən tərəfdən gəlir...

***

Sevgi yükünə dözən saat

Görüş günü

dikmə baxışlarını saata

əqrəblər yüklənir

zaman dayanır

saatlar yatır

Mənim balam,

hələ kəşf olunmayıb

sevgi yükünə dözən saat

ürəyini dinlə

Zaman uçsun...

***

Hara qoyum bu yorğun gözləri:

Sərin şüşəli eynəyimin üstünə?

Yenicə ütülənmiş

İsti köynəyimin üstünə?

Çantamın içinə?

Cibimə?

Ürəyimi qoyduğum

ovcuna?

Bəlkə zivədən asım?..

***

Dünyanın ən gözəl yatağı

Qış günü

səninlə

Bir-birini tanımadan,

bir-birindən xəbərsiz

yan-yana oturduğumuz

daş səkilərdi.

Dünyanın ən gözəl damı

birimiz şəhərin bu,

birimiz o başında

divanə dolaşarkən

başımıza ələnən qardı, yağışdı

Dünyanın ən gözəl vətəni

haçansa qarışacağımız torpaqdı

İstər, sən lap

dünyanın o başında ol,

mən bu...

***

Çox böyükdü insan,

Yaxından tam görmək

Və sevmək olmur...

Hələ qadınsa...

Günəşdən danışıram sənə, oğlum,

Günəşdən...

***

Səndən məktub gözləyirdim,

Yoruldum, üzdüm əlimi.

Canım bir sətirlikmiş demə,

Dayanıb süzdüm ölümü.

Səndən məktub gözləyirdim,

Gəlmədi, bir daha yazdım.

Sənə məktub yetişmədi,

Götürdüm allaha yazdım.

Səndən məktub gözləyirdim,

Bilirdin, sözdədi canım.

İşində ol, yazma daha,

Onsuz da sizdədi canım...

***

RUMİ

Sevdiyin qadınlara

Şeirlər yazarsan

Gözəldən gözəl,

Qəzəldən qəzəl.

Şeirlərin gözəl olar

sevdiyin gözəldən gözəl.

Bir azdan nə sənin əlin çatar o gözəlliyə,

Nə o qadınların.

Yola salarsan bir-bir.

Bir gün biri gələr,

Adam şeirdən şeir,

Şeirdən əzəl.

Şeirin əli çatmaz ona,

Bu dəfə şeiri yola salarsan, gedər

Yola saldığın qadınların yoluyla

Biryolluq,

Bənd-bənd,

Sətir-sətir

Deyərsən,

Başıma sən gələni söz gəlmir...

Sən də sözmüşsən demə...

***

Gün gəldi, sən getdin...

Sən gəldin, gün getdi...

Sən getdin, gün getdi...

Səninlə bəhsə durub,

Bu Günəş hardan çıxdı e...

***

Xəttim qalmadı

Günlər sonra

Səni görməyin eşqindən ölərkən

mən,

sən

görüş yetişən o gecələrdə

gah ananın dadına yetişdin,

gah bacının imdadına çatdın,

gah qardaşının,

gah əminin,

gah dayının,

gah rəfiqənin qızının...

Ürəyini yandırdın

heç vaxt ürəyini isitməyəcək

başına hərlənən,

soyuq planetlərə,

Dedin, qızının...

Əldən, dildən düşdün

özün öz əlindən düşdün qır qazanına

Kabab oldun, bişdin.

Sən bişəndə təklikdən

İçində mən vardım,

Ovcunda - qalan adamların dərdləri,

yükləri...

Ümidlərinin sönükləri...

Ürəyindən çıxıb

bircə mən girəmmədim sənin qalaktikana

Bircə məndə dondu zamanın,

bircə mənə çatanda sındı zamanın

əlindən bunca insanın...

atan oldum sənin,

anan, bacın, qardaşın,

əmin, dayın, sirdaşın,

qızın, oğlun, rəfiqən,

ürək yoldaşın...

Mən sənin heç kimin olmadım...

Dünya-aləm sənin ömründən

ömürlərinə gün yazarkən,

İstinə, işığına uçanda

bircə mənim xəttim qalmadı ovcunda.

Mən sənin hər şeyin,

Sənin heç kimin...

***

Yarasa eşqi

Nə sən mənə gəldin,

nə mən sənə birinci.

Getməz ki, kiməsə, ya da harasa,

Səsinin dalıyca uçar yarasa.

Mən yenə göylərdə gəzirəm səni

bir ölü ümid var

əlimdə əsa...

nə sən mənə gəldin,

nə mən sənə birinci.

Kim kimdən birinci getdi, bilmədim...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər