5 Dekabr 2017 09:18
4 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oxucuları ən çox maraqlandıran suallardan biri də budur ki, görəsən, şairlərin ən sevilən şeirləri kimə həsr edilib?

Beləliklə, Teleqraf.com “Bir şeirin tarixçəsi” adlı yeni layihəsini təqdim edir. Layihədə şairlər ən məşhur şeirlərinin kimə, necə və harda yazıldığı haqda danışacaqlar.

İlk qonağımız Aqşin Yeniseydir. O, gənclərin dilindən düşməyən “Sənə məktub yazıram” şeiri haqda bilmədiklərimizi danışır:

“Bu şeirdən imtina etməyin vaxtı çatıb, deyəsən, çünki artıq məndən icazəsiz toylara gedir, nə vaxt axtarsam, içki məclislərində tapıram. Lap əvvəldən bu şeirin üstündə mənim yox, Şahbaz Xuduoğlunun imzası qoyulmalıydı. Çünki bu şeiri mən qar və içki ovqatı ilə ilk dəfə mesaj kimi bənd-bənd ona yazmışam, Elçin Səlcuq dəfn olunan gün. Mən Elçinin dünyadakı boşluğunu özüm üçün bu şeir və bir araq şüşəsi ilə doldururdum evdə. Belə kişi hislərini də ancaq kişilərlə paylaşmaq halal buyurulub poeziyanın kitabında. Hansı xanım tanışa göndərsəydim, deyəcəkdi mənə "yazıfsan?". Bu şeir heç bir ədəbi uğur güdülməyən faciəli kişi romantikasının ifadəsidir. Ona görə yazdıqca Şahbaz bəyə göndərirdim. O da sən demə, şeirin əbədiləşdirmə işinə baxırmış o tərəfdə. Və bir gün bu şeir Elçin Səlcuq haqqında "Qanun"da nəşr olunan jurnalda işıq üzü gördü. Elçinin qırxında kim həmin jurnalda bu şeiri oxuyurdu, gəlib ağlaya-ağlaya məni öpürdü. Yeganə şeirimdir ki, bu şeirə görə məni ancaq kişilər öpüb. Xahişim isə budur ki, bu gündən sonra bu şeirin üstündən mənim imazamı götürəsiniz, mən onu dostum Elçin Səlcuqa bağışlayıram. Qoy bundan sonra bu şeirin üstündə Elçin Səlcuq imzası yazılsın....”


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər