4 Dekabr 2017 09:49
4 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” layihəsində tənqidçi-ədəbiyyatşünas Zakir Məmməd mərhum şair Ələkbər Salahzadə haqqında danışır.

– Zakir müəllim, Ələkbər Salahzadə ilə nə vaxtdan bir-birinizi tanıyırdınız?

– Ələkbər Salahzadə ilə ilk görüşümüz təxminən 80-ci illərin ortalarında Azərbaycan Yazıçılar Birliyinin bədii ədəbiyyatı təbliğ bürosunda olub. O vaxt Ələkbər müəllim həmin idarənin direktor müavini idi. Həmin təşkilat və yazıçılar birliyinin bir neçə mətbuat orqanı İçərişəhər metrosu ilə üzbəüz binada yerləşirdi. Bizi onunla bir yerdə işləyən şair-publisist Allahverdi Məmmədli tanış etdi.

– Bəs münasibətləriniz sonra necə davam elədi?

– Bundan sonra Bakıya yolum düşəndən-düşənə görüşürdük. Rayona gələndə o da məni soraqlayırdı. Mən ucqar dağ kəndində müəllim işləyirdim. Bir neçə dəfə qonağımız olmuşdu. Mənim yaradıcılığımla maraqlanırdı. Rayonda gedən ictimai-mədəni proseslərlə bağlı fikir mübadiləsi aparırdıq.

– O da Qubadan idi...

– Hə, Ələkbərin özü də dağların qoynunda yerləşən, 1959-cu ilə qədər rayon mərkəzi olmuş Qonaqkənd qəsəbəsindən idi. İndi oralarda çox az adam qalıb. Əhali köçüb gedib. Sovet dövründə demoqrafik proseslər həssas nöqtə kimi hər kəsin diqqət mərkəzində olurdu. Odur ki, şair və yazıçılar da bu sahəyə biganə deyildilər. Xüsusən, onun doğulduğu el-obanın, bütövlükdə Quba rayonunun sosial-iqtisadi çətinlikləri təbliğat sahəsində çalışan adamı narahat etməyə bilməzdi. Sovet idarəçiliyi təbliğat vasitələrini hər bir müəssisəyə, təşkilata yerləşdirmişdi. Əsas ideya belə idi ki, insanlar dədə-baba torpaqlarında yaşamalı, kənddə quruculuq işləri ilə məşğul olmalı idilər. Amma bu tipli vəzifələrin yerinə yetirilməsinə yaradıcı şəxslər səmimi münasibət bəsləyirdilər. Axı kənddə onların ata-anaları yaşayırdılar.

Ələkbərin bir şeiri vardı. 80-in əvvəllərində, elə həmin illərdə yazmışdı.

Elə bil çolaqdır tək otçalan,

Otlu biçənəkdə yerimir işi.

Oğlu şəhərdə

Sol qolutəkk qopub qalmış

filan kişidir bu kişi...

Bax, təqribən belə bir kontekstdə söhbətlərimiz olurdu. Rayonda yaşayan ziyalılarla, partiya, hökumət adamlarıyla bağlı söhbətlərimiz olurdu. Mənə şeir yazmaqla bağlı tövsiyələrini verirdi. Görüşlərlə yanaşı, tez-tez məktublaşırdıq. Bayramlarda mənə təbrik açıqcaları yollayırdı...

– Neçə yaşında dünyasını dəyişdi?

– 72 yaşında vəfat etdi.

– Elə bil onun haqqında tələbələrinizə dərs deyirsiniz. Maraqlıdır, hələ haqqında heç nə eşitməyən, heç nə bilməyən tələbələrinizə Ələkbər Salahzadəni necə təqdim edərdiniz?

– Öncə onu şair kimi təqdim etmək lazımdır. Yenilikçi şair idi. Ədəbiyyatşünaslıqda novator ləfzi var. Bu, o insanlara aid edilir ki, onlar yeni üslub və janr gətirirlər. O, mövcud yazı modellərinə, yəni sərbəst şeirin prinsiplərinə əsaslanaraq, mətnin strukturunda və məzmununda başqa heç kəsə bənzəməyən yeniliklər etməyi bacarırdı. Ələkbər Salahzadə hər yeni şeirində təzə ruh, təzə nəfəs gəzdirirdi. Onun haqqında müxtəlif vaxtlarda cürbəcür fikirlər yazılıb, səsləndirilib...

– Məsələn, Ramiz Rövşən deyirdi ki, Ələkbər şairlər şairidir.

