10 İyun 2018 09:34
3 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Özümü gözəl saymıram. Əgər kimsə belə düşünürsə, ürəyinə və baxışına qurban. Mənim belə bir fikrim də var: gözəllər bəxtəvər deyil, bəxtəvərlər gözəldir. Yəni qadına gözəl olmaq yox, bəxtəvər olmaq daha vacibdir”.

Şairə İradə Aytel belə düşünür. Teleqraf.com-a onunla müsahibəni təqdim edir.

- İnsan kənardan göründüyü kimi olmaya bilər. Bizə tanımadığımız tərəfləriniz haqda danışardınız.

- Mövlanə demiş, ya olduğun kimi görün, ya da göründüyün kimi ol, amma bəzən bu da mümkünsüzdür. Mən olduğum kimi görünməyə çalışıram. Onda da görənlər göründüyüm kimi olmadığıma görə məni qınayırlar. Axı, xarici görünüşümdə içimdəki o gənc, dəcəl, saf, sadəlövh İradə deyiləm. Bəzən görənlərə asi çıxmağa çalışıram, olduğum kimi - içimdəki İradə kimi görünürəm. Onda da qınaqdan utanıram.

Sizə içimdəki İradədən danışım. Sevirəm o İradəni. Təmizdir, safdır, vicdanlıdır, sevgi doludur. Bəzən kobuddur, səbrsizdir, yaşına uymayan hərəkətlər edir, inanır, güvənir, aldanır...

İradə tənhadır, azad deyil, ruhu buxovdadır, hər ötən gündən, irəliləyən yaşından qorxur. Ona görə qorxur ki, hər irəliləyən gün onu Allahın ən uca mərtəbəsi olan analıq hissindən uzaqlaşdırır... İradə həm mənəvi, həm də fiziki cəhətdən çox sağlamdır, sağlamlığını dilə gətirməkdən, “qadın övladlarının sağlamlığı ilə fəxr etməlidir” qınağından çəkinir.

- Özündənrazı kimi görünürsüz. Bu, sizə çətinlik yaratmır ki?

- Özümdənrazı olmağa haqqım yoxdur. Nəyimdən razılıq edəcəyəm? Vətənə əsgər, anama nəvə verməmişəmsə...

- Sizi ifadə edən ən yaxşı şeiriniz hansıdır?

- Bəxtinə rəngin düşdü,
A bəxtəvər olanım!
Hanı baharın, qışdı?
Dərdi gövhər olanım!
Bu yaz səninki deyil,
Bu qız dünənki deyil,
Çək yazını dara qız,
Qara qız, ay qara qız!

Hanı şirin nağılın,
Hanı balın, noğulun?
Tələ qurdu yığvalın,
Düşdün tara, tora, qız,
Qara qız, ay qara qız!

Gəlinlik libasını
Gözüyolda saçların
Geyindikcə öyün, qız,
Üzündəki naxışlar
Xınasıdı dərdinin
Bəzəyinə söyün, qız.
Şana götür əlinə,
Göynək bağla belinə,
“Telini yan dara, qız!”
Qara qız, ay qara qız!

- Heç ağ yalan danışmısız?

- Danışmışam...

- Nə zaman?...

- Utanıram!

- Nəyə peşimansınız?

- Elə həmin ağ yalana.

- Ən xoşbəxt məqamlarınızda özünüzü kim hesab edirsiniz?

- Bilmirəm xoşbəxtlik necə olur. Bəlkə də bilirəm, çox sevdiyim Ramiz Rövşən demiş, bəlkə də xoşbəxtik xəbərimiz yox.

Xoşbəxt idim onda... Onda özüm idim, bütöv idim, ruhum da, cismim də azad idi, yaşamaqdan zövq alırdım, sabahı düşünmürdüm, sabahdan qorxmurdum. Özümü İradə kimi, sevən, sevilən, bəxtəvər İradə kimi hiss edirdim. Xoşbəxt idim onda... Onda sevirdim!

- Sizi ən çox kimlər əsəbiləşdirir?

- Çox əsəbiləşirəm son zamanlar. Həm də çox həssas olmuşam. İnanın, bəzən elə olur mənə heç bir pisliyi, zərəri dəyməyən birisindən mənfi enerji alıram və yüklənirəm. Bilirəm ki, qarşımdakı insanın neqativ enerjisini özümə çəkirəm, o, yüngülləşir, mənə isə ağırlıq çökür. Özümə söz verirəm ki, mənfi enerji aldığım insan gözümün işığı da olsa, ondan uzaq duracağam. Alınmır. Necə deyim ki, ay Filankəs, mənə yaxın gəlmə... Bu, içimdəki İradəyə aid idi.

