"Xanım Bovari" əsərinin yazılması ideyası Qustav Floberdə 1851-ci ildə yarandı. Həmin vaxta qədər bu əsər kimi qalmaqallı əsər ortaya çıxmamışdı. "Xanım Bovari" banaldır, şedevr deyil, yalnız açıq-saçıqlığına görə o illərdə diqqət çəkdi.
Əslində, Qustav Flober adıçəkilən əsəri yazana qədər dini mövzularla daha çox maraqlanarmış. Bu istiqamətdə yazdığı əsərinə görə tənqid olunmuşdu. Onun dostu Maksim Dyu Kan təklif edir ki, daha gerçək əsər yazsın, din sahəsi həmişə mübahisə doğurub. Birinin qəbul etdiyini, başqası inkarla qarşılayacaq. Üstəlik, ateistlər də yazıçını tənqid atəşinə tutacaqlar ki, bu da qələm adamı üçün arzuolunmaz haldır. Dyu Kan "La Revyu de Paris" jurnalının baş redaktoru olduğundan hansı əsərlərin daha çox oxuna biləcəyini öz təcrübəsindən bilirdi. O, növbəti görüş zamanı Floberə adamların maraq göstərdiyi mövzulardan söz açır. Açıqlayır ki, onun kitabının satışı seçdiyi mövzudan asılıdır. Əgər oxucuları maraqlandıran sahə olsa, jurnal yaxşı satılacaq, yazıçı kifayət qədər gəlir əldə edəcək. Yeri gəlmişkən, "jurnal" sözünü təsadüfən işlətmədik. Çünki Flober söz vermişdi ki, əsərini Maksim Dyu Kanın baş redaktoru olduğu "La Revyu de Paris" jurnalında dərc etdirəcək. Təbii ki, baş redaktor da jurnalın iri tirajla satılmasında maraqlı idi. Dyu Kan təklif edirdi ki, fransız meşşanların həyat tərzi indi cəmiyyət arasında daha çox müzakirə olunur: "Qustav, onların həyatını tam çılpaqlığı ilə aça bilsən, kitabın əllərdə gəzəcək".
"Xanım Bovari" əsərinin süjetini isə dostu Lui Buyle vermişdi. Təsadüfi deyil ki, roman ona ithaf olunub. İdeya verən şəxs beləcə əbədiləşmişdi. Süjet ona uzun illər Delamar ailəsində baş verən hadisələri xatırlatdı. Ejen Delamar Floberin atasının rəhbərliyi altında cərrahiyyə fakültəsində təhsil almışdı. Heç bir istedadı olmayan Ejen Delamar Fransanın əyalətlərinin birində həkim işləyir. Sonra ondan yaşca böyük dul qadınla evlənir. Arvadının ölümündən sonra Delfina Kutyurye adlı gənc qızla tanış olur, tezliklə evlənirlər. O, ərinin pullarını sağa-sola xərcləyir, özünə qızıl-zinət əşyaları alır və ərini məşuqlara dəyişməklə çoxsaylı xəyanətlərə yol verir. Hələ Ejen Delamar Delfina ilə evli olduğu ilk aylarda ona bəzi yerlərdən qulağına söz çatdırırlar ki, "ikinci arvadın sənə sadiq qadın olmayacaq, onun gözləri cavan oğlanlarda qalır". Ejen Delamar buna inanmır. 27 yaşında xeyli borca düşən və məşuqları tərəfindən daha heç bir maraq doğurmayan Delfina intihar edir. Onun ölümündən sonra bütün sirlər açılır. Ərinə xəbər verilir ki, Delfina külli miqdarda borca düşmüş və sənə xəyanət etmişdi. Eşitdiklərindən sarsılan Ejen Delamar bir ildən sonra özünü öldürür.
