7 May 2018 09:35
5 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı publisist, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylidir.

– Elçin bəy, istərdim söhbətimizə Azərbaycan milli-azadlıq hərəkatının marşı olan, hal-hazırda Azərbaycan Silahlı Qüvvələrində ifa olunan, orta məktəblərdə tədris edilən "Azadlıq" marşından başlayaq. Bu marşın ideyası necə yarandı?

Meqafonu Fazil Mustafa tutmuşdu

– Sözün açığı, marşın yaranması ideyasının əsası 1988-ci ildə qoyulub. Hadisələr başlayan vaxt zamanı meydanda yazılıb. Amma tam şəkildə 1989-cu ildə başa çatıb. Hər kəs özünün, öz xalqının taleyini müəyyənləşdirmək üçün milli-azadlıq hərəkatına qoşulmuşdu. Mən də tələbə hərəkatının fəal üzvlərindən biri idim. Günümüz insanları meydanlara aparmaqla keçirdi. Günlərin bir günü meydanda oturub çox sevdiyim “Heyratı” zərb muğamının üzərində ilk iki misra – “Qalx ayağa millət, boğmasınlar səsimizi, Bir bayraq altında birləşdir bizi” misraları yarandı. Ondan sonra ardını yazdım. Həmin dövrdə görkəmli bəstəkarımız, rəhmətlik Tofiq Quliyevə müraciət etdim. Dinlədi, çox bəyəndi. Nota köçürülməsi ilə bağlı müəyyən məsləhətlər verdi. Bilirsiniz ki, marş yazmaq asan məsələ deyil. Amma onun sonrası, orkestrovkası, xor üçün yazılması var. İndiki Texniki Universitet, o vaxtkı Politexnik İnstitutunun qarşısında aksiya keçirilirdi. İlk dəfə “Politexnik”in qarşısında onu oxuduq. Yaxşı xatırlayıram, meqafonu da Fazil Mustafa tutmuşdu. Sonradan Fazil bəy və indi üzdə olan bizim digər dostlarımız, tələbə yoldaşlarımızla birgə ordan axın edərək, meydana gəldik. Amma o marş meydanda oxunanadək artıq vərəqlərə köçürülmüş və insanlara paylanmışdı ki, biz marşı oxuyaraq gedək. Həmin dövrdən başlayaraq, “Azadlıq” marşı milli-azadlıq hərəkatının marşına çevrildi. O dövrdə bir neçə marş yazılmışdı, ancaq görünür, bu insanlara daha yaxın, daha doğma olduğu üçün hamının rəğbətini qazandı.

Mənim təşəbbüsümlə komsomolu tərk etdik

– Milli-azadlıq hərəkatında daha çox Bakı Dövlət Universiteti, Politexnik İnstitutunun tələbələrinin iştirak etdiyini bilirdik. Siz isə indiki Mədəniyyət və İncəsənət Universitetində təhsil almısınız. Belə anlaşılır ki, həmin institutun tələbələri də prosesdə aktiv iştirak edirdi…

– Bəli, bu, heç şübhəsiz belə idi. Bizim nümayəndələrimiz tələbə təşkilatlarına üzv idilər, prosesdə iştirak edirdilər. Mən özüm də fəal idim. Burda kimisə hansısa universitetdə prosesin lideri qismində təqdim etmək yanlış olardı. Bizim institutda da proseslərə rəhbərlik edən bir neçə insan var idi ki, onlardan biri də mən idim. Onu da deyim ki, ilk dəfə bilavasitə mənim təşəbbüsümlə İncəsənət İnstitutu komsomol sıralarını tərk etdiyini bəyan edib. Bu hadisə 1988-ci ildə keçirilən Bakı şəhər Komsomol Təşkilatının konfransında baş verib. Bizdən sonra bu addımı indi İqtisad Universiteti adlandırılan o vaxtkı Xalq Təsərrüfatı İnstitutunun tələbələri atıblar. Bu tarixdir və bunun üzərindən kiminsə xətt çəkmək imkanları məhduddur.

Abbasla ən yadda qalan işimiz “Ürəyim yanar” oldu

– Siz bir məşhur mahnının da sözlərinin müəllifisiniz. Söhbət Abbas Əhmədin bəstələdiyi “Ürəyim yanar” mahnısından gedir

– Bu şeir 1989-cu ildə yazılıb. Abbasla o zaman dost idik. Amma onunla bir deyil, bir neçə işimiz var. Onlardan ən populyarı, yadda qalanı bu oldu. Həmin dövrdə də musiqi bəstələnib. Ancaq populyarlıq qazanması 1991-92-ci illərdən sonraya təsadüf etdi.