İndi iç və çölümü bir arada deyim: dinləyicilik qabiliyyəti olmayan, sözümü kəsən, özünü ağıllı sanıb qarşısındakını aşağılayan, yemək mədəniyyətindən kənar, gigeyenik qaydalara riayət etməyən, fürsətcil, haram adamlar məni əsəbiləşdirir.

Məni qıcıqlandıran hərəkətlərdən biri də sosial şəbəkədə “salam, necəsiz”, “kimsiniz”, “özünüz haqqında yazın”, “siz yazarsınızmı” kimi boşboğazlardır. “Salam, necəsinizi” niyə dedim, adətən boşboğazlar elə edir, əvvəl salam yazır, bir az keçir necəsiz... Bu, o deməkdir ki, “avarayam, çərənləməyə adam axtarıram”. Sözü olan birisi salamdan sonra fikrini yazır.

Mən də sosial şəbəkələrin at oynatdığı bir dövrdə elə adamları ucdantutma əngəlləyirəm və oxucu itirirəm.

- Oxucudan söz düşmüşkən, özünüz üçün hədəf olaraq oxucu kütləsi təyin etmişdinizmi, ya bu proses özlüyündə ortaya çıxır?

- Bunu heç vaxt düşünməmişəm. Axı, mən ədəbiyyatda iddialı deyiləm. Oxucularımı sevirəm. Tanrı onlardan razı olsun, mənə dəyər verirlər.

- Ümumiyyəylə, inanırsınızmı ki, oxucunuz hesab etdiyiniz adamlar sizi yazılarınıza, şeirlərinizə görə sevirlər?

- Gənclər həm yazılarıma, həm şeirlərimə, həm də özümə görə sevirlər. Qadınlar nə yazılarıma görə, nə də şeirlərimə görə sevirlər, onlar ümumiyyətlə məni sevmirlər. Yaşlı kişi oxucularım isə... Çox az adam var ki, məni məhz şeirlərimə görə tanıyıb sevir. Hətta barmaqla sananacaq qədər. İstəyirsiniz məni sevən qadınları ad-ad sayım...

- Əlbəttə, maraqlı olar....

- Anam və bacılarımdan sonra Ulduz xalam, yazıçılar Nüşabə Məmmədli, Aləmzər Əlizadə, Ümbülbanu, oxucum Ayan Ağayeva başqası yadıma gəlmədi.

- Eşitdiyimizə görə, bir vaxt intihara cəhd etmişiniz. Səbəb nə idi?

- Yeniyetmə olanda valideynlərim, gəncliyimdə isə taleyim məni incitmişdi. Bu barədə yazmışdım. Ölüm sanki nazlı bir mələk kimi qanadlarına səsləyirdi məni. Gəncədə təkotaqlı evdə yaşayırdım. Çılçıraqdan asılan kəndiri və o kəndirdə yellənən özümü görürdüm. Qorxmurdum, çəkinmirdim. Mənə elə gəlirdi, o an həyatımda yaşamadığım ən gözəl, ləzzətli bir an olacaq. O ana can atırdım, o ana tələsirdim.

Və hər dəfə anam gəlirdi gözlərimin qarşısına. Düşünürdüm, anam mənə zəng edəcək, cavab verməyəcəyəm, narahat olacaq, gələcək evimə, qapını açıb tavandan asılan balasını görəndə nə edəcək? Bax, o ananın balasının qatili olmaqdan qorxdum. Bu şeirim də o zamanlar yazılmışdı:

Bir dəli sevdaya düşmüşəm, ana,
İntihar sevdasına!
Amma
Qıymıram sənin ürəyinin bir parçasına,
Qıymıram sənə!
Bax, ana,
Bircə canımnan başqa
heç nəyim yoxdu.
Onu da borcluyam Sən Tanrıma!
Bilirəm, onsuz da qatiləm!
Mənli arzularının,
İstəklərinin,
Sənə verəmədiyim nəvələrinin “qatili”!
İndi də
balanın qatili olmaqdan qorxuram!
Ana!
Sənin ölümünü gözləyirəm!
Başımdakı bu sevdanın xatirinə!
Bağışla!!!

İntihar sevdası ilə gəzdiyim o zamanlar məşhur bir yazıçımız var, mənə tez-tez zəng edib, halımı soruşurdu. Ona danışdım keçirdiyim hissləri. İnanın, gündə beş-altı dəfə mənə zəng edir, intihardan uzaqlaşdırmağa çalışırdı. Nəhayət, o “sevda”dan qurtuldum...

