20 Fevral 2018 20:44
13 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etmişsə siyasət sitəmi ərzi oyuncaq,

Axı boğacaqdır onu dəryayi-həqiqət.

M. Biriya

Bəli, o doğrudan da NKVD agenti idi.

Başlıq xatirinə, sensasiya üçün yazmamışıq.

O, maarif naziri də olmuşdu.

Həmkarlar ittifaqının sədri də.

Bütün bunlardan sonra mollalıq və mürdəşirlik də eləmişdi.

Lakin o, bütün bunların hamısından əvvəl şair idi.

Məhəmməd Biriyanın həyat hekayəsini danışmağa başlayaq.

Məqalə MTN arxivində saxlanan istintaq materialları əsasında hazırlanıb.

Bu materiallar “Hər addımda məzarım var” adı ilə 1997-ci ildə, Yazıçı nəşriyyatında kitablaşdırılıb.

Biriya 1914-cü ildə Təbrizdə doğulur.

1920-ci illərdə ailəsi ilə birgə Bakıya gəlir.

Bir ara yenidən Xorasana qayıdırlar.

Sonra yenə Bakı illəri, 1923-cü ildən 1930-a qədər.

Bu gediş-gəlişlər sizi yormasın, şairin fəlakətinin səbəbi də elə buradan başlayacaq.

1930-cu illərdən Təbrizdə yaşamağa başladı.

Şeirlər yazırdı, kitabları çıxırdı, qəzet buraxırdı və hakim rejimə müxalif idi.

1941-ci ildə Sovetlərin dəvəti ilə şair kimi Bakıya gəldi.

Bir müddət burda qaldı.

1942-ci ildə İrana qayıtdı.

Fəal inqilabi işlə məşğul idi.

Marksizmə inanırdı.

1945-ci ildə Pişəvəri Azad Azərbaycan Hökumətini qurdu.

Biriya təhsil naziri təyin edildi.

Lakin hökumət uzunömürlü olmadı.

Müxalif ovuna başlanıldı.

Biriya o günlərdə Təbrizdəki Sovet xəstəxanasında gizlənirdi.

Sovet xüsusi xidmət orqanlarının xüsusi əməliyyatı ilə Biriya təyyarə ilə Bakıya gətirildi.

Burda şairi NKVD ilə əməkdaşlığa məcbur etdilər.

İstintaq materiallarında şairin bu barədə öz əli ilə yazıb verdiyi iltizam var.

Bu iltizam Azərbaycan dilində, amma ərəb əlifbası ilə yazılmışdı.

Bakı həyatı onu sıxmağa başlamışdı.

Ailəsi Təbrizdə qalırdı, onlar üçün darıxırdı.

Bakıda onu radioda işə düzəltmişdilər, yaxşı maaş da alırdı.

Ancaq şair İrana getməyə can atırdı.

Sovet pasportundan imtina edirdi.

İranın Bakıdakı konsulunun telefonuna zəng vurub pasport xahiş etdi.

Konsul onun xahişini yerinə yetirəcəyinə söz verdi.

Amma...

Bu, Sovet KQB-si idi.

Dərhal xəbər tutdular.

Xalq yazıçısı Mirzə İbrahimov o zaman baş nazirin müavini idi.

Biriyanı yanına çağırdı. Ona izah elədi ki, İran konsulu ilə əlaqə yaratmaq ona baha başa gələcək.

Eləcə də polis və xüsusi xidmət generalları ondan bu əməlindən vaz keçməyi tələb etdilər.

Biriya dediyindən dönmədi.

İran konsulluğuna getdi, burda qapının ağzında onu çekistlər gözləyirdi.

Çekistlər onu yolundan çəkindirməyə çalışdılar, Biriya səs-küy saldı.

Onlar çıxıb getməli oldular.

Maraqlısı isə o idi ki, İran konsulluğunun daxilində də KQB agenti vardı.

O Biriyanın burda apardığı bütün danışıqları, eləcə də onun haqqında yazılan bütün sənədləri operativ şəkildə xüsusi xidmət orqanlarına ötürürdü.

Qəribəsi bu idi ki, qapının ağzında onun yolunu kəsən adamların çekist olduğunu konsulluq işçiləri başa düşməmişdilər.

Onlar belə güman edirdilər, bu şounu Biriya qəsdən düzəldib ki, onun Bakıda izləndiyi barədə təəssürat yaransın və pasport işi sürətlə həll olunsun.

Bu gümanlarını rəsmi hesabata da yazmışdılar.

Hesabat isə yazıldığı gün Sovet xüsusi xidmət orqanına çatdırılmışdı.

Biriya pasport almağa getdiyi gün həbs edildi.

Onun həbsi üçün şəxsən Mir Cəfər Bağırovdan razılıq alınmışdı.

Dindirilmə protokollarını oxuduqca Biriyanın günahsız olduğuna tam əmin olursan.

Biriya cəmi bircə günahını boynuna alır.

NKVD ilə əməkdaşlıq iltizamını imzaladığını İran konsuluna xəbər verdiyinə görə günahkar olduğunu deyir.

İstintaq isə absurd ittihamlar irəli sürürdü.

Biriya Azad Azərbaycan Hökumətinin maarif naziri olarkən iki dəfə Amerika konsulunu qəbul etmişdi.

Müstəntiq bu rəsmi görüşü casusluq fəaliyyəti kimi başa düşürdü.

Daha doğrusu, başa düşmək və bunu Biriyaya qəbul etdirmək istəyirdi.

Biriya ittihamlarla razılaşmadı.

Amma onun əleyhinə ifadə verən də tapıldı.

Şahid ifadələri də Biriyanın xeyrinə idi, cəmi bir şahidin gümana arxalanan ifadəsi vardı.

Xoşbəxtlikdən 37-ci il deyildi, 1948-ci il idi.

Biriya ölüm cəzasından xilas oldu.

Prokuror onun üçün 15 il iş istəmişdi, hakim 10 il iş verdi.

Biriya QULAQ-a, sonra isə Karakana göndərildi.

1956-cı ildə onun cinayət işini ləğv etdilər.

Biriya azad edildi.

Bakıya qayıtdı. Yenə də İrana getmək istəyirdi. İranda hələ şah rejimi hökmran idi.

Bu illər də Biriya üçün sakit keçmədi.

O, şair idi, sözünü uda bilmirdi, hər yerdə və hamıya həbsdə yaşadığı işgəncələrdən danışırdı.

Yenidən həbs olundu.

On ilə qədər həbsdə yatdı.

Həbsdən çıxandan sonra İrana viza almaq üçün Moskvaya getdi.

Burda bir milislə savaşdı, iki il də buna görə həbsdə yatdı.

Həbs müddəti bitdikdən sonra onu Bakıya buraxmadılar.

Şamaxıda yaşamalı oldu.

Şamaxıda güneyli mühacirlərin bir kolxozu vardı.

Biriya da bir müddət burada yaşadı.

Güc-bəla ilə icazə alıb Bakıya qayıtdı.

Onu heç harda işə götürmürdülər.

Maddi vəziyyəti dözülməz idi.

İstintaq sənədlərində dəfələrlə neqativ bir şey kimi onun dinə müsbət münasibəti vurğulanırdı.

Və şair Bakı qəbristanlıqlarında mollalıq eləməyə məcbur oldu.

Bir tərəfdən də İrana, ailəsinin yanına getmək üçün mübarizə aparırdı.

Bu, nəhayət 1980-ci ildə mümkün oldu.

Şairin dramları bununla da qurtarmadı.

Təbrizdə nə oğlunu tapdı, nə həyat yoldaşını.

Uzun saqqal saxlayan şair əlinə kitabını götürüb dərviş kimi Təbrizin küçələrində gəzirdi.

Ölümü ilə bağlı iki variant var.

Onun kimsəsizlər evində öldüyü deyilir.

Digər varianta görə isə şair bu dəfə molla rejimi tərəfindən həbs edilir və elə həbsxanada həyata vida edir.

Məhəmməd Biriyanın faciəvi taleyi bundan ibarətdir.

Özü demiş: “Dünya deyilən fitnəli qəmxanəyə gəldim”.

Bu həyat heç zaman şairin üzünü güldürə bilmədi.

Heç zaman...


Müəllif: Qan Turalı

Oxşar xəbərlər