– Həmin şeiri yazanda 22 yaşınız var idi. Maraqlıdır, ürəyinizi yandıran nə olmuşdu?

– Deyim ki, şeirin mətnində “ürəyim yanar” sözləri yoxdur. Şeir “O qayıq sahilə qayıtmaz daha” adlanır”. “Ürəyim yanar” sözləri mətnə mənim tərəfimdən sonradan əlavə olunub. Məqsəd nəqarəti yoluna qoymaq idi. Ona görə də ürəyimi yandıran bir hal yox idi. Təbii ki, mən də bütün gənclər kimi həmin vaxt sevirdim. Nəzərinizə çatdırım ki, elə o yaşda da evlənmişəm.

– Abbas Əhmədlə indi əlaqəniz varmı?

– Abbasla zəngləşirik. O Bakıya gələndə mümkün olanda görüşürük. Moskvada yaşayır. Abbas peşəkar musiqiçidir. “Qaya”nın solistlərindən biri olub. İnsanın sadəcə, ifaçı olması ayrı şeydi. Amma yüksək peşəkarlıq səviyyəsi olan musiqiçi Azərbaycanda çox deyil. Özünün intellektual potensialına görə gəlib bizim toy, şou-biznes məkanına daxil ola bilməməsi Abbası ölkədən kənarda yaşamağa məcbur edir.

Ədəbi dildə danışmağın tərəfdarıyam

– Elçin bəy, Lənkəranda doğulsanız da, danışığınızda bunun heç bir əlaməti hiss olunmur…

– Nə mən, nə də ailə üzvlərim heç vaxt ləhcə ilə danışmamışıq. Müxtəlif insanlar ləhcə ilə danışa bilrlər. Buna normal yanaşıram. Hər bölgənin öz ləhcəsi var. Amma mən ədəbi dilin tərəfdarıyam. Mən ləhcə ilə danışmağın kolorit olduğunu, dilə gözəllik gətirdiyini düşünmürəm. Bu barədə nağılları dinləməkdən və arxaik təsəvvürlərin təbliğindən uzağam. Mənim heç vaxt belə komplekslərim olmayıb.

– Soyadınız məndə həmişə maraq doğurub…

– Soyadım Lənkəranın ilk xanı Seyid Cəmaləddin Mirzə bəyin adından qaynaqlanır. O, tarixi şəxsiyyətdir. Yeddinci sinfin tarix dərsliyində də onun adı var. Nadir şahın ordusunun sərkərdəsi olub. Sonra bölgəyə vali təyin olunub, əfşarlar hakimiyyətdən getdikdən sonra isə xan olub. Yəni, mən həmin nəslin nümayəndəsiyəm. O vaxt Lənkəran xanlığı Ərdəbil bəylərbəyliyinin tərkibində olub.

– Yəni, şəcərə Ərdəbilə gedib çıxır?

– Bəli, ərdəbilliyik. Əslimiz oralıdır. İndinin özündə də bizim qohumlarımızın əhəmiyyətli hissəsi orda yaşayır. Əlaqələr uzun illər itməyib.

“Bəyli” soyad sonluğunu sonradan götürməmişik

– Demək, “bəyli” soyad sonluğu sonradan götürülmə deyil. Çünki bəzən belə hallara rast gəlirik…

– Yox, biz soyad sonluğumuza “bəyli” yapışdırmamışıq. Elə ilk gündən elədir. Gedib məzar daşlarına baxmaq kifayətdir.

– Hətta sovet dövründə də?

– Bəli, sovet dövründə də. “Bəy” sözü bizim soyadımıza əlavə olunmayıb. Onlar arasında “Mirzəbəyov”, “Mirzəbəyli” olanlar olub. Amma kimlərdə ki, “ov” olub, onların bir hissəsi sonradan dəyişdirilib. Hansılar ki, Rusiyada, yaxud digər xarici ölkədə yaşayır, onlar arasında dəyişdirməyənlər də var.

Öz adımın arxasında dayanmağı xoşlayıram

– Bu soyad sonluğu sovet dövründə hər hansı çətinlik törətmirdi?