– Bəli... Yaxud, obrazlı nitqin səs-fonem konteksində qurulması metodu sistematik olaraq onun adı ilə daha çox bağlıdır. Deməli, onu öz bədii nitqi ilə oxucunun ən zəif yerini tapıb ordan ona “zərbə endirməyi” bacaran şair kimi səciyyələndirmək olar. Bütövlükdə Ələkbər Salahzadə hər zaman öyrənilməyə, tədqiq edilməyə layiq bir mövzudur.

– Bəs necə bir şəxsiyyət idi?

– Mənə elə gəlir ki, Ələkbər Salahzadə şəxsiyyəti, insanlığı barədə pozitiv anlamda söhbət, müzakirə predmeti ola biləcək az-az şairlərimizdəndir. Onun haqqında ağız dolusu xoş sözlər söyləmək mümkündür. Saf, təmiz adam idi. Şöhrətpərəstlikdən, karyerizmdən uzaq insan idi. Məsələn, onu dəfələrlə təkidlə televiziyaya “Ovqat” və s. verilişlərə dəvət edib aparmaq istəsələr də, buna razı olmayıb. Bəsit formada özünü təbliğlə məşğul olmurdu.

Əlbəttə, şairin özünü təbliğ etməsi normal sayılmalıdır. Amma bunu şəxsiyyətə ziyan vuran üsullarla etmək yaxşı hal deyil. Bizdə orta səviyyəli şairlər tanıyıram ki, yubiley yaşının tamamı münasibətilə ona-buna ağız açıb özləri haqqında mətbuatda təqdimat xarakterli yazılar dərc etdirir, vasitə tapıb yuxarı dairələrdən təbriklər əldə edirlər.

– Ələkbər Salahzadəyə laqeyd bir münasibət vardı...

– Bəli, bunu yetmiş yaşı tamam olanda mənə demişdi. Ona olan laqeyd münasibətdən gileylənmişdi. Onda ona təsəlli verdim və durduğu uca məqamda onun daha möhtəşəm göründüyünü söylədim. Uzun müddət “Ulduz”, “Qobustan” jurnallarının baş redaktoru kimi fəaliyyət göstərib. Redaktor kimi əsas keyfiyyəti dərc olunacaq mətnin seçilməsinə tələbkarlıqla, prinsipiallıqla yanaşması idi.

– Yaxın dostları başqa kimlər idi, ən çox kimlərlə otururb-durardı?

– Təbii, dost-tanış çox idi. Amma mənim müşahidəmə görə, “Xalq qəzeti”ndə işləyən İsaq Əmənullayevlə, dünyasını vaxtsız dəyişən şair Allahverdi Məmmədli, radioda işləyən şair Oqtay Şamillə, şair Tofiq Nurəli ilə, Qubada radio verilişləri redaksiyasının məsul redaktoru Mirzə Dəmirovla çox yaxın idilər. Hörmətli adam idi. Çoxları onun xətrini istəyirdi. “Qobustan”da işləyəndə yanında çox adam görmüşəm. Məsələn, rəhmətlik Camal Yusifzadə ilə aralarında xətir-hörmət vardı. İsa İsmayılzadə ilə adları mətbuatda həmişə qoşa çəkilirdi. Tənqid olunanda da, tərif ediləndə də. Əlbəttə, bu, ayrı bir mövzudur. Amma şeir-sənət adamlarının dostluğu çoxşaxəli olur. Rayonda da oturub-durduğu dostları vardı.

– Fəxri adları vardımı?

– Əməkdar incəsənət xadimi idi. Rəsul Rza adına beynəlxalq ədəbi mükafat almışdı. Dünyasını dəyişəndən sonra onun haqqında geniş maraqlı yazılar dərc olundu, Məqalələr yazıldı. Və nə yaxşı ki, Vaqif Əlixanlının təşəbbüsü ilə iki il əvvəl Ələkbər Salahzadə adına "Avanqard" poeziya mükafatı təsis edildi.

– Övladları arasında onun yolu davam etdirən var? Yoxsa...

– Övladları yaradıcılıqla məşğul olmurlar. Bir qızı Əlyazmalar institutunda, bir qızı isə "Qobustan" jurnalında işləyir. Üç qızı bir oğlu var.

– Xaraktercə necə insan idi? Deyib-gülən, yumorist, yoxsa tamamilə ciddi?

– Deyib-gülməklə arası yox idi. Ciddi adam idi. Amma ciddi olduğu qədər ünsiyyətcil, qayğıkeş idi. Onunla söhbət etməyə adamda qəribə bir həvəs, istək yaranırdı. Müəyyən ziddiyyətli ictimai proseslər barədə onunla fikir mübadiləsi etməyə adam daxili ehtiyac hiss edirdi. Bilmək istəyirsən ki, bu məsələdə onun mövqeyi necə ola bilər. Danışanda “hökmən” ifadəsini tez-tez işlədərdi. Məsələn, deyirdi ki, filan problemlə hökmən məşğul olmaq lazımdır. Söhbət zamanı otaqda var-gəl etməyi xoşlardı. Papiros sönənə qədər dodağında olar, yenə təzədən yandırardı, bir də sönər və yenə yandırardı. Adamda elə təsəvvür oyadardı ki, sanki papiros da onu dinləyən bir həmsöhbətdir, yol yoldaşıdır.

