Yazıçı, publisist Qurban Yaquboğlunun 50 yaşı tamam olur.
Teleqraf.com Qurban Yaquboğluyla müsahibəni təqdim edir.
- Qurban müəllim, əllini aşırdız, yüzə nə qaldı?
- Mən adətən, yaxınlarıma deyirəm ki, sonuncu 25 başladı. Son 25-dən bircə gün də artıq yaşamaram. Zarafatsız. Hamıya həyat çatmalıdı...
- 50 illik yubileyiniz üçün xüsusi planlar varmı? Necə keçirəcəksiz?
- Heç kəsə deməyin, plan belədi: Axşam saat 6-dan sonra "Dərnəgül" metrosunun qabağındakı geniş, açıq yol var ha, o yolla gözəl düşüncələrlə metroya düşüb evə gedəcəm. İmkan olsa, yenə evdə kompüteri açıb nəsə yazacam. Yadımdan çıxmamış deyim, yolda Kəramət Böyükçölün romanını, evdə Əhməd Həmdi Tanpinarın dəhşətli kitabını oxuyuram. Yazmıramsa...
- Adətən, yaş artıqca insanlarda bir az qorxu, bir az da kövrəklik baş qaldırır. Maraqlıdır, siz nə hislər keçirirsiz?
- Düzünü deyim, bir ara gözyaşımı heç saxlaya bilmirdim. Özü də bu, ölüm-filan hisləriylə bağlı deyildi. Nəsə gözümün yaşı dayanmırdı. İndi bir az sakitəm. Bəlkə də sərtləşdim. Yaşımı çox aydın duyuram. Deyəsən, nələrsə olur... Məncə, gözəl şeylər olur.
- Ömrünüzün hansı hissəsini “qızıl dövr” adlandırardınız?
- Özümü inandırmağa çalışıram ki, qızıl dövr indi başlayır. Mən axı, heç nə yazmamışam.
- Bu yaxınlarda “Mən yoxam” adlı kitabınız çapdan çıxdı. “Mən yoxam” demək bu qədərmi asandır?
- O romanın sonuncu hissəsini - əsl "yox olma"nı necə əzabla yazmışam, Allah şahiddi. Əslində, romanı bütövlükdə... Gəl bu barədə danışmayaq. İstərdim romanı oxusunlar.
Bu günsə gülümsəmək istəyirəm. Bəlkə də gülümsəməkdən ötrü var olmağa dəyər.