Bu əhvalat Floberə tanış idi. Onun anası Delamar ailəsi ilə həmişə ünsiyyət qurarmış. Qustav Flober anası və dostlarından əldə etdiyi məlumatlar əsasında romanın yazılışına başlayır. Yazıçı bu romanı 5 il ərzində qələmə alıb. Elə epizod və fəsillər olub ki, yazılışı həftə, bəzən aylarla çəkib. Buna misal olaraq 1853-cü ildə Luiza Koleyə yazdığı məktubu əsas götürək: Təkcə bir səhifənin üstündə 5 gündür ki, əziyyət çəkirəm". Başqa məktubunda isə şikayətlənir: "Mən hər cümlənin üzərində əsirəm, o isə düz gəlmir". Təkcə Emma Bovarinin intihar səhnəsinin üzərində günlərlə çalışıb və onun mişyakı necə suya qarışdırıb içməsini təsvir edib. Özü xatirələrində yazıb: "Mən Emma Bovarinin zəhərlənmə səhnəsini yazmağa başlayanda, sanki gerçəkdən mişyakın dadını hiss etdim. Özümü elə zəhərlənmiş hiss etdim ki, iki dəfə qusdum".
"Xanım Bovari" əsərini yazarkən özünü dəfələrlə çətinliyə salan Flober bəzən əsəri yenidən köçürər, yaxud yeni dəyişikliklər edərmiş. Romanın qaralamalardan ibarət hissələri Ruan kitabxanasında saxlanılır və 1 788 səhifə təşkil edir. Əsərin son variantı isə 487 vərəqdir. Bu əsər həmin illərdə Avropa ədəbiyyatında təlatüm yaradıb. Romanın açıq-saçıq səhnələrlə bol olması yazıçının dəfələrlə məhkəməyə verilməsi ilə nəticələnib. 1850-ci illərin ortalarına qədər açıq-saçıq ədəbiyyat demək olar ki, yox idi. "Xanım Bovari" bütün buzları əritdi. Onun nəşr edilməsindən tutmuş ilk oxucuları qazanana qədər xeyli qalmaqal yaranıb. Məhkəmədə ilk prosesi udan yazıçı düşünüb ki, daha onu məhkəməyə verməzlər. Lakin belə olmayıb. Hətta Qustav Flober vəfat edəndən sonra da əsərdən əl çəkilməyib. Nəşr olunduğu ilk günlərdən etibarən əsər qızğın müzakirələr doğurub. Ola bilsin ki, indi Fransada "Xanım Bovari" əsərinə gülünc formada baxılır. Həmin əsərdən sonra yüzlərlə o tipli əsərlər yazılıb. Amma o dövr üçün "Xanım Bovari" partlayış effekti yaradıb. Bir dəfə Vladimir Nabokov "Avropa ədəbiyyatının şedevrləri" adlı mühazirəsndə amerikalı tələbələrə söyləyib ki, "Bizim seriyadan olan nağıllar arasında "Xanım Bovari" ən romantikidir". Əsərin yazılış tərzi, özünəməxsus üslubu Nabokovu heyrətləndirmişdi. O, dəfələrlə həmin əsəri oxuyub və etiraf edib ki, romandan xeyli təsirlənib, hətta digər əsərlərinin yazılmasında ilhamlandırıcı ruh alıb. 2007-ci ildə Qərbin 125 məşhur yazıçısı dünya ədəbiyyatında iz qoymuş 10 əsərin siyahısının tərtib edilməsi ilə bağlı rəy sorğusunun keçirilməsini istəyiblər. "Xanım Bovari" LevTolstoyun "Anna Karenina" və "Hərb və sülh"ündən sonrakı yerdə qərarlaşıb. Şekspirin "Hamleti"i altıncı yer tutdu.
Romanın dərcindən sonra valideynlər uşaqlarına nəzarəti daha da gücləndiriblər. Kitabı alıb evə gətirən valideynlər onu cidd-cəhdlə gizlədərmişlər ki, övladlarının əlinə keçməsin. Hətta Fransa rəhbərliyi əyalətlərin kitab satıcıları qarşısında məsələ qaldırıb ki, sözügedən əsər uşaqlara satılmasın. Ölkə rəhbərliyi, eləcə də tənqidçilərin tövsiyələrinə səbəb var imiş. Çünki əksər qız uşaqları kitabdan təsirlənib tez qadınlaşarmışlar. Hətta o illərin Səhiyyə Nazirliyinin hesabatına əsasən Fransada həddi-buluğa çatmayan qızların hamilə qalmasına dair statistikada artım qeydə alınıbmış. Qızlar xanım Emma kimi saç düzümü etdirər, dırnaqlarına onun yaxdığı boyadan yaxarmışlar. Emmaya bənzəyib əzab çəkib əzab verər, sərxoş olub söylədiyi sözləri təkrarlayarmışlar. Emma Bovarinin arzularını, hərəkətlərini yaxın buraxdıqca, gənclər arasında pozğunluq baş alıb gedərmiş. O illərdə ərlərinə qarşı xəyanət edənlərin də sayı artıb. Əslində, Flober əsərin daha çox tərbiyəvi əhəmiyyət daşıyacağını nəzərdə tutmuşdu. Yəni, əsas fikir ondan ibarət idi ki, həyat yoldaşını başqalarına dəyişmək, meşşan həyat tərzi keçirmək sonda belə bir qadının faciəsinə gətirib çıxarır. Borca düşür, məşuqlarından pul istəyəndə heç kim vermir, anlayır ki, bu həyatda hər şey məqsədlidir. Beləliklə, nəinki yeniyetmıə qızlar, hətta yaşı 40-ı adlamış qadınlar da xanım Bovarinin səhvlərini təkrarladılar, onun pis hərəkətlərini həyatlarında tətbiq etdilər.
Emma Bovari ərə getməzdən əvvəl həm sevgi, həm ehtiras arzulayırdı. Lakin bütün bunları əyalət həkimində tapa bilmədi. Və ömrü boyu yeni sevgi həvəsi ilə yaşadı, yeni ehtirasları yaxına buraxdı. Əlbəttə, bütün bunlar həyat yoldaşından xəbərsiz edilirdi. Gənc qadının belə istəkləri təəssüf ki, Fransada gizli həyatlara rəvac verdi. Qadınlar ərlərini əlcək kimi dəyişdilər, kabarelər aşıb-daşdı. Hamısı da "Xanım Bovari" əsərinin ucbatından. Əlbəttə, cəmiyyətdə yaratdığı səs-küyə və götürülən nümunə tərzinə baxmayaraq, burada bir qələm sahibinin dahiliyi əsas götürülməlidir. Ümumiyyətlə, cəmiyyəti dəyişən və adamların taleyində öz izini qoyan əsərlər az olub. Qustav Flober bunu bacarmışdı.
Məhz bu səbəbdən hakimiyyət dairələri romanı kifayət qədər qadağan etməyə çalışırdı. Köşklərdən yığışdırılmasına baxmayaraq, adamlar gizli yolla da olsa kitabı əldə edirdilər. İnanılmaz hadisə idi. Emma Bovarinin "Mənim məşuqum var" ifadəsi qızlar yataqxanasında müzakirə olunan mövzulardan olub. Qadın məclislərində bu ifadə tez-tez səslənib: "Mənim məşuqum var". Tənqidçilər söyləyir ki, Flober əsərin qəhrəmanı Emma Bovarinin qəlbinin necə qürub etməsini sonsuz incəliklə yaradıb. Bəlkə də yazıçı onun həyatını intiharla nəticələndirməsəydi, xanım Bovariyə maraq bu qədər olmayacaq, əksinə, şəxsiyyətinə nifrət ediləcəkdi. Hər halda tənqidçilər bu fikirdədir.
"Xanım Bovari" əsəri aldadıcı xarakter daşıyır. Müxtəlif yaşlarda o müxtəlif cür anlaşılır. Məsələn, çoxları belə hesab edir ki, romanı 17-18 yaşda oxuyarkən ancaq ehtiraslı sətirlər üzərində gedişlər olur. Gənclər yalnız belə sətirlərdən ehtiraslanır. Amma yaş artdıqca anlayırsan ki, Qustav Flober bir ərli qadının yad kişilərin çarpayısındakı sevgi səhnələrini tərənnüm etməyə çalışmayıb. O, əminliklə bu qərara gəlib ki, istənilən qaynar sevginin sonu faciə ilə nəticələnir və qürub edir. Əsərin qəhrəmanı Emma fiziki sevgi yaşadığından sonu faciə ilə bitməli idi. Mənəvi zövq yaşamayanların sonu Emmanın taleyini yaşayır. Solğunlaşır, əvvəlki təravətini itirir, məşuqlar başqa qadınların yanına qaçırlar. O, ümid edirdi ki, sevgisini qazanmaq üçün əldən-ayaqdan gedən kişilər maliyyə köməkliklərini əsirgəməyəcəklər. Lakin hamısı bir bəhanə ilə uzaqlaşır. Onda Emma anlayır ki, bu həyatda hər şey puçdur. O, aldanıb. Xəyallarında qurduğu sevgini axtarmaqda səhvə yol verib. Öz ərinə xəyanətdə günah iş tutub. Elə ona görə də ölüm yatağında ərindən üzr istəyir.
Qustav Floberin ölümündən neçə il keçəndən sonra Vatikan kilsəsi də "Xanım Bovari"ni qadağan olunmuş əsərlər siyahısına saldı. 1851-ci ildən 1856-cı ilə qədər yazılan əsərin müdafiəsində xeyli hüquqşünaslar iştirak etdi. Eləcə də tənqidçilərin yaxşı fikirləri cəmiyyətdəki təlatümü nəinki səngitdi, əksinə, daha da qızışdırdı. Tənqidçilər güman edirdilər ki, əsərin əsl məziyyətini ortaya qoymaqla oxucuları sakitləşdirəcəklər. Yuxarıda qeyd etdiyimiz kimi oxucuların yaş fərqi əsərə münasibəti tam aydın göstərirdi: həddi-buluğa çatmayanlar və yeniyetmələr əsərə yaxşı, 30 yaşı keçənlər isə tənqidi yanaşırdılar. Burada 30 yaşı keçən kişilər nəzərdə tutulur.
Beləliklə, 1856-cı ildə " La Revyu de Pari" jurnalında əsərin dərc olunması Qustav Floberin çətin günlərinin başlanması ilə nəticələndi. Ona mənəviyyatsız damğası vuruldu. Flober küçə və meydanda tək görünməzdi. Bir sözlə, təhlükəsizlik qaydalarına əməl edər, tək gəzməzdi. Hətta evinə gələrkən də qapı ətrafında dayanan naməlum adamları diqqətlə gözdən keçirər, sonra mənzilə daxil olarmış. Flober həm də tarixə bir əsər üzərində məhkəmənin qurulması ilə düşdü. 19-cu əsrdə ilk dəfə "Xanım Bovari" əsərinə görə keçirilən məhkəmə yazıçının xeyrinə qərar çıxardı. Əksəriyyət məhkəmənin cəmiyyətin mövqeyi ilə uzlaşacağını gözləsə də, proseslər tamam başqa istiqamətdə cərəyan etdi. Məhkəmənin qurulması ilə kitabın satışı daha da sürətləndi. Necə deyərlər, dəlinin yadına daş salan məhkəmə həm yazıçını, həm də "Xanım Bovari" romanını daha da məşhurlaşdırdı.
Qustav Flober uzun illər bəyan edib kıi, Emma Bovarinin prototipi yoxdur. Hətta bir dəfə hirslənərək deyib ki, "Xanım Bovari mənəm". Gizlədib gizlətməməsindən asılı olmayaraq adamlar bunun Delfina olduğunu bildilər. İndi Fransada Delfina Delamarın uyuduğu qəbrin üstündə belə yazılıb: "Xanım Bovari".