Bəzən oxuduğumuz əsərlərdə elə hadisələrlə rastlaşırıq ki, o hadisələr bizim də həyatımızda baş verib.
Teleqraf.com bu mövzuda sorğu keçirib.
Oxuduğunuz hansı əsərdə baş vermiş hadisələr sizin həyatınızla üst-üstə düşüb və ya oxşar şeylərlə rastlaşmısınız?
İlham Hüseynov
- İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi həyatımla çox oxşardır.
Şərif Ağayar
- Təbii ki, tam üst-üstə düşən olmayıb, ancaq oxşar məqamlar bir çox obrazlarda olub. Selincerin Holdfildi, Hüqonun Mariusu, Kafkanın Josef K-sı, Süleyman Sani Axundovun Qaraca qızı, Əkrəmin Qədiri... İlk ağlıma gələnlər bunlardır...
Rəbiqə Nazimqızı
- Bu dəqiqə dəqiq xatırlaya bilmirəm, amma mənə elə gəlir ki, bütün azərbaycanlı qızların həyatı Mopassanın “Həyat”ındakı Jannanınkına bənzəyir. Bundan sonra qadınlar daxilən – söhbət cismani əxlaqdan, şəhvətdən getmir, daxili təmizliyi nəzərdən tuturam, bundan sonra ya yenə də Mopassanın “Gombul”u ndakı – xeyir başlanğıcını qoruyan, ya da “Madmazel fi-fi”sindəki şər başlanğıcından qurtula bilməyən qadına çevrilirsən. Hansını seçmək bəlkə də, insanın öz əlindədir, amma kim bilir, bəlkə də deyil. Axı biz bilmirik iblis iblis olmağından əzab da çəkə bilər...
Əjdər Zeynalov
- Belə bir əsərlə hələ ki, rastlaşmamışam...
Ayxan Ayvaz
- Oxuduğum əsərlərdə bu cür oxşarlıqlar olur. Ancaq konkret üst-üstə düşən nüanslar olmayıb. Məsələn, həmişə Kafkanı oxuyanda ölüm xəbəri eşitmişəm. Yaxud da bədbəxt bir hadisə baş verib. Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" romanında Holden Koldflidin fahişə ilə söhbətinə bənzər bir söhbət eləmişəm fahişəylə. Amma eyni anda baş verməmişdi. Mən romanı oxuyandan sonra özümü Holdenə oxşatmaq üçün bunu etmişdim. Fahişə də əlini yelləyib demişdi ki, gic-gic danışma.
Ləman Ələşrəfqızı
- Əlif Şəfəqin “Qara süd” romanındakı hadisələr mənim həyatımdan götürülüb sanki. Bu kitabı bacım oxudu əvvəl və mənə dedi ki, hələ bir oxu bax, elə bil sənin haqqında yazıb. Söhbət postnatal dövrdə baş verən proseslərdən gedir. Hər iki övladım dünyaya gələndən sonra 40 gün ərzində çox problemlər yaşamışam. Sonra hər şey yoluna qoyulub. Amma onu da etiraf edim ki, əsəri axıra qədər oxumadım.
Elvin Paşa
- Tam üst-üstə düşən bir əsər olmayıb. Amma epizodlar olub ki, obrazların atacağı addımı mən ondan qabaq atmışam həyatda. “Ovod” romanında, Martin İdendə özümü görmüşəm. Hardasa müəyyən oxşarlıq var. Bir də əsas hekayələrdə tapa bilirəm özümü.