– Bizim nəslin içərisində sovet dövründə kifayət qədər irəliləyən insan olub. Yəni, onlar öz intellektlərinə görə irəliləyiblər. O zaman dəniz nəqliyyatı sahəsində çalışan və SSRİ dövründə Kamçatkada, Saxalində portların tikilməsində iştirak edən, sonradan nazir müavini olmuş atamın doğmalarından biri Əlibala Mirzəbəyli olub. Yəni, bu aspektdən də yanaşmalar olub.

– Bunu Siz özünüz araşdırıb üzə çıxarmısınız?

– Mənə qədər də araşdırmalar vardı. Nəsillik “Quran”ımız var. O “Quran”ın arxasında şəcərəmiz qeyd olunub. Tarix də hər kəsdən bir-birinə ötürülə-ötürülə gəlib. Babamızdan da bizə qalıb. Eyni zamanda bunu araşdırmaq öz marağımda olub. Əlimdə nə qədər informasiya varsa, onları bir yerə toplayıb ümumi mənzərəni cıza bilmişik. Amma soyumuzun hardan gəldiyini uşaqlıqdan bilirdik.

– Bəzi insanlar öz şəcərələri ilə bağlı kitab nəşr etdirirlər. Sizin belə bir niyyətiniz varmı?

– Ehtiyac duymuram. Mən insanın öz şəxsiyyəti ilə cəmiyyətdə təqdim olunmasının tərəfdarıyam. Ümumiyyətlə, bu barədə danışmağı sevmirəm. İndiyədək danışmamışam. Yəqin ki, eşitməmisiz. Çünki önəmli olan sənin özünün kimliyindir. Mən öz adımın, hətta soyadımın da yox, adımın arxasında dayanmağı xoşlayıram.

Rus mədəniyyəti deyilən bir anlayış yoxdur

– Elçin bəy, hər zaman sovet Azərbaycanının bizə nələrsə verdiyindən bəhs edirik. Bəs, öz xalq cümhuriyyətimiz qalsaydı, o bizə nə verərdi. Yaxud, hansı bizə daha çox töhfə verərdi?

– Mübahisəsiz, daha böyük töhfəni müstəqil cümhuriyyətimiz verərdi. Rus onu bizə məcburiyyətdən – bizimlə dialoq qurmaq üçün verirdi. Cümhuriyyət qurucularına baxsaq, onların necə nəhəng şəxsiyyətlər olduğunu görə bilərik. Təsəvvür edin ki, adamlar 1918-ci ildə parlament modelli respublika qurublar. Bu addımı atmaq üçün hansı təsəkkürün sahibi olmaq lazım olduğunu təsəvvür edin. Onlar birdən-birə 100 il qabağa sıçrayış ediblər. Bu baxımdan sovetlərin bizə nələrsə verdiyinə dair söylənilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Digər tərəfdən, rus mədəniyyəti deyilən bir anlayış yoxdur. Alman-fransız mədəniyyətinin sintezi olmuş və zorla sırınmış bir mədəniyyət var. Biz də bunu ruslardan almışıq. Amma onlar olmasaydı, biz bunu birbaşa Avropadan alacaqdıq. Ona görə də bizim heç buna ehtiyacımız yox idi. Əslində biz onlardan daha çox bobçinskilərin, dopçinskilərin təfəkkürünü qavramışıq. Rüşvət və sair anlayışların əksəriyyəti rus çinovnik məktəbindən bizə miras qalıb. Şübhəsiz ki, yaxşı şeylər var. Onları inkar etmək olmaz. Amma mənim gözümdə Dostoyevski nəhəngliyi-filan yoxdur. Nə böyüdürəm, nə şişirdirəm. Vaxtilə Çvetayevanı, Pasternakı çox sevmişəm. Bu gün onların yazdıqları sıradan bir yaradıcılıq təsiri bağışlayır. Hesab edirəm ki, cümhuriyyətimiz davam etsəydi, bu gün Azərbaycan Avropa ölkələrinə nümunə ola biləcək bir dövlət olardı. Bizi 70 il ərzində əslində 170 il geri atıblar.

– Hansı parametrlər üzrə?

– Bütün parametrlər üzrə. Təsəvvür edin ki, Azərbaycan neft bumunu onsuz da yaşayırdı. Demək, bu bumdan sonra iqtisadiyyat artıq diversifikasiya olunmalı və qeyri-neft sektorunun inkişafına keçməli idi. Təsəvvür edin ki, biz bu gün başladıqlarımızı o dövrdə başlayacaqdıq. Ümumiyyətlə, postsovet məkanında rus-bolşevik işğalından ən çox ziyan çəkən Azərbaycandır.

Bəziləri deyirlər ki, ruslar olmasaydı, biz nələrisə onların təbirincə desək, geridə qalmış İrandan və Türkiyədən alacaqdıq…

– Bu, yanlış bir təsəvvürdür. Həmin dövrdə nə qədər gənc Avropaya təhsil almağa göndərilmişdi. O respublika ayaq üstə qalsaydı, Avropanın ali təhsil müəssisələrinə ən müxtəlif sahələr üzrə oxumağa nə qədər adam göndərəcəkdi…Hətta, bu insanlar mədəniyyət sahəsini nəzərə alıb İtaliyaya oxumağa gənc göndərirdilər. Bu baxımdan proses davam etsəydi, tamamilə fərqli nəticələrin şahidi olacaqdıq. Əminliklə deyə bilərəm ki, hansı millətin başına bu oyunları gətirsəydilər, o millət müstəqil dövlətini qurub ayağa qalxa, dirçələ bilməzdi. Kim nə deyir desin, biz böyük millətik.

Dilimizin başına gətirilməyən oyun qalmayıb

– Sovet dövründə biz hətta, xarici sözləri belə rus dili vasitəsilə almışıq. Təəssüf ki, bu vəziyyət indi də davam edir…

– Sözün düzü, mən bu mövzudan hər zaman qaçıram. Dilçi deyiləm, burada qeyri-peşəkar görünə bilərəm. Amma onu bilirəm ki, bizdə problemlər təkcə yazılı nitqdə deyil, şifahi nitqdə də ciddi problemlər var. Sovet dövründə dilimizi maksimum dərəcədə akademikləşdirməyə və ümumtürk coğrafiyasından ayırmağa çalışıblar. Dilimizin başına gətirilməyən oyun qalmayıb. Mən dilin maksimum dərəcədə sadələşdirilməsinin tərəfdarıyam. Prosesdə hamı iştirak etməlidir. Dilçilərimiz də mediaya açıq olmalıdır. Təsəvvür edin ki, Dilçilik İnstitutunun hər hansı lüğəti ilə bağlı mətbuatda tənqid yazılan kimi bu adamlar son dərəcə narahat olurlar. Elə bil ki, mətbuat nümayəndələrdindən kimsə gəlib onların kürsüsünü altlarından çəkəcək. Vallah, belə bir iddiamız yoxdur. Biz dilçi olmayacağıq. Hər kəs öz işində olmalıdır. Amma bu dili elə edin ki, ağzımızdan tökülməsin. Millət danışa bilmirsə, heç nəyi bacarmayacaq.

Türk dünyasının gələcəyinə nikbin yanaşıram

– Elçin bəy, çox əlamətdardır ki, Sizinlə söhbətimiz 3 may – Türklük Gününə təsadüf edir. Bu günlə bağlı fikirləriniz maraqlı olardı…

– Türkçülüyün günü yoxdur. Bunu rəmzi olaraq müəyyənləşdiriblər. Türk dünyasının gələcəyinə nikbin yanaşıram. Əslində, regionda baş verən proseslər buna imkan yaradır. Unikal şans yaranıb. Əgər bizim siyasi liderlərimiz bu şansdan maksimum dərəcədə faydalana bilsələr, biz tarixən arzuladığımız nəticəni əldə edə bilərik. Bu həm Yaxın Şərqdə, həm Rusiyada, həm də Rusiya ətrafında baş verən proseslərlə bağlıdır. Eyni zamanda Mərkəzi Asiyanın türk respublikalarında, o cümlədən Qazaxısanda türklük şüurunun formalaşması ilə bağlı çox ciddi addımlar atılırdı. Nursultan Nazarbayev doğrudan da öz milləti üçün çox ciddi siyasi liderdir. Özbəkistan da türk dünyanın birliyi istiqamətində çox önəmli addımlar atır.

Ümumiyyətlə, gənclik artıq tarixi həqiqətləri dərk edir. Milli şüurla formalaşan xeyli Azərbaycan gənci var. Onlar kimliklərini, hardan gəldiklərini bilirlər.


Müəllif: Səxavət Həmid