“Qiraətçi”də İlqar Rəsulun “Cahilistan” hekayəsi
Teleqraf.com təqdim edir:
Cahilistan
Gecə kəndin ateistlərinin başçısı öldü. Ateistlər səhər tezdən yığışdılar ölənin həyətinə. Bilmədilər neyləsinlər. Hərə bir söz dedi, heç kim bir iş görmədi. Meyit qaldı ortada. Nə yuyan oldu, nə kəfənləyən. Kəndin dindarları yolun kənarındakı ağacın altında oturub uzaqdan həyəti seyr edirdilər, ara-sıra hüzürə qatılmaq istəyənlərin yolunu kəsib, getməyə imkan vermirdilər. Beləcə gün günorta oldu, ateistlər bir qərara gələ bilmədilr. Birdən təpənin başında məscidin axundu göründü. Aram addımlarla uzaqdan həyətin yolunu tutub gəlirdi. Dindarlardan biri qaçıb uzaqda onu haqladı, yanına düşüb bərabər yeriyə-yeriyə: “Ağa, getmə o həyətə, qatılma o kafirin yasına, – dedi, – el-oba səni daş-qalaq eləyər!”
Axund əlinin işarəsi ilə onu özündən kənarlaşdırıb, yoluna davam etdi. Başqa biri qaçıb yaxınlaşdı:
- Ağa, sən nə edirsən, nə tez unutdun onun elədiklərini?! Allaha həqarət edirdi...
- İnsan kimdir ki, yaradana həqarət edə bilsin? – Axund zəhmli baxışları ilə adamı özündən uzaqlaşdırdı.
- Dini inkar edirdi, ağa, yadından çıxıb? – üçüncü dindar özünü yetirdi.
- Dinin, imanın işi cahilləri doğru yola yönəltmək, bəd əməllərdən çəkindirməkdir, onlarla savaşmaq yox.
- Axı müqəddəs kitabda Allah buyurur ki, kafirlərlə savaşmaq...
- Kitab cəmi beş-altı vərəqdən ibarətdir, orda da insanlara mərhəmətli olmaq, haqqa tapınmaq buyurulur, qalanını sizin kimilər öz mənfəətləri üçün ora əlavə ediblər, – axund adamın sözünü kəsdi.
Dindarlar hamılıqla tökülüşüb darvazanın qabağında axundun yolunu kəsdilər. “Buraxmarıq səni bu həyətə, – dedilər, – Allahı, dini düşünmürsən, özünü düşün, adamın özü də, dəstəsi də hər görəndə səni söyüb təhqir edirdi...”
- Məni təhqir ediblər də, siz niyə əl-ayağa düşmüsünüz? – axund təmkinini pozmadan onların arasından keçib həyətə girdi, ateistlərə “başınız sağ olsun” deyib isti su istədi. Qoltuğunda gətirdiyi kəfəni, pambığı, söyüd çubuqlarını bir kənara qoyub, iki nəfəri məscidə – tabut gətirməyə yolladı. Məzar qazdırmaq üçün məsciddən qəbiristanlığa adam göndərdiyini deyib, evin arxasında yuat yeri hazırlatdı. Su isinən kimi papağını kənara qoyub, qollarını çırmaladı, meyiti yuyub kəfənlədi, tabuta qoydurdu. Ateistlərə əli ilə cənazənin yanında bir tərəfdən toplaşmağı işarə edib irəli keçdi. Cənazə namazını qılıb tabutu qaldırmağa göstəriş verdi. Qabağına düşüb Quran oxuya-oxuya qəbiristanlığa üz tutdu...
Bütün kənd qəbiristanlığa yığışmışdı. Ateistlər sakitcə axundun tapşırıqlarını yerinə yetirirdilər. Dindarlar, ara-sıra kənardan söz atıb axundu qınayırdılar, sadə camaat dinib-danışmadan baş verənləri seyr edirdi. Dəfn başa çatanda axund üzünü qəbiristanlığa toplaşanlara tutub dedi:
- Bizim borcumuz, hər kim olursa olsun, öləni bu dünyadan hörmətlə yola salmaqdır. O tərəfdə haqqı nədir, cəzası nədir, onu alacaq. Əgər ateistlər dediyi kimi, o dünya yoxdursa belə, bu, bizim bu dünyada borcumuzu yerinə yetirməyimizə əngəl olmamalıdır...
Qəbiristanlıqdan çıxanda çevrilib çaş-baş qalmış dindarlarla ateistlərə baxdı axund: “Lazım olsam, məni məsciddə axtarın, bu gecə evimdə qalmayacam”, – deyib getdi...
O gecə kənddə hamı bu hadisədən danışdı. Qara camaat deyirdi ki, əgər axund belə lazım bildisə, düzgünü elə bu imiş. Dindarlar kəndin çayxanasına yığışb axundu qınayır, kafirlərin tərəfini tutmaqda suçlayır, asıb-kəsirdilər. Ateistlər ölənin evində toplaşıb axundun böyüklüyündən danışır, indiyə qədərki əməllərinin peşmanlığını çəkirdilər...
Səhər tezdən ateistlər yığışıb məscidə getdilər ki, axunddan həm özlərinin, həm də ölənin adından üzr istəsinlər, bir də başqalarının inancına həqarət etməyəcəklərinə söz versinlər. Çatıb gördülər, məscidin qapıları taybatay açıqdı. Camaatın qınağına səbəb olmamaq, dindarların qəzəbinə tuş gəlməmək üçün içəri ayaq basmayıb, çöldən axundu səslədilər. Nə qədər çağırırlar, hay verən olmadı. Axırda naəlac qalıb ehmalca içəri girdilər. Üzləşdikləri mənzərədən yerlərində donub qaldı atesitlər. Dindarlar gecə gəlib axundu öldürmüşdülər...
Bakı-Mart-2018