– Ədəbiyyata neçənci illərdə gəlmişdi?

– Altmışıncı illər ədəbiyyatının nümayəndəsi sayılır. "Beş yarpaq" adlı ilk kitabı 1968-ci ildə çap olunub.

– Ədəbiyyata 60-cı illərdə gəlib, bəs niyə o qədər də tanınmırdı?

– Az tanınmağının bir səbəbi az təbliğ olunmağı idisə, digər səbəb onun üslubu ilə bağlı idi. Oxucu auditoriyası onun qələminin işlədiyi dərinliklərə bələd deyildi. Modernizmin ən yeni modellərinə bir neçə şairin yaradıcılığında rast gəlmək olurdu. Onlardan biri Ələkbər Salahzadə idi. Bəzən onun şeirləri zahirən hiss və duyğudan kənar mətn təsiri bağışlasa da, fəhmlə orada dolğun hissiyyatın, kövrək bir ovqatın olduğunu ayırd etmək mümkündür. Oxucudan yüksək intellekt tələb olunduğuna görə belə bir fikir var idi ki, Ələkbər şairlər üçün yazır. Kitabları da say etibarilə çox deyil.

– Onu Azərbaycan ədəbiyyatında ən çox hansı şairə bənzətmək mümkündür?

– Yenə deyirəm, heç kəsə bənzətmək olmur.

– Onun haqqında çoxmu yazılıb? Yoxsa...

– Əsərləri haqqında yazılan məqalələrin səviyyəsi onu qane eləmirdi. Ən yaxşı yazılar ölümündən sonra yazıldı. Onun “Ölüm tanıtdırırmı, unutdururmu” məzmunlu bir şeiri var. Ölümü onu daha çox tanıtdırdı. Çünki geridə istedadla qələmə alınmış ədəbi irs qoyub gedirdi.

Bir məsələni qeyd edim. Sağlığında “525-ci qəzet”də, “Ulduz”da mənim “Şeirin havası” adlı məqaləm çap olundu. Elə oldu ki, o həmin məqaləni bütövlükdə oxuya bildi. Yeni çıxacaq kitabına ön söz kimi daxil edəcəyini demişdi. Təəssüf ki, o kitab hələ də çap olunmayıb. Oğlu Fəridin telefonunu istəmişdilər. Qubada iş adamı o kitabı nəşr edəcəyinə boyun olsa da, hələ ki, bu məsələ həllini tapmamış qalır.

– Yəqin, onunla bağlı xatirələriniz çox olar...

– Ələkbərin “23 fevral” adlı bir şeiri var. Sovet dövründə ədəbi tənqidin tez-tez misal gətirdiyi şeirlərindəndir. Bir gün fevralın 23-də zəng etdim. Kefini soruşdum. Niyə zəng elədiyimi başa düşdü. Gülə-gülə dedi ki, şeirin ildönümünü qeyd edirəm. Səsinin tonundan şeiri təkbaşına yüksək səviyyədə “qeyd etdiyi” bilinirdi. “23 fevral” şeirini özü çox bəyənirdi. Bayaq gülməklə arası olmadığını dedim. Amma güldüyü vaxtlar da olurdu...

Bir məqamı da qeyd etmək istəyirəm. Ələkbər Meşa Selimoviçin “Dərviş və ölüm” romanını tərcümə etmişdi və bu tərcüməyə görə “Abbas Səhhət” mükafatı almışdı. Bir neçə dəfə zəng edib o kitabı mənə hədiyyə etmək istədiyini dedi. Görüşməyimiz uzanırdı. Sonra xəstələndi. Nabranda dincəlirdi. Ümumiyyətlə, son vaxtlar ayağının ağrıdığını söyləyirdi. “Sağ ayağın ağrısı” adlı şeiri də vardı. Müşahidə etmişəm, o cür sənətkarların həyatı sanki, qanunauyğunluqlarla doludur. Nabrana getməyi qərara alsam da, bugün-sabaha saldım, yetişə bilmədim. Bir gün həmin məşum xəbər qəlbimizi dağladı. Mənim yaddaşıma Ələkbər müəllimin ölümü sağ ayağı ilə bağlı düşdü.


Müəllif: Kəramət Böyükçöl

Oxşar xəbərlər