Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamına əsasən çap olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” (DƏK) seriyasından sonuncu kitablar çap olunub.
Bakı Kitab Klubundan Teleqraf.com-a verilən məlumata görə, sonuncu çap olunan kitablar bunlardır:
1. Edqar Po. Seçilmiş əsərləri
2. Con Faulz. Seçilmiş əsərləri
3. Fridrix Dürrenmatt. Seçilmiş əsərləri
4. Herbert Uells. Seçilmiş əsərləri
5. Umberto Eko. “Qızılgülün adı”
6. Boris Pasternak. “Doktor Jivaqo”
7. Eyvind Yonson. Seçilmiş əsərləri
8. Stendal. “Parma monastırı”
9. Elias Kanetti. “Korlaşma”
Bununla da DƏK seriyasından olan kitabların çapı yekunlaşıb. Marqaret Mitçelin “Küləklə sovrulanlar” romanı əvvəlcədən nəzərdə tutulduğu kimi bir cilddə deyil, iki cilddə çap olunduğu üçün son nəticədə 151 kitab çap olunub.
Qeyd edək ki, sözügedən seriyadan olan kitabların çapına 2009-cu ildən başlanılıb. Kitablar dörd bölümdə nəşr edilir: 45 kitab klassik dünya ədəbiyyatından, 40 kitab Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərindən, 40 kitab müasir dünya ədəbiyyatından, 25 kitab isə dünya ədəbiyyatı üzrə antologiyalardan ibarətdir. Kitabların 120-si Azərbaycan dilində ilk dəfə nəşr olunur.