24 Noyabr 2017 11:33
5 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” layihəsində Aqşin Yenisey Rafiq Tağı haqqında danışır.

– Aqşin, Rafiq Tağının adını haradan eşitmisən, onu ilk dəfə hansı yazısı ilə tanımısan?

– Rafiq Tağı və torpağı sanı yaşasın, Pərviz Cəbrayılla mən şəxsi tanışlıqdan və publisitik yazılarından əvvəl kitabları ilə tanış olmuşam. Rafiq Tağının “Neqativ-Pozitiv” hekayələr kitabını ilk dəfə oxuyanda öz-özümə dediyim ilk söz bu oldu: “Azərbaycanın Çexovu”. Sonra şəxsən tanış olandan sonra da həmişə mənə elə gəlirdi ki, Çexovla tanışmışam. Onda sanki, rus pravoslavlığının gözütoxluğu ilə Şərq Bəhlul Danəndəliyinin müdrikliyi birləşmişdi. Rafiq Tağı sözü mövzunun iliyindən, canından dartıb çıxarırdı. Hər cümləsi bir psixoanalitik diaqnoz idi. Eynən Çexovda olduğu kimi.

– İlk dəfə harada görmüsən, yadındamı? Belə şeylər mənim üçün maraqlıdır...

– Düzü, ilk görüşümüzü xatırlamıram...

– Bəs son görüş necə?

– Son görüşümüz heç vaxt yadımdan çıxmaz. Hər tərəfi yaradan ağrıyırdı, zorla gülümsünüb dedi ki, ayağa qalxım, gör nələr yazacağam. Amma mən nə qədər ağır olsa da, xəstəxanada onun öləcəyini hiss etdim, arıq canı hər yandan yaralarla mühasirəyə alınmışdı.

– Tez-tezmi görüşürdün, yoxsa məclisdən-məclisə, tədbirdən-tədbirə?

– Həkim olduğu üçün işi çox olurdu. Onunla görüşmək bir zühur hadisəsi idi. Həmişə hardansa zühur edirdi, peyda olurdu. Onu görən dostlar həmişə “Oho, Rafiq Tağı da burdadır ki...” deməkdən özlərini saxlaya bilmirdilər. Məclisin yumor mərkəzi də onun oturduğu səmt olurdu. Mən həmişə özümü onun böyrünə soxmağa çalışırdım, çünki bilirdim ki, o, ən mükəmməl cümlələrini astadan və həmişə böyründə oturan adama deyir. Onunla üzbəüz oturmaq, üzbəüz gəlmək istəyənlərə ciddi yanaşmırdı, bunu Qafqaz cırtqozluğu hesab edirdi. Bəxtindən həmişə də qabağına bir cırtqoz çıxırdı. Sonra yazılarının birində mənim bu müşahidəmi belə bir cümlə ilə doğrulamışdı: “Heç kim zəmanət verə bilməz ki, avtobusda üzbəüz oturduğun azərbaycanlı qəfildən qalxıb səni bıçaqlamayacaq”.

– Bəlkə...

– Hə, bəlkə də, elə onu eyni avtobusda üzbəüz oturduğu bir azərbaycanlı bıçaqladı. Çünki sonradan istintaq xəbərlərində oxudum ki, qatil onunla eyni avtobusa minib, eyni dayanacaqda düşüb, amma arxadan bıçaqlayıb. Rafiq Tağı bircə namərdliyə diaqnoz qoya bilmirdi.

– Deyirlər, yazıları nə qədər sərt olurdusa, xasiyyəti o qədər yumşaq, həlim idi...

– Mən istedadı və gözəlliyi insanın içində yaşayan ikinci bir insan kimi canlandırıram təsəvvürümdə və yazılarına oxşayan adamları da birmənalı olaraq istedadsız və çirkin hesab edirəm. Rafiq Tağı öz yazılarının tam əksi idi. Onun yazılarını çap edən redaktorlar bunu təsdiqləyər; Rafiq Tağının bir ənənəsi vardı, yazı çapa gedəndə gecəyarısı redaksiyaya gəlib yazısını bitdə-bitdə oxuyurdu ki, səhv getməsin. Mənə elə gəlirdi ki, onu bu məsuliyyətə cəlb edən içindəki o ikinci adam idi. O, sanki başqasının yazısına məsul biri kimi gəlib oxuyurdu gecəyarısı çapa gedən yazılarını. Hətta hərdən yazının bəzi yerlərini mənə göstərib “gör burda nə yazıb e” deyərək öz cümləsini başqasının ifasında təqdim edirdi. Rafiq içindəki o ikinci insanı çox istəyirdi, elə onun da qurbanı oldu.

Şahidi olduğum daha bir məqamı deyim. Rafiq səhər qəzetdə alt-üst elədiyi adamı axşam çayxanada, məclisdə özü müdafiə edirdi. Elə bil o içindəki ikinci insanın yazıda tənqid etdiyi adama özünün həyatda yazığı gəlirdi, onu heç olmasa, mətndən kənarda qorumağa çalışırdı. Rafiq Tağı öz obrazlarının namını özünə də vermirdi.

– Aranızda xeyli yaş fərqi vardı. Bəs sizi hansı cəhətlər birləşdirirdi?

– Bizi birləşdirən xeyli gizli səbəblər vardı. Bir neçəsini deyim. Məsələn, mən heç vaxt darıxanda dost axtarmıram. Tanıdığım kişi və qadınlar arasında bircə dənəsi də deyə bilməz ki, nə vaxtsa onlara darıxdığımı və bundan ötrü görüşmək istədiyimi yazmışam, yaxud demişəm. Mən dostu şənlənmək istəyəndə axtarıram. Rafiq Tağı da şəxsi mövzuların adamı deyildi. Mənə elə gəlirdi ki, o da bizi şad olmaq istəyəndə axtarır. Bizi görəndə şad olurdu da. Din xadimləri onun ölümlə hədələmişdilər. Bir dəfə mənə zəng etdi ki, gəl, səni bir adamla tanış edəcəyəm. Getdim ki, saqqalından cəhənnəm zülməti yağan bir oğlanla oturub. Xoş-beşdən sonra oğlan bizi allahın adından hədələməyə başladı, hədisi hədisə caladı. Məlum oldu ki, bu da dini mövzularda şeir yazan şairdir, axtarıb Rafiq Tağını tapıb ki, ona cənnət-cəhənnəm haqqında “qızıl xırdalasın”. Sən demə, Rafiq Tağı da məni ona görə çağırıb ki, bu canlı mövzuya şərik etsin. Çünki biz bir-birimizin yumorundakı boşluqları çox ustalıqla doldura bilirdik.

Məni ona çəkən başqa bir cəhət onun heçdən mövzu yarada bilmək bacarığı idi. Adətən, bizim şair, yazıçı məclislərində hamı baş verən hadisələrdən çıxış edir. Rafiq Tağı iki addımlıq yolu o üz-bu üzə keçəndə də mövzu tapa, onu ədəbiyyatın yeminə çevirə bilirdi.

– Bəs sizi ayıran xüsusiyyətlər hansı idi?

– Çox nadir hallarda və çox az içirdi; bu, məni ondan ayıran yeganə cəhət idi. Mənim şairliyimin ərköyünlük dövrü onun yazıçılığının müdriklik dövrünə rast gəlmişdi.

– Görüşəndə ancaq ədəbiyyatdan danışırdınız?

– Yox, mənim Rafiq Tağı ilə ədəbiyyat söhbətim olmayıb. Bizim elə söhbətimizin özü ədəbiyyat idi. Hamıdan çox oxumuşdu, Moskva mühitində yetişmişdi, amma mən onu bircə dəfə də başqasının kitabının arxasında gizlənən yerdə görmədim. Bəlkə də, həkim olduğu üçün onda hər şeyə bir az həyat qatmaq istəyi vardı. Ədəbiyyatı da akademik mumiyalanmadan xilas etmək istəyirdi. Ədəbiyyat onun şəxsi işi idi, o, elə bil evdəki yazıçı Rafiq Tağının əlindən qaçırdı şəhərə çıxanda. İnsanlara, dostlara isə daha çox həkim Rafiq Tağı kimi lazım olmaq istəyirdi. Mənim özümü də eşq əzabının verdiyi əsəb pozğunluğundan Rafiq Tağı sağaltmışdı. Biz ona çox vaxt “Doktor” deyə müraciət edirdik.

– Rafiq Tağının kəskin tənqidi yazıları olurdu. Fikirlərini sərt şəkildə ifadə edirdi. Hətta bildiyimə görə, Əlisəmid Kür ona bir dəfə deyibmiş ki, səni öldürəcəklər. Bəs sənin ağlına belə bir şey gələrdimi? Düşünürdünmü ki, Rafiq Tağı bu yazılara görə ehtiyatlı olmalıdır? Yoxsa ancaq alqışlayırdın?

– Rafiq Tağı mətni söz azadlığının yeddinci qatında yazırdı. Təəssüf ki, Azərbaycan ədəbiyyatında heç bir yazıçı dilin bu qatına ucala bilməyib. Bu qata insan yalnız özünü aşıb ulaşa, qalxa bilər. Nəinki Azərbaycan cəmiyyətinin, heç Azərbaycan ədəbiyyatının belə dilimizin bu qatından xəbəri yoxdur. Xəbəri olan yazıçılarımızın da hünəri yoxdur bu qatda yazmağa.

Bir dəfə Xəqani Hasla Ankarada söhbət edirdik, dedi, şair gərək misrada həm də cəsur olsun, təkcə istedad çox azdır. Rafiq Tağıda istedadla cəsarət birləşib xarakterə çevrilmişdi. O, Nəsimi kimi, Volter kimi cəsur idi. Əlinə qələm alanda heç kimdən qorxmurdu, heç axıra kimi qorxmadı da. Onun söz azadlığını, bəlkə də, biz heç vaxt başa düşməyəcəyik. Nəsiminin allahın özünü belə aşan asi misralarının arasında din axtaran adamlarıq biz zavallılar. Rafiq Tağı bizim üçün çox idi. Ona görə yazılarını oxuyanların ağlına ilk gələn fikir bu olurdu ki, Rafiqi tapıb öldürsün.

Mən onu nə tərifləyirdim, nə alqışlayırdım, mən ondan cümlə qurmağı, fikri sözə, sözü gülləyə çevirib hədəfin düz alnının ortasından vurmağı öyrənirdim. Bizim müasir ədəbiyyat bilirsən niyə bu gündədir? Çünki bu gün Rafiq Tağının müəllif azadlığı yoxdur ədəbiyyatımızda, gənclər oxumur onu, “Çərpələng uçuran” kimi, “Məsumiyyət muzeyi” filan kimi boş-boş kitablar oxuyurlar.

– Sənə görə Rafiq Tağı Azərbaycan ədəbiyyatında nə ilə qaldı? Görəsən, bundan sonra onun haqqında nə qədər danışacaqlar?

– Rafiq Tağı Azərbaycan nəsrində təkrarsız bir mərhələdir. Onun hekayələrini istənilən dilə çevirib istənilən xalqın qabağına və tarixin istənilən dövründə “Azərbaycan ədəbiyyatı budur” deyə qoymaq olar. “Şahzadə Dependranın məhəbbəti” hekayəsi dünya səviyyəli bir şedevrdir. Rafiq Tağı qədər öz xalqının, müsəlman dünyasının psixoanalitik mənzərəsini yaradan ikinci yazıçımız heç vaxt olmayıb. Rafiq Tağı Şərq insanının elə qatlarını yazıb ki, biz özümüz də öz içimizdə o qatlara enməyə qorxuruq.

– Belədirsə, maraqlıdır, bəs Rafiq Tağının bütün yazılarının altından öz imzanızı qoyardınmı? Yəni o mənada ki, onun bütün yaradıcılığını təqdir edirdin, yoxsa bəyənmədiklərin də vardı?

– Bütün yazılarının üstünə şəklimi, altında imzamı qoymağa hazıram. Ancaq sağlığında olduğu kimi razılaşmadığım məqamları qeyd etmək şərtilə.

– Məsələn...

– Məsələn, mən onunla bir neçə mövzuda heç vaxt razılaşmadım. Birincisi, yazıçının xalqa məhəbbəti mövzusu idi. Rafiq Tağı xalqı bir ailə məhəbbəti ilə sevirdi, çünki hara baxırdı öz doğma obrazlarını görürdü. Mən yazıçı ilə xalq arasındakı məhəbbətə həmişə şübhə etmişəm, ikisindən biri aldadır həmişə...

– Rafiq Tağının Mirzə Cəlilə, Sabirə, Səməd Vurğuna münasibəti ilə razılaşırdın?

– Razılaşmadığım fikirləri də çox idi. Məsələn, Sabirin satirasını aşağılayırdı ki, Azərbaycan xalqının xortdan obrazı var bu satirada. Guya Sabir bizi tərifləsəydi, indi Marsa amerikanlar yox, biz uçacaqdıq. Razı deyildim və cavab da yazmışdım o vaxt. Çünki Sabir Azərbaycanda, müsəlman dünyasında sözün ictimai coğrafiyasını genişləndirən tək-tük şairdən biridir. Sabir ədəbi olmaqdan daha çox ictimai hadisədir. Sabir olmasaydı, bu gün Azərbaycanda sözün meydanı bu qədər gen olmayacaqdı. Sabir Rafiq Tağının acıxəmrəsidir. Biz hamımız mayamızı Sabirdən tuturuq. Götürün oxuyun, hansı əsərin ki, içində Sabirin damazlığı yoxdur, orada Azərbaycan ədəbiyyatı yoxdur. O xalq yazıçıları-zadı hamısı gəldi-gedər şeylərdilər. Rafiq Tağının Sabirə qıcıq olması, bəlkə də, öz içində gedən davanın nəticəsi idi. Çünki Sabirin nəzmlə yazdıqlarını Rafiq nəsrlə yazırdı.

– Onun qatilinin tapılması sənə görə vacibdirmi? Yoxsa, nə fərqi var, qatil tapıldı-tapılmadı, onsuz da Rafiq yoxdur?

– Ədəbiyyat üçün yazıçının bioqrafiyası sənətdir, cinayət materialları yox. O adam özü də bilmədən bir yazıçı taleyinin hökmünü yerinə yetirib. Ona elə gəlir ki, Rafiq Tağını öldürüb, halbuki, bu qətl Rafiq Tağını reallıq faktından alıb həqiqət faktına çevirdi. Həqiqəti isə öldürmək heç vaxt mümkün olmayacaq.

– Ona bir şeir də yazmışdın... O şeir Rafiq Tağının özünün xoşuna gəlmişdi? Bu barədə sənə nəsə demişdimi?

– Məncə, o, məni bir şair kimi elə də yüksək qiymətləndirmirdi. Ya da öz qiymətini qiyamətə saxladı. Biz bir-birimizin batinində yaşayırdıq, indi də elə ordayıq.


Müəllif: Kəramət Böyükçöl

Oxşar xəbərlər