- Kifayət qədər gözəl qadınsınız. Heç sevgi təklifləri alırsınızmı?

Bir az əvvəl də məşhurlardan danışdınız, cəmiyyətə tanınmış adamlardan, belə desək, məşhurlardan sizə belə təklif gəlibmi?

- Özümü gözəl saymıram. Mənim belə bir fikrim var: gözəllər bəxtəvər deyil, bəxtəvərlər gözəldir. Yəni qadına gözəl olmaq deyil, bəxtəvər olmaq daha vacibdir. Qadın bilirsiz necədir, içi gülürsə, səadətdən gözləri parlayırsa, deməli, o, gözəldir. Həyatımın bir neçə ayını mən də gözəl olmuşam.

O qadın ki bəxtəvərdir, özünü gözəl sanır, ətrafdakılar da onu gözəl görəcək. Qadın cəmiyyətə özünəinamla, arxayınlıqla, komplekssiz çıxırsa, hamı ona inanacaq, gözəl qəbul edəcək.

Sevgi təklifləri alıram. Maraqlısı budur ki, məni sevənlər, həqiqətən saf sevgiylə sevənlər ya məndən qat-qat kiçik olur, ya da böyük. Balacaların səmimiyyətinə inansam da qarşılıq vermərəm, böyüklərə də acığım tutur. Qaldı tanınmışlara, olub, adını demərəm, yaxşı deyil.

- “Qanlı öpüşlər”, “fahişə mələk”, “nuş edin bədənimi”... Şeirlərinizdə belə qəribə ifadələr var...

- “Qanlı öpüşlər” şeirim sevgilisi tərəfindən aldadılan bir qadının iztirabından bəhs edir. O qadın mən də ola bilərəm. Oradakı qadın içindəki yaraları sevgilisinin qanı ilə sarımağa çalışır. “Fahişə mələk” də bir qadın taleyinə həsr olunub. Əslində mələk kimi saf olan gənc bir qızın başına gələn faciələrdən bəhs edir. Orada qadının deyil, bəzi kişilərin fahişəliyini göstərməyə çalışmışam.

Mənim bir şeirim belə başlayır: “Bax, indi bayaqdan bəri arxamca sürünən bu bahalı maşına əyləşəcəm”. Varlı kişilərin bir qadının taleyi ilə necə oynadığını, o qadın boyda günaha batdığını deməyə və o yolla gedən qadınların gözünü açmağa çalışmışam.

Bəzi dırnaqarası oxucular o şeirdən sonra yazdılar ki, İradə bahalı maşına minib, otelə gedib... Düzdür, üzülürəm belə fikirləri eşidəndə, həm də vecimə deyil. Məni başa düşən, anlayan beş nəfər oxucu varsa, nə xoş mənə...

“Bədənimi nuş edin” bir şeirimin misrasıdır. Ruhu sevilməyən bir qadın bədəninin gərəksiz olduğunu düşünmüşəm orada. İradə Aytelin üsyanıdır bu şeir...

- İlk şeirinizi nə vaxt yazmışdınız, xatırlayırsızmı?

- Üçüncü sinifdə oxuyurdum, Azər adında bir oğlan sinfimizə gəldi. Səkkizinci sinifdə oxuyanda oradan biz başqa yerə köçdük və bir daha qarşılaşmadıq onunla. Azərə yazmışdım ilk şeirimi, onun adının baş hərflərindən quraşdırmışdım. Ağlıma gələni...

- Ədəbiyyat adamlarını sənətin digər sahələrindən fərqləndirən əsas xüsusiyyət nədir? Belə fikir var ki, Tanrının özü ədəbiyyat adamlarının beynində və barmaqlarındadır.

- Məncə, ədəbiyyat adamları elə sənin, mənim, onun kimi sıradan olan adamlardır. Dahilər isə fərqlidir, onlar Tanrının izini yaşadan insanlardır.

- İradə xanım, sizcə, bizim reallıqda yazar uğur qazanmaq üçün nə etməlidir?

- Uğur qazanmaq üçün ədəbiyyatda iz qoyan, tarixə düşən nəsə yazmalısan. Tanınmağın, məşhurlaşmağın yolları isə tamam fərqlidir. Ədəbiyyatda tanınmaq üçün qadınlar bəzən hansısa kişinin “qəlbindən”, kişilər isə ucuz kafelərdəki araq məclislərindən keçir. Deyəcək sözüm çoxdu. Amma hələ ki bu barədə susacam...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər