30 Noyabr 2017 10:39
4 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” layihəsində tanınmış şair Məmməd İsmayıl mərhum Hüseyn Əfəndi haqqında danışır.

– Məmməd müəllim, Hüseyn Əfəndi kim idi? Şəxsən tanımayan və heç imzasını da eşitməyən bir adama onu necə təqdim edərdiniz?

– Hüseyin Əfəndi bir Allah adamı və sənət adamı, bəlkə də sənət fədaisi və istedadı müqabilində hardasa haqqını almamış bir adam idi.

– Haqqını kim tərəfindən almamışdı?

– Desək ki, Hüseyn Əfəndi kol dibində boynunu büküb dərilməsini və yaxud, qoxulanmasını gözləyən bir bənövşə misalı durumundaydı, daha doğru olardı. Onun yaşadığı zamanlar haqq verilmirdi, alınırdı. O isə bu haqqını yaşadığı mühitdən də, imkan və iqtidar sahiblərindən də yetərincə ala bilmirdi.

– İnternetdə onun haqqında məlumat çox azdır. Hətta yox dərəcəsindədir. Çox adam bilmir Hüseyn Əfəndi jurnalistdir, şairdir, yazıçıdır... Bəs biz onu daha geniş şəkildə necə tanıyaq?

– Hüseynin şansızlığı onun hardasa keçid dönəmində ədəbiyyata gəlməsində idi. Nə yazıq ki, bu günün oxucusu “Gənclik” jurnalının sadəcə adını eşidib. Əgər o jurnalın nömrələrini diqqətlə vərəqləyən olsa, jurnalın, eləcə də Hüseyn Əfəndinin hələ o zamana qədər kimsənin toxuna bilmədiyi, üzərinə tabu qoyulmuş yasaq mövzuların gərəkli bir şəkildə gündəmə gətirildiyinin şahidi olarlar.

Hüseyn Əfəndinin yeni dönəm Azərbaycan publisistikasının gəlişməsində böyük xidmətləri olub. Şeirləri, xüsusilə də hekayələri o dönəmlərdə diqqət mərkəzində idi. İndiki oxucunun diqqəti günün qayğılarından baş aça bilmədiyindən yalnız tərəfkeş tənqidin işarət etdiyi əsərlərə yönəlir. İlan qabığını dəyişməsə ölər və düşüncələrini dəyişə bilməyən toplum da elədir.

– Kitabları çıxmışdımı?

– Bildiyim qədərincə bir şeir, bir də nəsrqarışıq publisistika kitabı çıxmışdı.

– Bildiyimə görə, aranızda xeyli yaş fərqi vardı... Bəs Hüseyn Əfəndi ilə sizin münasibətlərinizin adı nə idi? Dostmu?

– Bəli, xeyli yaş fərqimiz vardı. Amma bizim münasibətlərimizə ad verməyi rəhmətlik Hüseynin özündən soruşmaq daha doğru olardı. Nə yazıq ki, bu sualın cavabı o dünyadadır.

– Necə tanış olmuşdunuz? Onu ilk dəfə harda və necə gödüyünüzü xatırlayırsınızmı?

– Hüseynlə tanışlığımız rəhbəri olduğum Gənc Yazıçıların Respublika Ədəbi Birliyinin toplantılarında oldu. Hüseyin rəhmətlik də o toplantılara gəlirdi, başını sallayıb işini görən, qarışqa misali sakit, mütəvazi bir insanıydı. Oturuşu-duruşyla diqqətimi çəkdi. Sonra da mənə çox uzun bir məktub yazdı, o məktubu oxuyanda isə içim sızladı...

– Məktubda nə yazmışdı ki?

– Hələ də arxivimdə qalan o məktubun səviyyəsi mənə möhkəm təsir elədi. Məktubun əsas məzmunu Hüseynin işsizliyi ilə bağlıydı, sonuncu cümləsini yaxşı xatırlayıram: “Qardaşım, işsizəm, iş istəyirəm”. Burdan beləsinə nə ad qoyursan qoy, ona dostum da deyə bilərsən. Və hətta ən mübhəm dərd və sirlərini sənə etibar edən dost da deyə bilərsən...

– Ona iş tapdınızmı?

– Bəli, xatırlatdığım məktubdan sonra mən onu "Gənclik" jurnalında işə götürdüm.

– Jurnalda nə işləyirdi ki?

– Jurnalda başqa ştart olmadığından texniki bir işdə çalışdı. Amma istedadıyla az zaman içərisində "Gənclik" jurnalının ən öndə gələn işçilərindən biri oldu.

– Bəs yaxın dostlarından başqa kimlərin adını çəkə bilərsiniz?

– Ən başda Sabir Sarvanı deyə bilərəm. Çünki təxmini düşüncə və xatirəyə dayanıb yerdə qalanların adlarını çəkməyim doğru olmazdı...

– “Gənclik” jurnalından sonra münasibətləriniz necə davam elədi?

– Mən bir etiraf etmək istəyirəm. "Gənclik" kollektivindən sona qədər məni tək buraxmayan Hüseyinlə Sabir Sarvan oldu. Mən "Gənclik"dən teleşirkətə sədr gedəndə jurnal o iki dostun ümidinə qaldı. Və onlar da mənim icazəmlə Azərbaycanda latın əlifbası ilə, özü də hələ latın əlfbasına keçidlə bağlı hökumət qərarları olmamışdan əvvəl "Oxu" və "Əlifba" kitablarını çox nəfis bir şəkildə hazırlayıb çap etdirdilər. Bu kitablar ölkədə çox böyük maraqla qarşılandı, kitabxanalara, məktəblərə yayıldı və deyə bilərəm ki, çuval-çuval da pul toplandı. Onda jurnalın formal təsisçisi olan Komsomolun Mərkəzi Komitəsi də can çəkişirdi. O yığılan pullar isə Hüseyn Əfəndi və "Gənclik" kollektivinin halal haqqı idi. Amma evsiz-eşiksiz olan Hüseyin də, Sabir də mənim halallıq xəstəliyimin qurbanı oldular və o pullar havaya sovruldu, onlar yenə də evsiz-eşiksiz qaldılar.

Bütün bu olaylar ağılma gələndə sümüklərim sızlayır. Nitşenin belə bir kəlamı var: "Bir böyük adamın peşindən gedənlər onu öymək üçün özlərini kor etməyə alışmışlar...”

– Hüseyn Əfəndi sizi öyürdümü ki?

– Yox, nə Hüseyn, nə də Sabir məni öyüb-eləmirdilər, amma “çalışdığım idarənin qapısı mənim evimin qapısıdır, ora rüşvət və haram girə bilməz” sözlərim onları da pəjmürdə durumda qoydu...

– Hüseyn Əfəndinin ömrü o qədər də uzun olmayıb. Bildiyimə görə, dünyasını vaxtsız dəyişib...

– Hüseyn ehtiyac içində boğulurdu. Məndən sonra mənim təqdimatımla "Gənclik" jurnalında baş redaktor oldu, amma artıq zor dönəmlər gəlmişdi, ölkə xaos və müharibə içində idi, adamlar jurnal almaq bir yana, çörəkpulu tapmırdı. Bir zaman 300 min tirajla çıxan jurnal zor zamanlarını yaşayırdı. Belə bir vaxtda jurnal "PS Gənclik" adıyla qəzet kimi fəaliyyətini davam etdirsə də onun ömrü də uzun olmadı. Bu sıxıntılar, ehtiyaclar Hüseynin və eləcə də Sabir Sarvanın sağlığına zərbə vurmuşdu...

Hansısa xəstəlikdən əziyyət çəkirdi? Yoxsa...

– Şəkər xəstəliyinə tutulmuşdu, bir tərəfdən də dərdə dözməyən ürəyi sonunda onun axırına çıxdı.

– Son illərinə kimi əlaqələriniz vardımı?

– Həyatının son illərində əlaqələrimiz təsadüfdən təsadüfə olurdu. Türkiyədən yay tətilinə getdiyim ayların birində ölüm xəbərini eşitdim və Əmircanda yenicə tikdirdiyi evinə yas yerinə getdim.

– Axır ki, özünə ev düzəltdi...

– Bəli, nəhayət ki, balalarını çatısı altına yığa biləcək bir kümə qaraltmışdı. Ölümü də kiçik həyətində olan böyük bir daşı yerdən çıxarmağa çalışanda olubmuş. Daş ürəkli zəmanə sanki, onun dərdlərini daş edib yenidən qarşısına ölüm səbəbi kimi çıxarmışdı. Həyat yoldaşının, oğlunun, qızının söylədiklərindən və otağın təzə rəng qoxusundan görünürdü ki, tikdiyi evdə də yaşamaq imkanı tapmamışdı.

– Neçə övladı vardı?

– Bir oğlu və bir qızı olduğunu bilirəm.

– Övladları nə işlə məşğuldur, bilirsinizmi? Yolunu davam etdirən varmı?

– Hər ikisi ədəbiyatla bağlı, istedadlı adamlardır. Bunu oğlu Vəli və qızının Feysbuk paylaşımlarına əsaslanıb deyirəm. Hələ də mənə öz əmiləri kimi mesajlar yazırlar... Gərçi onlara etdiyim bir əmiliyim yoxdur. Çünki iş ucbatından vətənimdən didərgin düşmüşəm. Olsa-olsa ildə bir-iki dəfə Azərbaycana gəlmək imkanım olur, onda da öz yığılıb qalmış problemlərimlə uğraşmaqdan vaxt tapa bilmirəm.

– Məmməd müəllim, br az da Hüseyn Əfəndinin xarakterindən danışaq. Bir insan kimi onu gözəlləşdirən hansı cəhətləri vardı? Xaraktercə sərt idi, mülayim idi? Ya necə?

– Hüseyin daha gənclik çağlarından hardasa yetkinləşmiş bir adam idi. Dədə-babaları Sibirə sürgün edilmiş bir ailənin övladı olub. Unutmuşam, bəlkə də Hüseyn özü də Sibirdə doğulmuşdu. Ağır həyat şərtləri onu vaxtından qabaq uşaqlıqdan gəncliyə, gənclikdən də ahıllığa keçirmişdi. Saçları vaxtından qabaq bəmbəyaz olmuşdu və bu bəyazlıq da onun sifətinə nur gətirmişdi.

Nə olur-olsun yalan danışmazdı. Sonralar "Gənclik"də mənə ən yaxın adam olmasına baxmayaraq, əsla işçilərin heç birinin arxasınca danışmazdı. İçindən keçənləri yeri gəldiyində üzə vurmağı da vardı. Mən teleşirkət sədrliyindən istefa verdikdən sonra telefonlarımın susduğu, bilərəkdən boşluğa salındığım o zor dönəmlərdə mənə sona qədər sadiq qalan iki-üç kişidən biri və bəlkə də birincisi Hseyn Əfəndi oldu. Halbuki, neçələrinə dost deyib Hüseyn Əfəndidən daha yüksək vəzifələrə qoymuşdum və sonralar hamısı da buxarlanıb getdilər. Və başıma gətirilən bu oyunlara görə Allahıma şükürlər oxuyuram, Allahım məni vətənimdə işsiz-gücsüz qoyub yolumu qürbətə salmasaydı, əvvəlki kimi iş, mövqe sahibi olsaydım, yəqin ki, ölənə qədər o saxta dostlarımın iç üzünü görməyəcəkdim.

– Hüseyn Əfəndinin siyasi fəaliyyəti də vardımı? Hansısa partiyanın üzü idi?

– Mənim bildiyimə görə, heç bir partiya ilə bağlantısı yox idi, amma xalq hərəkatını dəstəklədiyi şəksiz idi. Bir şeyi də deyim. İndi Mətbuat Şurası kimi fəaliyyət göstərən təşkilatın başlanğıc mərhələsi Hüseyn Əfəndinin ideyası idi. Təbii ki, o zaman adı başqaydı, sonralar nə səbədənsə o təşkilatı Əflatun Amaşova verdiyini özü mənə demişdi.

– Məmməd müəllim, bir şair kimi onun şeirlərini bəyənirdiniz?

– Şübhəsiz ki, maraqlı şeirlərdir. Amma mən o zamanlar bir az başqa cür şeirləri təqdir edirdim. Deyək ki, o zamanın gənc şairlərindən Sabir Sarvanın şeirləri mənə daha yaxın şeirlər idi. Amma yenə təkrar edirəm, Hüseyn Əfəndi axtarış içində idi, heca vəzni qəlibində olan şeirlərinin toxumalarında yeni, maraqlı gəzişmələr, ekspermentlər aparmağı sevirdi.

– Sonda... Onunla maraqlı bir xatirənizi danışa bilərsinizmi?

– Oğlum, əlbəttə, nəsə danışmaq olar, amma nə yazıq ki, oxucularımız üçün maraqlı olacaq bir xatirə danışa bilməyəcəm... Səbəb isə aydındır. Bizim tərəflərdə bir söz var: nə yatdıq ki, nə də yuxu görək?! Yəni bizim münasibətlərimiz hardasa dörd-beş il sürdü. Və arada yaş fərqi, işçi-müdir baryeri vardı. Min təəssüf olsun ki, mən vətənimdən getməyə məcbur oldum və Hüseyn Əfəndinin də dənizə uzanan ömür yolu zamansız qırıldı.

Südün qatıq olması üçün uyutulması lazımdır, uyutulmasa, nə süddən süd, nə qatıqdan qatıq olacaq. Bir az sadəlöhv səslənsə də deyim ki, amansız dövran və zamansız zaman bizim dostluğumuzun xatirə düzəyində uyuşmasına imkan vermədi...


Müəllif: Kəramət Böyükçöl

Oxşar xəbərlər